
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
OTMANBOZDAĞ PALÇIQ VULKANI YENİDƏN PÜSKÜRÜB
Oktyabr ayının 11-i səhər saat 08:27-də dünyanın ən böyük palçıq vulkanlarından biri olan Otmanbozdağ yenidən aktivləşib. Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları - yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov və elmi işçi Elnur Baloğlanov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə vulkan sahəsində vizual müşahidələr aparıblar.
Aparılmış ilkin tədqiqatlar göstərib ki, indiyədək 10 dəfə püskürmüş bu vulkanın 11-ci aktivliyi zamanı təxminən 1000 metrə çatan güclü alovlanma və orta qalınlığı 1,5 metr olan palçıq örtüyünün ətrafa yayılması müşahidə olunub. Üç ayrı fazada baş verən və ümumilikdə 25 dəqiqə davam edən püskürmə nəticəsində iri həcmli vulkan palçığı eruptiv mərkəzdən konsentrik şəkildə yayılıb.
Qeyd edək ki, vulkanın 2018-ci il püskürməsi də güclü alovlanma və uzunluğu 3,2 km olan palçıq axını (püskürmə mərkəzindən yamaca doğru uzanan) ilə müşayiət olunmuşdu.
Hazırda GGİ əməkdaşları vulkan sahəsində daha ətraflı tədqiqatlar aparırlar. İctimaiyyətə nəticələrlə bağlı əlavə məlumat veriləcək.