Xəbərlər


GGİ-də YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI


23 oktyabr 2019-cu il

GGİ-də “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının yaxın perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-müxbir üzvü Dadaş Hüseynov mövzunun aktuallığını vurğulayıb və məruzə üçün sözü g.-m.e.n. Şahbəddin Musayevə (“AzerGold”QSC)verib.

Mərüzəçi “AzerGold” QSC-nin əlvan və nəcib metal yataqları kəşfiyyatının qiymətləndirilməsi, istismara cəlb edilməsi, dağ-mədən sənayesinin yaradılması və inkişafı istiqamətində görülən işlərdən danışıb.

Ş.Musayev bildirib ki, Azərbaycan ərazisi əlvan metal filizi yataqları ehtiyat və proqnoz resurslarının toplam potensialı baxımından Qafqaz regionunda önəmli yer tutur. Böyük və Kiçik Qafqaz regionlarında, həmçinin Naxçıvan MR ərazisində nəcib və əlvan metal yataqlarının kəşfiyyatı, yüksək resurs potensiallı sahələrin beynəlxalq standartlar səviyyəsində qiymətləndirilməsi, dağ-mədən sektorunun dayanıqlı inkişafını təmin edəcək mineral-xammal bazasının yaradılması, səmərəli və yüksək ekoloji standartlar səviyyəsində istifadəsi strateji hədəfdir. Respublika ərazisində məlum nəcib və əlvan metal yataqları ehtiyatlarının, yeni perspektiv sahələrin resurs potensiallarının maliyyə tutumları, onların yer təkindəki çıxarıla bilən və dünya bazarındakı rəqabətqabiliyyətli qiymətlərinin analizi əsas fəaliyyətin tərkib hissəsidir. Bu əsasda yaxın gələcəkdə istismara cəlb ediləcək yataqların Dövlətin iqtisadi potensialına qatqısı planlaşdırılır.

Məruzəçi həmçinin seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Mövzu ətrafında çıxış edən alimlər məruzəçinin əhatəli elmi izahını yüksək qiymətləndiriblər.

GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov maraqlı məruzə üçün seminar iştirakşıları və İnstitut kollektivi adından Şahbəddin Musayevə təşəkkür edib.








 
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]