Xəbərlər


İNSTİTUT ALİMLƏRİ GÜBRƏ ƏLDƏ ETMƏYƏ NAİL OLUBLAR


 13 noyabr 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun bir qrup alimi faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə gübrə əldə olunması üçün yeni texnoloji üsul üzərində tədqiqatlar apararaq uğurlu nəticə əldə edib. Belə ki, dağ-mədən işlərində üzə çıxan tullantılardakı təbii mineral birləşmələr neft sənayesinin tullantılarındakı birləşmələrə əlavə edilib və nəticədə əldə olunan gübrə kənd təsərrüfatında istifadəyə yararlı hala gətirilib. Tədqiqatlara rəhbərlik edən Geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanov qeyd edir ki, nəzərdə tutulan gübrənin əldə olunması üçün azot, fosfor və kaliumun olması gərəkdir ki, bunlar da sözügedən sənaye tullantılarından əldə edilir.

Əldə olunmuş nəticə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübədən keçirilib və hazırda AMEA-nın Yüksək Texnologiyalar Parkında qurğuda testdən keçirilməyə hazırlanır. M.Alosmanov əlavə edir ki, bütün bu işlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan vəzifələrdən irəli gəlir. Belə ki, starteji sənəddə kənd təsərrüfatı istehsalçılarının gübrə, toxum və ting ilə təminatının, aqrar sahədə elmi təminat və kadr hazırlığının daha da yaxşılaşdırılması nəzərdə tutulur. Ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsal arasındakı əlaqələrin gücləndirilməsi, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədi ilə tullantıların zərərsizləşdirilməsi, təkrar emalı, təkrar istifadəsi, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlərin görülməsi də konsepsiyadan irəli gələn vəzifələrdir və sözügedən istiqamətdə tədqiqatların zərurətindən xəbər verir.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]