Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA NÖVBƏTİ DƏFƏ DEZİNFEKSİYA İŞLƏRİ APARILIB


 22 iyun 2020-ci il

Azərbaycanda koronavirus xəstəliyinin qarşısının alınması, xüsusən də pandemiyanın ikinci dalğasının baş verməməsini təmin etmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 virusuna qarşı mübarizə tədbirlərinin tələblərinə uyğun olaraq AMEA-nın Geologiya və Geofizika İnstitutunda (GGİ) növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Əməkdaşların çalışdığı iş otaqları, laboratoriyalar, kitabxana, akt zalları, muzey, bütün mərtəbələrin dəhlizləri və mərtəbələrarası sahələr əsaslı surətdə dezinfeksiya olunub.

Xatırladaq ki, bu günə qədər institut əməkdaşlarının binaya istisnasız olaraq tibbi maskada daxil olmaları və hərarətlərinin ölçülməsi, spirt tərkibli maddələrdən istifadə, sosial məsafəyə riayət etmələri ciddi nəzarət altında olub.

İnstitutda fəaliyyət göstərən iki informasiya monitorunun hər birində dünyada və ölkəmizdə pandemiyanın hazırkı səviyyəsi, virusun insan sağlamlığına və həyatına yaratdığı təhlükə, yayılma səbəbləri, ciddi karantin rejiminin qayda və tələblərinə əməl olunması ilə bağlı maarifləndirmə xarakterli məlumatlar foto, video və infoqrafika şəklində yerləşdirilib və bu informasiyalar mütəmadi olaraq yenilənir.

İnstitut rəhbərliyi elmi müəssisədə antivirus xarakterli tədbirlərin ardıcıl aparılacağını diqqətə çatdırıb.