Xəbərlər


GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA “GEOMEXANİKA” NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ


2016-cı il may ayının 26 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.

Seminarı layihənin rəhbəri akademik Hətəm Quliyev açdı və giriş sözündə layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söylədi və bu gün “Qazkondensat yataqlarının işlənilməsi prosesinin fiziki və riyazi modelləşdirilməsi” mövzusunda AMEA-nın müxbir üzvü Zöhhak Abbasov, AMEA-nın müxbir üzvü Qərib Calalov, t.e.d. Xasay Feyzullayevin təqdim etdikləri məruzənin müzakirə ediləcəyini qeyd etdi. 


Məruzə üçün söz t.e.d. X.Feyzullayevə verildi.


Qazkondensat  yataqlarının tükənmə rejimində işlənilməsi kifayət qədər kondensat itkisinə  gətirib çıxarır. İstismar quyusu vasitəsi ilə laydan qazkondensat qarışığının hasil olunması zamanı quyudibi zonada yerli hidravlik müqavimət artır və bu da quyudibi təzyiqinin cari orta lay təzyiqindən xeyli aşağı düşməsinə gətirib çıxarır. Quyudibi zonada maye kondensatın çökməsi və toplanması quyuda qarışığın süzülmə müqavimətini artırır və nəticədə, layın işlənilməsi zamanı lay qarışığının quyudibi zonada süzülməsi zamanı yaranan təzyiq itkisi laydan nəinki maye karbohidrogenlərin, həmcinin qazın da yüksək çıxarılma əmsalına çatdırılmasına imkan vermir. Belə halın qarşısının alınması və istismarın səmərəliyinin artırılması üçün laya əsaslandırılmış müxtəlif təsir üsullarının işlənilməsi aktual məsələ olaraq qalır.

Qazkondensat yataqlarının təbii rejimdə işlənilməsi, yatağa və quyudibinə müxtəlif təsir üsulları zamanı işlənilmə göstəricilərinin proqnozlaşdırılması çoxkom¬ponentli süzülmə nəzəriyyəsinə əsaslanan modellərdən (lay fluidlərinin süzülməsi zamanı fazalarınıın fiziki-kimyəvi xassələrini və kütlə mübadiləsini nəzərə alan) istifadə edilməsini tələb edir. Süzülmə modelinin işlənilmə prosesini dəqiq ifadə edə bilməsi üçün o yataq şəraitinə sazlanmalı və nəticə etibarı ilə işlənilmə prosesinin göstəricilərinin müəyyən müddətə düzgün proqnozlaşdırılmasını, prosesin idarə olunmasını təmin etməlidir. Bu baxımdan təqdim olunan məruzədə qazkondensat yataqlarının işlənilməsi prosesinin tədqiqi üçün istifadə olunması nəzərdə tutulan çoxkomponentli süzülmə modelinin nəzəri bazası (maye-qaz sisteminin tarazlığını ifadə edən tənliklər sistemi və hal tənliyi, maye fazanın pcevdokomponentlərə ayrılma qaydası və onların böhran nöqtələri, ədədi həll alqoritmi və s.) təkmilləşdirilmiş və onun əsasında tədqiq olunan bir sıra məsələlərin nəticələri şərh olunmuşdur.

O, cümlədən termodinamiki eksperimental məlumatların və hesablamaların nəticələri əsas götürülməklə qazkondensat layının işlənilməsinin intensifikasiyası imkanları çoxkomponentli süzülmə modelinin nəzəri bazası əsasında laya aşağıdakı təsir üsulları  ilə araşdırılmışdır:

1. Başlanğıc kondensasiya təzyiqindən aşağı və maksimal kondensasiya təzyiqindən yuxarı təzyiq  intervalında laya etan-butan   karbohidrogenlərlə zənginləşdirilmiş qazla  təsir;

2. Tükənməkdə olan  qazkondensat laylarına aşağı təzyiqli   karbohidrogenlərlə zəngin-ləşdirilmiş qazla təsir;

Alınan nəticələrin qazkondensat yataqlarının işlənilməsinin səmərəliliyinin artırılmasında  istifadə olunması nəzərdə tutulmuşdur.

İşlə əlaqədar “The Effect of Gas-Condensate Rezervoir Depletion Stages on Gas İnjection and the İmportance of the Aerosol State of Fluids in this Process” (Abbasov Z.Y.,Fataliyev V.M.) məqaləsi “Journal of Natural Gas Science and Engineering” jurnalında dərc olunmuş (impakt faktoru 2,5 – jurnal Tomson bazasına daxildir), “Моделирование процесса разработки газоконденсатных залежей” (müəlliflər: Abbasov Z.Y., Calalov Q.İ., Feyzullayev X.A., Əliyev İ.N.) məqaləsi isə “An international Journal Applied and computational mathematics” jurnalına çap üçün təqdim olunmuşdur (jurnal Tomson bazasına daxildir).