Xəbərlər


AMEA GEOLOGIYA VƏ GEOFIZIKA İNSTITUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ TƏDBIRDƏ IŞTIRAK EDIBLƏR


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun əməkdaşları Rusiya Federasiyasın Həştərxan şəhərində ezamiyyətdə olublar. İnstitutun əməkdaşları Sevinc Şirəliyeva və Rəşad Əmrahov 22sentyabr-01 oktyabr tarixlərində M.V.Lomonosov adına  MDU və  Həştərxan Dövlət Universitetinin təşkilatçılığı, UNESCO-nun, Beynəlxalq Geologiya Elmləri Birliyinin və Tətbiqi Elmlər üzrə Avalon İnstitutunun (Vinnipeq, Kanada) maliyyə dəstəyi ilə reallaşan “Beynəlxalq Geologiya Elmləri Proqramının 610 saylı layihəsi”nin üçüncü plenar iclasında iştirak ediblər. Rusiya, Ukrayna, Kanada, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İtaliya, Fransa və digər ölkələrin alim və mütəxəssislərinin iştirak etdikləri üçüncü plenar iclası giriş sözü ilə İ.İ.Meçnikov Universitetinin Arxeologiya elmi-tədqiqat mərkəzinin direktoru, Tətbiqi Elmlər üzrə Avalon İnstitutunun professoru Valentina Yanko-Hombax açıb. Professor Valentina Yanko-Hombax çıxışında bildirib ki, layihənin məqsədi dünya alimlərinin diqqətini regionun geoloji təkamülünə yönəltmək və aparılan tədqiqatların səmərəliliyini qarşılıqlı təcrübə əsasında daha da artırmaqdır. Tədbirdə dənizlərdə iqlim və ətraf mühit dəyişiklikləri, Qara dənizin cənub sahillərində dəniz səviyyəsinin qalxması ilə tektonik dəyişikliklər arasındakı əlaqə, Xəzər dənizinin qərb sahillərində geoekoloji balanslılığın reabilitasiyası, qiymətləndirilməsi və digər mövzularda məruzələr dinlənilib. Tədbir çərçivəsində çöl ekskursiyaları təşkil olunub.  Plenar iclasın iştirakçıları Həştərxan və Volqoqrad şəhərləri arasında Volqa çayının sahili boyunca Çerniye Yar- Nijnee Zaimişçe, Saqan-Aman, Lenino, Seroqlazovka məntəqələrində Bakı, Xəzər, Xvalın yaşlı kəsilişlərlə tanış olublar. Daha sonra iştirakçılar Həştərxan şəhərində yerləşən Qarpız muzeyi və Həştərxan Kremli ilə tanış olublar. Plenar iclasın sonunda Təşkilat Komitəsi Sevinc Şirəliyeva və Rəşad Əmrahovun uğurlu çıxışını qiymətləndirərək onları sertifikatla təltif ediblər.