Xəbərlər


AZƏRBAYCANIN PALÇIQ VULKANLARI MONQOLUSTAN ALİMLƏRİNİN MARAĞINA SƏBƏB OLUB


6 iyun 2018-ci il

Monqolustan Respublikası Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfər çərçivəsində bir sıra görüşlər keçirib .

Duqer Reqdel və Monqolustan Elmlər Akademiyası Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Çuluun Sampildondov, Monqolustanın Ankaradakı səfirliyinin I katibi Solonqa Batsaixan Ələt qəsəbəsində yerləşən Daşgil palçıq vulkanı ərazisində olublar. Qonaqları AMEA Geologiya və Geofizika İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri, professor Adil Əliyev və AMEA Rəyasət Heyətinin “Xarici ölkələrin akademik qurumları ilə əlaqələr” şöbəsinin rəhbəri Bünyamin Seyidov müşayət ediblər. Professor Adil Əliyev Azərbaycanda mövcud olan palçıq vulkanları, onların öyrənilməsi haqqında ətraflı izahat verib.Monqolustanlı qonaqlar vulkanlara və onların təzahürünə böyük maraq göstəriblər.

Daha sonra qonaqlar Qobustan dövlət tarix-bədii qoruğunda maddi-mədəniyyət qalıqları və digər eksponatların saxlandığı muzeyə baş çəkiblər. Azərbaycan ərazisində qədim yaşayış məskəninin mövcudluğu, qədim insanların məşğuliyyəti, həyat tərzləri haqqında təsəvvür yaradan qayaüstü rəsmlərlə tanış olan qonaqlar ölkəmizin zəngin tarixə və mədəniyyətə malik olduğu barədə maraqlı məlumatlar əldə ediblər.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi.

Əlaqə: 050 370 88 44; (012) 539 39 62
[email protected]