Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
ETN GEOLOGİYA İNSTİTUTUNDA ÜMUMDÜNYA ŞƏHƏRSALMA FORUMUNUN 13-CÜ SESSİYASI ÜZRƏ NÖVBƏTİ SEMİNAR KEÇİRİLİB
Tədbiri giriş sözü ilə açan İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası sədrinin müavini Reyhan Qaraşova World Urban Forum dünyanın ən nüfuzlu platformalarından olduğunu və şəhərlərin gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsində mühüm rol oynadığını nəzərə çatdırıb. Daha sonra məruzə üçün sözü Yerin radioaktiv sahələri şöbəsinin mühəndisi Xəyal Kərimliyə verib.
Məruzəçi “Yaşayış yerlərində radon təhlükəsizliyinin təminedilmə prinsipləri” mövzusunda reallaşdırdığı təqdimatında bildirib ki, müasir memarlıq və şəhərsalma prosesində binaların daxili mühitində toplanan təbii radioaktiv qaz olan radonun səviyyəsinə nəzarət edilməsi sağlam yaşayış mühitinin formalaşdırılması üçün vacib şərtdir. radon rəngsiz və qoxusuz qaz olduğu üçün onun mövcudluğu yalnız xüsusi cihazlar vasitəsilə müəyyən edilir. Bu baxımdan mütəmadi monitorinqlərin keçirilməsi qaçılmazdır.
Məruzəçi həmçinin bir sıra preventiv tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb: tikinti aparılacaq ərazinin geoloji və radioekoloji xüsusiyyətlərinin öyrənilməsi; binaların layihələndirilməsi zamanı effektiv təbii və süni ventilyasiya sistemlərinin nəzərə alınması; binaların zirzəmi və bünövrə hissələrində radon əleyhinə xüsusi membran və izolyasiya materiallarının tətbiqi və s.
Xəyal Kərimli eləcə də Azərbaycanın müxtəlif coğrafi və geoloji zonalarında aparılan tədqiqatların nəticələrini bölüşərək, radioaktiv sahələrin xəritələşdirilməsinin şəhərsalma planlaması üçün strateji əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, “Memarlıq və Şəhərsalma ili” çərçivəsində görülən işlər gələcəkdə radioloji təhlükəsizlik normalarının inşaat sektoruna daha dərindən inteqrasiya olunmasına zəmin yaradacaq.
Tədbir mövzu ətrafında sualların cavablandırılması və gələcək birgə tədqiqat imkanlarının inkişaf etdirilməsi məsələləri ilə bağlı mülahizələrlə yekunlaşıb.