Xəbərlər


İŞĞALDAN AZAD EDİLMİŞ RAYONLARIMIZDA SEYSMİK STANSIYALARIN QURULMASI PLANLAŞDIRILIR

 
29 dekabr 2020-ci il

AMEA-nın Yer Elmləri Bölməsi (YEB) və akademiyanın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə iclası keçirilib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə onlayn baş tutan iclasda YEB-in və RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, mərkəzin müvafiq şöbələrinin rəhbərləri və mütəxəssislər iştirak ediblər.

İclasda mərkəzin 2020-ci il üzrə elmi və elmi-təşkilatı fəaliyyətinə dair yekun hesabatı dinlənilib.

Hesabatı təqdim edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bildirib ki, cari ildə Nazirlər Kabinetinin pandemiya dövründə fəaliyyətinə icazə verilən dövlət əhəmiyyətli qurumlar siyahısında Respublika Seysmoloji Xidmət Mərkəzi də olduğu üçün müəssisə işini sanitar-epidemioloji qaydalara riayət etməklə fasiləsiz davam etdirib. Nəticədə mərkəzin fəaliyyətində hər hansı bir geriləmənin olmadığını deyən Q.Yetirmişli hesabat ilində dövlət qurumları tərəfindən RSXM-ə daxil olan sənədlərdə əksini tapan məsələlərin həllini tapdığını söyləyib.

2020-ci ilin Azərbaycan tarixinə işğal olunmuş torpaqlarımızın azad edilməsi - Zəfər ili kimi daxil olduğunu deyən alim bu münasibətlə bütün xalqımızı və tədbir iştirakçılarını təbrik edib.

RSXM-nin əməkdaşlarının da Vətən müharibəsində iştirak etdiklərini deyən baş direktor “Saatlı” stansiyasının əməkdaşı, baş leytenant Sadiq Haxıyevin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildiyini vurğulayıb. Müharibə dövründə Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat, RSXM-nin Həmkarlar Təşkilatı tərəfindən isə 1000 manat ianə edildiyini qeyd edən baş direktor, həmçinin mərkəzdə çalışan hərbçi və şəhid ailələrinin diqqətdə saxlanıldığını, onlara müvafiq maddi yardım göstərildiyini bildirib.

Daha sonra məruzəçi elmi-tədqiqat işləri haqqında danışıb. Qeyd edib ki, 2020-ci ildə RSXM-nin seysmik stansiyaları tərəfindən 3579 yerli zəlzələ, Azərbaycan və ona bitişik ərazilərdə 6604, mərkəzin Monitoriq Mərkəzi tərəfindən isə 2301 uzaq zələlə qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə bu günə qədər ml> 3-dən yuxarı olan 74 zəlzələ baş verib. Azərbaycan və ona bitişik ərazilərdə qeydə alınan zəlzələlərdən 20-nin hiss olunduğunu bildirən Q.Yetirmişli respublika ərazisindəki seysmiklik və bu istiqamətdə aparılan kompleks tədqiqatlar haqqında da məlumat verib.

Bildirib ki, hazırda respublika ərazisində 62 stansiya vasitəsi ilə tədqiqatlar aparılır. Onun sözlərinə görə, 2021-ci ildə daha 22 stansiya quraşdırılacaq və bununla stansiyaların sayı 84-ə çatdırılacaq. Qeyd olunub ki, RSXM-nin 2021-ci il planına işğaldan azad edilmiş rayonlarımızda seysmik stansiyaların açılması məsələsi də artıq salınıb. 2021-ci ildə Şuşa və Cəbrayılda, 2022-ci ildə Kəlbəcər və Qubadlı rayonlarında seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur. Məruzəçi vurğulayıb ki, növbəti illərdə Zəngilan, Laçın, Xocavənd, Tərtər (Talış kəndi), Ağdərə və Xankəndində seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur ki, bununla da RSXM tərəfindən respublika ərazisində seysmik müşahidələri tam şəkildə aparmaq mümkün olacaq.

İclasda, həmçinin mərkəzdə aparılan geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar zamanı alınmış nəticələr də təqdim edilib. Mərkəzin beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq məsələləri, operativ informasiya təminatı və mətbuatla əməkdaşlığa dair görülən işlər də diqqətə çatdırılıb. Bildirilib ki, mərkəzin İnformasiya şöbəsi aktiv fəaliyyətinə görə, AMEA-nın Yer Elmləri Bölməsi tərəfindən “Fəxri fərman”la təltif edilib.

Sonra akademiklər İbrahim Quliyev, Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvü Çingiz Əliyev və digərləri çıxış edərək hesabatla bağlı öz fikirlərini bölüşüblər.

Sonda hesabat yekdilliklə qəbul olunub.