Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA YENİ TOPLU NƏŞR EDİLİB


 07 oktyabr 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadənin elmi koordinatorluğu ilə müəllif kollektivi “2020-2030-cu illər üçün geologiya və geofizika sahələrində elmlər doktorları və fəlsəfə doktorlarının hazırlanması proqramları üzrə prioritet tədqiqat istiqamətləri və aktual mövzular” toplusu nəşr edilmişdir. GGİ Elmi Şurasının qərarı ilə Azərbaycan, rus və ingilis dillərində hazırlanmış toplu “Nafta-Press” nəşriyyatında çap olunub.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu Milli Elmlər Akademiyasının ən böyük elmitədqiqat müəssisəsi kimi 75 il ərzində ölkə ərazisinin geoloji quruluşunun və yeraltı sərvətlərinin öyrənilməsi üzrə tədqiqatlarla həm fundamental, həm də tətbiqi məsələlərin həllində, Azərbaycanın mineral-xammal bazasının yaradılması və möhkəmləndirilməsində işində mühüm rol oynayıb. Bu elm müəssisəsi geoloq və geofiziklərinin elmi nailiyyətləri dünya geologiya və geofizika elmini əhəmiyyətli dərəcədə zənginləşdirib.

İnstitutun durektoru akademik Akif Əlizadə yeni nəşrin əhəmiyyəti barədə danışarkən deyib: ”Ümid edək ki, XXI əsr geologiya və geofizika sahələrində də yeni kəşflər və nailiyyətlər dövrü olacaq. Bəşəriyyətin bütün fəaliyyət sahələrini əhatə etmiş qloballaşma insan resursları, kapital və yeni texnologiyaların möhtəşəm inteqrasiyasına gətirib çıxarıb. Bu baxımdan elm, o cümlədən geoloji-geofiziki elmlər axtarışlar və araşdırmaların daim yeni istiqamətlərini müəyyənləşdirməklə nəticədə inqilabi dəyişilmələrə rəvac verir.

Ümumiyyətlə, son onilliklərdə elmdə konvergentlik ideyası, başqa sözlə, elmi fənlərin və texnologiyaların yaxınlaşması, qovuşması, şübhəsiz, onların qarşılıqlı tətbiqi fundamental və praktiki elmi tədqiqatların prioritet inkişafından ibarətdir. Bu aspektdə Geologiya və Geofizika İnstitutunun qarşısında olduqca mühüm vəzifə  fənlərarası elmi məkanda səmtləşə bilən, dünyanı olduğu kimi bütöv dərk və qəbul edən bacarıqlı gənc mütəxəssislərin yetişdirilməsi durur. Bu mürəkkəb problemin həlli yalnız müasir elmi baza və dövlətimizi inkişaf etmiş dünya səviyyəsində təmsil edə biləcək, qloballaşma prosesində Azərbaycanın aktiv iştirakına yardım göstərəcək müvafiq elmi məktəblərin yaradılması ilə reallaşa bilər.

Nəhayət, bütün bunlar o deməkdir ki, gənc alimləri tələbəlik illərindən böyük diqqət və qayğı ilə hazırlamalı və onlara tədqiqat işlərində aktiv və məhsuldar fəaliyyət üçün imkanlar yaradılmalıdır. Məhz bu məqsədlə 2020-2030-cu illərdə İnstitutumuzun nəzdində doktorantura və dissertanturaya daxil olmağı arzulayanlar üçün elmlər doktoru (Sc.D) və fəlsəfə doktoru (Ph.D) proqramları üzrə dissertasiya mövzuları qismində aktual elmi-tədqiqat işlərinin siyahısını hazırlamışıq”.