Xəbərlər


AMEA ELMİ MÜƏSSİSƏLƏRİNİN ƏMƏKDAŞLARI ÜÇÜN NƏŞR STRATEGİYASI MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB


 3 may 2018-ci il.

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə mayın 2-də "Clarivate Analytics (Thomson Reuters)" agentliyi tərəfindən akademiyanın elmi müəssisələrinin əməkdaşları üçün iki günlük seminar başlayıb.

Mərkəzi Elmi Kitabxanada keçirilmiş tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev açaraq iki qurum arasında əməkdaşlıqdan və bu istiqamətdə aparılacaq işlərdən danışıb.

Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, "Clarivate Analytics" agentliyinin Azərbaycan üzrə nümayəndəsi və elmi-informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxışlarında tədbirin əhəmiyyətini vurğulayıblar.

Daha sonra Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, "Biopolymers and Cell" jurnalının redaksiya heyətinin rəhbəri İrina Tixonkova "Tədqiqatçının və elmi müəssisənin nəşr strategiyası" mövzusunda təqdimatla çıxış edib.O, jurnalların seçilməsi və qiymətləndirilməsi üzrə praktik tövsiyələr, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri və digər məsələlərə aydınlıq gətirib.

Seminarın ikinci günü – mayın 3-də İrina Tixonkovanın "Müasir Elmi jurnallar: atributlar, göstəricilər, məqsəd və perspektivlər" adlı məruzəsi təqdim ediləcək. Alim elmi jurnalların yoxlanılması, keyfiyyət və səviyyələrinin qaldırılması istiqamətində praktik tövsiyələr, "Web of Science" bazasına daxil olmaq üçün jurnallar qarşısında qoyulmuş şərtlər və meyarlar, elmi jurnalların əsas elmi və texniki göstəricilərinin təsnifatı (redaktorlar şurası, müəllif, rəyçilər, veb-səhifə, ISSN, doi, elmi bazalarda indeksasiya) və elmi jurnalların biznes modelləri kimi məsələlər üzərində dayanacaq.













GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
539 39 62
050 370 88 44
[email protected]