Xəbərlər


GGİ-nin GƏNC ƏMƏKDAŞI CƏBHƏYƏ YOLA SALINDI

 
05 oktyabr 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadə başda olmaqla bu elmi müəssisə kollektivinin nümayəndələri Geoloji mühitin radiometriyası şöbəsinin əməkdaşı Xəyal Kərimlini fəxrlə cəbhəyə yola salıblar.

Akademik Akif Əlizadə işğalçı Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri təxribatları şiddətlə pisləmiş, düşmənə ciddi müqavimət göstərildiyini, eyni zamanda düşmən nəzarətində olan torpaqlarımızın hissə-hissə geri alındığını fərəhlə vurğulamışdır. Alim deyib: ”Ali Baş komandan İlham Əliyevin prinsipial mövqeyi və uzaqgörən siyasəti nəticəsində qələbə müjdəsi alacağımız gün uzaqda deyil. Sevindirici haldır ki, Azərbaycan cəmiyyəti bu gün yekdillik göstərir və bu mürəkkəb şəraitdə öz siyasi və hərbi liderinin ətrafında sıx birləşir. Cəbhəyə könüllü yola düşmək istəyənn minlərlə vətəndaşın arzusu da buna sübutdur. Bu gün Vətən torpağını azad etmək üçün yola saldığımız həmkarımız Xəyal Kərimli kimi gənclər bizim gələcəyimiz və qürurumuzdur”.

27 yaşlı Xəyal Kərimli Şirvan şəhərində anadan olmuşdur. Azərbaycan Milli Ordusu sıralarında xidmət etmiş, 2016- cı ilin Aprel döyüşlərində fəal iştirak etmişdir. Sonra BDU-nun geologiya fakültəsini bitirərək GGİ-də sevimli peşəsinə uyğun işə başlamışdır. Arzusu təhsilini davam etdirmək olsa da, hazırda düşmən nəzarətində olan torpaqlarımız uğrunda döyüşməyə üstünlük vermişdir.

Akademik Akif Əlizadə kollektiv adından Xəyal Kərimliyə uğurlar və cəbhədən qələbə ilə qayıtmağı arzulamışdır. Həmçinin müharibə bitdikdən sonra təhsilini davam etdirmək üçün ona hər cür dəstək verəcəyini söyləmişdir.

Doğma kollektivin çox mehribanlıqla yola saldığı gənc geoloq iş yoldaşlarından ayrılarkən bildirmişdir: “Mehriban münasibət və qayğınız üçün çox sağ olun. Əmin ola bilərsiz ki, qələbə bizimlədir!”