Xəbərlər


GƏNC ALİMLƏRİN NÖVBƏTİ ELMİ SEMİNARI HAQQINDA


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti elmi seminarı keçirilib.
Şuranın rəhbəri, geologiya üzrə fəlsəfə doktoru Orxan Abbasovun sədrliyi ilə aparılan tədbirdə institutun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin elmi işçisi, dissertant Əzizə Əliyeva “Abşeron yarımadasının müasir radioekoloji vəziyyəti”nə dair məruzə ilə çıxış edib. Gənc alim apardığı tədqiqatların nəticələrindən bəhs edib, yarımadada radioaktivliyin yüksək olduğu ərazilərə nəzər salıb. O, neft-qaz yataqlarının yerləşdiyi ərazilərin xüsusi riskli zonalar olduğunu qeyd edib.

Seminarın növbəti məruzəçisi Hidrogeologiya və mühəndisi geologiya şöbəsinin böyük laborantı, magistrant Həmid Alayarov “Oğuz-Qəbələ suqəbuledicisinin istismarının regionun geoekoloji vəziyyətinə təsirinin qiymətləndirilməsi” mövzusu ilə çxış edib. Bildirib ki, tədqiqat işinin məqsədi yeraltı suların istismarı müddətində ərazidə baş verə biləcək arzuolunmaz hidrogeoloji proseslərin öyrənilməsi və geoekoloji şəraitin proqnozlaşdırılmasıdır. Bununla əlaqədar tədqiqat obyekti üzrə mütəmadi monitorinqlər təşkil olunub, toplanmış məlumatlar təhlil edilib və elmi əsaslarla ümumi geoekoloji durum qiymətləndirilib. 

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.