Xəbərlər


KARBOHİDROGENLƏRİN AXTARIŞI VƏ KƏŞFİYYATI ÜZRƏ YENİ ÜSUL TƏDQİQ OLUNUR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri Cənubi Xəzər çökəkliyində karbohidrogen baxımından perspektiv strukturların axtarışı və proqnozlarına dair daha etibarlı üsullar yaratmaq istiqamətində tədqiqatlar aparır. Bu məqsədlə mütəxəssislər yeni elmi əsaslar üzərində neyron şəbəkələr vasitəsi ilə petrofiziki-geoloji informasiyaları tədqiq edir, birölçülü və ikiölçülü seysmogeoloji modellərin yaradılması, həmçinin interaktiv kompüter paket proqram kompleksinin hazırlanmasını həyata keçirirlər.

Ukrayna Elmi-Texnoloji Mərkəzinin (UETM) və AMEA-nın maliyyə dəstəyi ilə həyata keçirilən 2 illik layihənin rəhbəri GGİ-nin tektonofizika və geomexanika şöbəsinin müdiri, akademik Hətəm Quliyevdir. Tədqiqatlar ABŞ-ın Missuri Universitetinin geologiya elmləri şöbəsinin professoru Erik Sandvol və Xorvatiyanın Zaqreb Universitetinin Geologiya və neft mühəndisliyi kafedrasının professoru Valik Yosipanın iştirakı ilə aparılır. 

Layihə çərçivəsində AMEA alimləri Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) "Geoinformatika: Nəzəri və tətbiqi aspektlər" mövzusunda keçirdiyi 12-ci beynəlxalq konfransda və Avropa Geologiya Elmləri İnttifaqının Avstriyanın Vyana şəhərində keçirilmiş Baş Assambleyasında çıxış ediblər. H.Quliyev konfrans müddətində Çexiya Respublikasının Elmlər Akademiyasının Süxur Strukturu və Mexanikası İnstitutunun seysmologiya departamentinin rəhbəri, professor Pavel Kalenda, Rusiya Elmlər Akademiyasının Neft və Qaz problemləri İnstitutunun professoru Vladimr Şuster və Yer Fizikası İnstitutunun professoru Ninel Pavlenkova, həmçinin Buxarest Universitetinin akademiki Nikolaye Anastasiyu, Norveç Krallığının Geofizika İnstitutunun professoru Karsten Storetvedt, Hindistanın Kerala Universitetinin professoru Biju Lonqinos və başqa tanınmış alimlərlə də görüşüb. Geologiyanın və geofizikanın müxtəlif problemləri, yeni nəticələrin tədris prosesində istifadəsi məsələləri və birgə tədqiqatların aparılması imkanları müzakirə edilib. Bu istiqamətlərdə konkret təkliflər hazırlayaraq həyata keçirmək barədə razılığa gəlinib.