Xəbərlər


GGI-də ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


 13 mart 2019- cu il

Geologiya və Geofizika İnstitutunda (GGİ) yer elmləri sahəsində ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB.

GGİ-nin elmi işlər üzrə direktor müavini AMEA-nın müxbnir üzvü Dadaş Hüseynov seminarı açaraq bildirib ki, elmi tədbirin mövzusu “Mantiyalı qızıllılıq və Kiçik Qafqazın (Azərbaycan hissəsi) qızıl filizi yataqlarının təsnifatına həsr olunacaq. Sonra İnstitutun Petrologiya şöbəsinin rəhbəri akademik Arif İsmayılzadə elan olunmuş mövzuda təqdimat keçirib.

Akademik bildirib ki, mövcud nəşrlərə əsasən, Kiçik Qafqazın filiz-maqmatik sistemləri geodinamik konvergent və kolliziya rejimlərinə uyğun olan iki tektonik-maqmatik mərhələdə formalaşmışdılar. Filiz-maqmatik sistemlərin metallogenik profilində dəfələrlə tektonik-maqmatik aktivləşmə proseslərində müxtəlif filiz, o, cümlədən qızıl filizi yataqlarının geoloji-genetik modellərinin formalaşması müşahidə edilir. Qızıl filizi yataqlarının müxtəlif tiplərinin təhlili (nəşr edilmiş məlumatlar və Cənubi Uralın analoji kompleksləri ilə müqayisəsi nəzərə alınmaqla) əsasında, onların genetik xüsusiyyətlərini, mineral tərkibini və metamorfogen çevrilmələrini əks etdirən, Kiçik Qafqazın qızıl filizi yataqlarının yeni təsnifatı işlənilmişdir. Aparılan tədqiqatlar nəticəsində qövsarxası spredinqlərlə mürəkkəbləşmiş Zaqafqaziya massivinin adaqövsü sistemlərini təmsil edən Lök-Qarabağ / Qafan, Göyçə-Həkəri və Ordubad struktur-formasiya zonalarının metallogenik zolaqları filiz komplekslərinin təzahür etməsində politsiklik və polixronluğu əks etdirən, başlıca geoloji-genetik tiplər ayrılmışdır.

A.İsmayılzadə sonra bu tipləri xarakterizə etmişdir. Nəticə kimi diqqətə çatdırılmışdır ki, Kiçik Qafqazda ayrılmış qızıl filizi yataqlarının geoloji-genetik tipləri qövsarxası spredinqlərlə mürəkkəbləşmiş Zaqafqaziya ada qövsü sistemində müxtəlif struktur-formasiya zonalarını yaratmışdır ki, onların qızıllılığı mantiya-qabıq intruzivlərinin polingen əriməsi ilə şərtlənmiş, minerallaşması qızılsaxlayan intruziv komplekslərin yerləşdirici süxurlara singenetik termal təsiri – törəmə kvarsitlərin əmələ gəlməsi və gömülmüş dehidratlaşmış hiperbazit lövhəsindən ekstragirləşmiş epigenetik hidrotermal qızılla əlaqədardır.

Tədimata aid çoxsaylı suallar cavablandırılandan sonra “AzerGold” QSC-nin departament rəhbəri Şahbəddin Musayev Kiçik Qafqaz və ayrılıqda Azərbaycan ərazisində filiz yataqlarında qızıllılıq mülahizələrinə dair düşüncələrini bölüşüb.

Seminar GGİ-nin elmi işlər üzrə direktor müavini Dadaş Hüseynovun yekun çıxışı ilə sona çatıb.






GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]