Seminarlar


“Cənubi Xəzər Hövzəsinin istilik sahəsinin tədqiqinin tətbiqi məsələləri” mövzusunda ümumrespublika elmi seminarı

25.05.2011


 
25 may 2011-ci il tarixində AMEA-nın Geologiya İnstitutunun akt zalında “ Cənubi Xəzər Hövzəsinin istilik sahəsinin tədqiqinin tətbiqi məsələləri ” mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.
 
 
Məruzəçi: g.-m.e.n. A.Ş. Muxtarov (AMEA Gİ)
 
 
Məruzədə üç tətbiqi məsələyə baxılır: 1) Hövzənin termal inkişaf modeli və neft-qaz əmələgəlmə zonaları; 2) Palçıq vulkanlarının yerin daxili istiliyinin səthə daşınmasında rolu; 3) Quyu temperaturları və iqlim dəyişmələri.

 
1) Hövzənin termal inkişaf modelinin köməyi ilə hesablanmış temperaturlardan istifadə etməklə Lopatinin metoduna əsasən temperatur-zaman (TTİ- time temperature index) indeksləri hesablanır. Bununla birlikdə hövzənin geoloji inkişaf tarixinin və sedimentasiya sürətiinin diaqramları qurulur. Neft əmələ gəlməsi zamanı hövzədə baş verən geoloji, geokimyəvi və geofiziki proseslər kompleks şəklində modelləşdirilirsə, bu modellər hövzə modelləri adlanır. Hövzənin termal inkişaf modeli isə TTİ indekslərinin sərhəd qiymətləri əsasında hövzədə neft və qazın əmələ gəlməsi üçün termal şəraitin mövcud olduğu zonaları müəyyən etməyə imkan verir.
Beləliklə, Cənubi Xəzər hövzəsinin termal inkişaf modellərinin köməyi ilə burada 4-9 km dərinliklərdə neft, 15 km-ə qədər isə qaz əmələ gəlməsi üçün temperatur şəraitinin mövcud olduğu aşkarlanmışdır.

 
2) Palçıq vulkanlarında aparılan geotermik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, palçıq vulkanlarının geniş yayıldığı Cənubi Xəzər hövzəsində regional istilik selinin orta qiyməti dünya üzrə orta qiymətdən aşağı olsa da, vulkanların krater zonasında istilik sahəsinin lokal anomaliyaları müşahidə olunur. Bu anomaliyalarda itlik selinin fona nisbətən 1000 dəfələrlə yüksək qiymətləri müşahidə olunur. Bu tipli lokal istilik anomaliyalarının palçıq vulkanları ilə və əsasən müxtəlif tipli tektonik pozulmalarla və s. əlaqəli olduğu instrumental yolla təsdiq edilmişdir və bu anomaliyaların yaranma mexanizmi öyrənilmişdir. Yer qabığında istilik daşınma proseslərinin palçıq vulkanlarının fəaliyyəti ilə əlaqəsi öyrənilmiş və bu obyektlərin istilik selinin paylanmasında rolu aşkarlanmışdır. Palçıq vulkanı kanalı vasitəsilə istilikdaşınma prosesi modelləşdirilmiş və daşınan flüidlərin sürətindən asılı olaraq temperaturun şaquli istiqamətdə paylanması öyrənilmişdir.

 
3) Son zamanlar qlobal istiləşmə problemi dünya alimlərini ən çox məşğul edən problemlərdən birinə çevrilmişdir. Bu sahədə ən dəqiq instrumental üsullardan biri quyu temperaturlarının köməyilə iqlim dəyişmələrinin öyrənilməsidir. Işin çətinliyi bundadır ki, bu məsələnin həlli üçün xüsusi quyularda yüksək dəqiqlikli (ölçmə intervalı bir neçə metr olmaqla və 0.010C dəqiqliklə) temperatur ölçülərinin aparılması tələb olunur. Son illərdə quyularda ölçmə aparmaq imkanı olmadığına görə 1980-cı illərdə aparılımış quyu ölçmələrinin nəticələrindən ən dəqiq olanları (Qaraca 16, Qamıqaya 14 və Dəlməmmədli 201) seçilmiş və onlardan bu məqsədlə istifadə olunmuşdur.
Quyu temperaturlarının səthdəki iqlim temperaturlarına inversiyası (çevrilməsi) üçün Kanada alimləri A.E.Bek və P.Y. Şen tərəfindən hazırlanmış proqramdan istifadə olunmuşdur. Aparılan tədqiqatlar göstərir ki, son iki yüzillikdə Azərbaycan iqlimində 1-20C istiləşmə baş vermişdir ki, bu da dünyanın başqa regionlarında alınan nəticələrlə üst-üstə düşür.