Xəbərlər


GEOLOGİYA İNSTİTUTUNUN ALİMLƏRİ İTALİYADA BEYNƏLXALQ KONFRANSDA XƏZƏR DƏNİZİNİN İNKİŞAF TARİXİNDƏN BƏHS ETMİŞLƏR


Az
ərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri İtaliyanın Sardiniya adasında keçirilmiş “Dənizin sahilində: Dördüncü dövr geoloji mərhələdə çöküntülər, geomorfologiya, tektonika və stratiqrafiya” adlı 5 günlük beynəlxalq konfransda iştirak etmişlər. Tədbir Dördüncü Dövr Tədqiqatları üzrə Beynəlxalq Birliyin Avropa Dördüncü Dövr Bölməsi tərəfindən təşkil olunmuşdur. İnstitutun direktoru akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev, şöbə müdirləri və geologiya-mineralogiya elmləri doktorları – Elmira Əliyeva və Dadaş Hüseynov Xəzər dənizinin geoloji tarixinə, o cümlədən səviyyə dəyişmələrinə dair məruzələrlə çıxış etmişlər. Alimlərimiz bildirmişlər ki, Dördüncü Dövrdə (2,588 milyon il bundan əvvəl) Qara dənizlə ara-sıra əlaqəli olan  Xəzər bu günə qədər geoloji qabarma-enmə və qlobal istiləşmə proseslərinə məruz qalıb. Nəticədə dənizin səviyyəsi xeyli azalıb, ərazisi kiçilib və qapalı hövzəyə çevrilib. Azərbaycan alimləri Xəzərin səviyyəsindəki uzunmüddətli dəyişmələri tektonik proseslərlə izah etmişlər. Qısa müddətli və tez-tez baş verən dəyişmələrin səbəbi kimi isə iqlim dəyişmələri göstərilmişdir.


Akademik A.Əlizadə qeyd edir ki, qlobal istiləşmənin təsiri ilə Xəzərin səviyyəsinin enməsi son onilliklərdə daha qabarıq müşahidə olunur və bu proses hazırda da davam edir.

Beynəlxalq konfransa İngiltərə, Almaniya, Fransa, İtalia, Rusiya və digər ölkələrin alimləri də qatılmışlar. Geologiya İnstitutunun məruzələri tədbir iştirakçıları tərəfindən böyük maraqla və çoxsaylı suallarla qarşılanmışdır.