Xəbərlər


Geologiya İnstitutunun əməkdaşlari Rusiyada gənc alimlər üçün keçirilən forumda iştirak edirlər


Noyabrın 7-də Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurasının təşkil etdiyi “Rusiyada elmin keçmişi, bu günü və gələcəyi” mövzusunda forum Moskvada öz işinə başlamışdır. Tədbirdə MDB ölkələrindən gənc alimlər iştirak edir və ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev və sədr müavini Arif Hüseynov təmsil edirlər.





Tədbirin rəsmi açılış hissəsində Rusiya Elmlər Akademiyasının prezidenti Yuri Osipov, təhsil naziri Andrey Fursenko, İnnovasiya Assosiasiyasının prezidenti Olga Uskova və başqaları çıxış etmişlər.


Sonra, gənc alimlərin məruzələri dinlənilmiş və plenar müzakirələr aparılmışdır. Q.Babayev “AMEA Geologiya İnstitutunun Gənc Alimlər Şurası: 2005-2011 illər ərzində” adlı məruzə ilə çıxış etmiş, rəhbəri olduğu qurumun fəaliyyəti və uğurlarından danışmışdır.





Forumda MDB ölkələrinin gənc alimləri arasında əməkdaşlığın genişləndirilməsi, Rusiyada elm sahəsində çalışan gənclərin sosial problemlərinin həlli, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlər də müzakirə olunmuşdur.





Hazırda forum Zveniqorod şəhərində davam edir və noyabrın 12-də başa çatacaqdır.



Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.

Əlaqə telefonu: (994 12) 497 44 81
(994 12) 510 01 41 (daxili- 162)