Xəbərlər


İNSTİTUTUNUN ƏMƏKDAŞLARI GƏNCƏDƏ KEÇİRILƏN BEYNƏLXALQ ELMİ FORUMUN TƏŞKİLİNDƏ VƏ KEÇİRİLMƏSİNDƏ YAXINDAN İŞTİRAK EDİBLƏR

 
18 oktyabr 2016-cı il

Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar, ölkə Prezidenti cənab İlham Əliyev bu il bir sıra beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi haqqında müvafiq Sərəncam imzalamışdı. Bununla bağlı, iyun ayından başlayaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10-14 oktyabr 2016-cı il tarixlərində qədim şəhərdə bu mühüm hadisəyə həsr olunan “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənclərin Beynəlxalq Elmi Forumunun keçirilməsi ilə əlaqədar təşkilati işlərə start verildi.

Yerli və xarici alimlərdən təşkil olunmuş tədbirin Elmi Təşkilat Komitəsinə AMEA-nın prezidenti, akademik Akif Əlizadə sədrlik edirdi. Bundan əlavə, Təşkilat Komitəsində AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov həmsədr, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov üzv və Şuranın elmi katibi Aysel Cəbrayılova elmi katib kimi təmsil olunurdu.

10 oktyabr tarixindən etibarən Beynəlxalq Forum öz işinə başladı. Şəhərin Heydər Əliyev Mərkəzində düzənlənən açılış mərasimində ilk təbrik çıxışını akademik Fəxrəddin Qədirov etdi. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Forum iştirakçılarına salamlarını və müraciətini oxuyan həmsədr “Gəncə şəhəri Azərbaycanın mədəniyyətinin və istiqlal tarixinin formalaşmasında xüsusi yeri olan ikinci böyük şəhərimiz və paytaxtımızdır. Böyük keçmişi olan bu şəhər, demək olar ki, tarixi inkişafının hər bir məqamında nəinki Azərbaycanın, həm də dünyanın mədəni sivilizasiyasına töhfələr vermişdir. Əlbəttə, güman edirəm ki, siz bu Forum çərçivəsində Gəncənin zəngin keçmişi ilə tanış olmaq imkanından yararlanacaqsınız. Gəncə, təkcə keçmişi ilə göz oxşamır, o həm də klassik şəhər üslubunu mühafizə edən müasir bir sənət əsəridir. Düşünürəm ki, Gəncənin 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilməsində toxunduğumuz faktorların rolu heç də az olmamışdır. Belə bir nailiyyətin əldə olunmasında, təbii ki, Azərbaycan Respublikası hökumətinin Gəncəyə olan xüsusisi diqqətinin fonunda, Gəncə Şəhər İcra Hakimiyyətinin göstərdiyi fədakarlıq və gənclərin əməyi xüsusi qeyd olunmalıdır.” qeyd edib. O, həmçinin elmin səviyyəsinin yüksəlməsinin dünya elminə inteqrasiya prosesindən və biliklər mübadiləsindən asılı olduğunu vurğulayıb. “Bunu əsas tutaraq AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası “Gəncə - Avropa Gənclər Paytaxtı 2016”-ya həsr olunmuş “XXI əsrdə Dünya Elminin İnteqrasiya Prosesləri” gənclərin beynəlxalq elmi forumunu keçirmək təklifini irəli sürmüş və bu təklif Rəyasət Heyəti tərəfindən müsbət qarşılanmışdır.” Onun sözlərinə görə, belə elmi forumlar gənclərin bir araya gələrək təcrübə mübadiləsi aparmalarına, elmin aktual problemlərini müzakirə etmələrinə və həll yollarını araşdırmalarına böyük imkanlar yaradır. Digər tərəfdən gənc alimlərin milli innovasiya sisteminin yaradılmasındakı rolu olduqca əhəmiyyətlidir. Bu gün Azərbaycan elmi gəncləşməkdə və yeni uğurlara imza atmaqdadır.

Növbəti çıxış edənlər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, AMEA Gəncə bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, Polşanı və Türkiyəni təmsil edən gənc doktorantlar tədbirin əhəmiyyəti və perspektivlərilə bağlı fikirlərini iştirakçılara çatdırdılar.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov çıxışında qeyd etdi ki, foruma 25 ölkənin 530 gənc alim və mütəxəssisləri müraciət edib. Elmi Təşkilat Komitəsinin ekspertizasına uyğun olaraq 350-yə yaxın gənc tədqiqatçının əsəri qoyulan tələblərə cavab vermiş və qəbul olunmuşdur. Foruma on beş ölkədən 26 gənc alim və mütəxəssis dəvət olunmuş, onların iştirakı təmin edilmişdir.

Türkiyə, Makedoniya, Belarusiya, Rusiya, Polşa, Almaniya, Gürcüstan, Özbəkistan, İran, İraq və digər ölkələrdən, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrindən Foruma təşrif buyuran gənc alimlər tədbirin ilk günündə “Dünyanın inteqrasiya prosesləri və Azərbaycan gəncliyi”, “Qlobal multikulturalizm və Azərbaycan modeli” və “Nizami Gəncəvi irsi: Azərbaycandan dünyaya” adlı üç mövzuda baş tutan interaktiv müzakirələrdə fikirlərini bölüşüblər.

11 və 12 oktyabr 2016-cı il tarixlərində Beynəlxalq Forum öz işini elmi seksiyalar üzrə keçirilən geniş müzakirələrdə davam etdirib. Gəncə Dövlət Universiteti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, AMEA Gəncə Bölməsi və sair yerlərdə 'Üzvi, qeyri-üzvi sintez və tətbiqi kimya', 'Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik', 'Regional inkişaf və demoqrafiya, 'Elmi-tarixi, dini və mədəni sivilizasiyalar, 'Nanotexnologiya və tətbiqi fizika', 'Elektronik riyazi tədqiqatlar və innovasiyalar' ve 'Biotexnologiya və gen mühəndisliyi' panel mövzularda təşkil olunan müzakirələrdə 250-dən çox gənc alim və mütəxəssislərin məruzələri dinlənilib.

Orxan Abbasovun rəhbərlik etdiyi 'Qlobal enerji, ərzaq və ekoloji təhlükəsizlik' panelində İnstitutun “Palçıq vulkanizmi şöbəsinin əməkdaşı, dissertant Elnur Baloğlanov, “Neft və qaz geologiyası və geofizikası” şöbəsinin mühəndisi Leyla Şıxova, II kusr magistrantı Səfiyə Əliyeva və “Geoekologiya” şöbəsinin mühəndisi Ləman İsayevanın tədqat işlərinin nəticələri müzakirə edilərək bəyənilib.

Tədbirin növbəti günündə forum iştirakçıları qədim Gəncənin tarixi-mədəni və ədəbi irsi ilə tanış olmaq məqsədilə şəhərdə yerləşən muzeylərə və digər obyektlərə ekskursiyalar təşkil olunub. Bundan başqa, təşkilatçılar qonaqları və yerli iştirakçıları Göy-göl milli parkı ilə də tanış ediblər.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
[email protected]