Xəbərlər


GGİ MƏTBUAT ORQANLARINI FƏXRİ FƏRMANLARLA TƏLTİF EDİB

 
22 noyabr 2018-ci il

AMEA Geologiya və Geofizika İnstitutunda ölkənin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” təşkil edilib. Əsas məqsəd Geologiya və Geofizika İnstitutunun 80 illik yubiley tədbirləri çərçivəsində jurnalistlərlə görüşmək, fikir mübadiləsi aparmaq, eləcə də GGİ-nin elmi fəaliyyətini müntəzəm işıqlandırdığına görə onların təmsil olunduqları qurumları fəxri fərmanlarla təltif etmək olub.

Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov GGİ-nin fəaliyyət tarixi və əsas elmi istiqamətlərindən söz açıb. Bildirib ki, 80 il ərzində müəssisə bir sıra mühüm nailiyyətlər əldə edib, ölkə elminə əhəmiyyətli töhfələr verib.

Alim vurğulayıb ki, İnstitut uzun illər ərzində geoloji elmlərin inkişafında, respublika ərazisinin geoloji quruluşunun, geodinamik şəraitinin, palçıq vulkanizminin və geoloji proseslərin riyazi modellərinin öyrənilməsi sahəsində fundamental və tətbiqi məsələlərin həllində böyük rol oynayıb.

D.Hüseynov Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən “Azərbaycanın palçıq vulkanları Atlası”nın hazırlandığını, qurumun bir neçə aliminin fəxri fərmanlar və müxtəlif dövlət mükafatları ilə təltif olunduqlarını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva dünyada elm və texnikanın inkişafı ilə elmi informasiyaya tələbatın daha da artdığını qeyd edərək, bu gün cəmiyyətin elmi mövzuları böyük maraqla izlədiyini bildirib.

Ü.Rzayeva elmin populyarlaşdırılması və təbliğinin yüksək səviyyədə həyata keçirilməsinin önəmliyini vurğulayaraq, bu sahədə mövcud problemlərə də toxunub və həmkarlarına uğurlar arzulayıb.

Tədbirdə institutun Petrologiya şöbəsinin rəhbəri, akademik Arif İsmayılzadə, Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli və başqaları çıxış edərək Geologiya və Geofizika İnstitutunun KİV ilə hər zaman sıx əməkdaşlıq etdiyini, qurumun fəaliyyətinin mətbuat orqanlarında geniş şəkildə işıqlandırıldığını qeyd ediblər.

Daha sonra respublika qəzetlərinin, informasiya agentliklərinin, televiziya kanallarının, AMEA-nın science.gov.az portalının, “Elm” qəzetinin, ElmTv İnternet televiziyasının nümayəndələrinə fəxri fərmanlar təqdim olunub.

Sonda çıxış edən mətbuat təmsilçiləri Geologiya və Geofizika İnstitutunun rəhbərliyinə KİV nümayəndələrinə göstərdikləri dəstək və diqqətə görə təşəkkür edərək bu elm ocağı ilə hər zaman əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

















www.science.gov.az