Xəbərlər


GEOLOQ VƏ GEOFİZİKLƏR UŞAQLARI MƏKTƏBƏ YOLA SALDI


Sentyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) 15 sentyabr – “Bilik Günü” ilə əlaqədar tədbir keçirilib. İnstitut kollektivinin övladları üçün nəzərdə tutulmuş tədbiri GGİ-nin Həmkarlar İttifaqı Komitəsi (HİK) təşkil edib. Komitənin sədri, institutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev uşaqları salamlayıb və elm ocağı, ümumən elm haqqında qısa və sadə məlumat verib. Alim və elmi müəssisələrin fəaliyyətinin nə qədər maraqlı və önəmli olduğunu izah edən natiq elmə gedən yolların məhz orta məktəblərdən başladığını bildirib. Qeyd olunub ki, uşaqlarla görüşdə məqsəd elmə xidmət edən vətəndaşların ailələrinin sosial təminatının yaxşılaşdırılmasına töhfə verməkdir.

Tədbirin bədii hissəsində uşaqlara peşəkar akytorlar tərəfindən əyələncəli proqramlar təqdim olunub, məntiqi müsabiqələr keçirilib. Azyaşlılar isə maraqlı şeirlər deyib, rəqs edib və digər bacarıqlarını göstəriblər. Sonra şagirdlərə məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim olunub. Çanta, xətkeş, qələm, dəftər və digər vəsaitlər ümumən 55 uşağın könlünü oxşayıb. Onlar arasında 17 nəfər məktəbə qədəmini məhz bu il qoyaraq I sinif şagirdi adını qazanır.

Tədbir şagirdlərə təhsil və elm yolunda arzuları ifadə edən çıxışlar, həmçinin xatirə şəkilləri ilə yekunlaşıb.