Xəbərlər


ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA


Dekabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) elmi şuranın növbəti iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə açıb. O, əvvəlcə AMEA Prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarları haqqında geniş məlumat verib.

Sonra iclasın gündəliyinə nəzər salınıb və ilk olaraq, Paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev “Azərbaycanın neogen dövründə biomüxtəlifliyin təkamülü” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, çoxillik tədqiqatlar əsasında neogen dövründə biomüxtəlifliyin kəskin dəyişmiş olduğu qısa müddətli epizodlar qeyd edilib və fauna qruplarının stratiqrafik əhəmiyyəti dəqiqləşdirilib. Neogen makrofaunası və mikrofaunasının əsas qruplarının (qastropodlar, bivalvia, foraminiferlər və ostrakodlar) məlumat bazası yaradılıb, Azərbaycan ərazisində neogen dövründə biomüxtəlifliyin təkamülünün analizi biotanın inkişafında 5 yüksəliş tsiklinin (sakaraul, çokrak, sarmat, pont, akçaqıl) baş verdiyi müəyyən edilib. Bundan əıavə, həmin tsikl və tsikllərarası zamanda fauna biomüxtəlifliyinin dinamikasının təhlili nəticəsində neogen hövzələrinin paleocoğrafi şəraiti xarakterizə edilmiş və müxtəlif fauna qruplarının stratiqrafik əhəmiyyəti araşdırılmışdır.

Araşdırmaların nəticələri “Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji Atlası”nda, bir sıra elmi-dövrü nəşrlərdə öz əksini tapır, həmçinin respublika və xarici elmi konfranslarda mövzu üzrə məruzələrlə çıxışlar olub.

İclasda tədqiqatların nəticələri geniş müzakirə edilib, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul olunub və tədqiqatların davam etdirilməsi tövsiyə edilib.

Daha sonra 2015-ci ildə başa çatmış elmi-təşkilati işlər üzrə yekun hesabatların müzakirəsi aparılıb, “Çoxlaylı qaz və qaz-kondensat yataqlarının işlənilməsi prosesinin modelləşdirilməsi”, həmçinin “Prioritet istiqamətlərin seçilməsi məqsədi ilə neft geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənilməsi sahələrində nəşrlərin elmimetrik təhlili” mövzularında görülmüş işlərdən bəhs olunub.

Gənc Alim və Mütəxəssislər Şurasının rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasov şuranın 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat verib. Respublikanın ali məktəbləri üçün dərslik və dərs vəsaitlərinin hazırlanmasında GGİ-nin iştirakı, iqtisadi geologiya sahəsində kompleks elmi tədqiqatların perspektivləri haqqında da çıxışlar dinlənilib, “Azərbaycanın mezo-kaynozoy perlitləri” monoqrafiyası nəşrə tövsiyə edilib.

İclas kadr hazırlığı və digər məsələlərin müzakirəsi ilə davam edib.