Xəbərlər


ELMLƏ TƏHSİLİN İNTEQRASİYASI UĞURLA İNKİŞAF ETDİRİLİR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AMİU) arasında anlaşma memorandumu imzalanıb. Məqsəd geologiya elminin qarşılıqlı maraq doğuran istiqamətlərində, o cümlədən innovasiya mühitində kadrlar hazırlamaq və birgə elmi tədqiqatlar aparmaqdır. Sənədə əsasən, tərəflər hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə edəcək. Əməkdaşlıq çərçivəsində müvafiq fakültə, kafedra, şöbə və laboratoriyalarda ixtisaslar və ixtisaslaşmalar üzrə tələbə, magistrant və doktorantlar üçün tədris, elmi-tədqiqat və istehsalat təcrübələrinin keçilməsi təşkil olunacaq.

Bunlardan əlavə, GGİ-də AMİU-nun müvafiq baza kafedrasının yaradılması, müştərək elmi simpozium, seminar və konfransların təşkili, həmçinin beynəlxalq və yerli layihələrdə, proqramlarda birgə iştirak da nəzərdə tutulur. Tərəflər ortaq şəkildə elmi əsər, monoqrafiya, dərslik və dərs vəsaitləri də yazacaqlar. Memorandum 5 il müddətinə imzalanıb.