GİA

PROFESSOR ADİL ƏLİYEVİN 90 İLLİK YUBİLEYİDİR

 
07 sentyabr 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun kollektivi Palçıq vulkanizmi şöbəsinin rəhbəri, g.-m.e.d., professor Adil Əliyevin 90 yaşını və İnstitutda 70 illik fəaliyyətini fərəhlə qeyd edir.

Adil Abbasəli oğlu Əliyev 1930-cu il sentyabr ayının 7-də Bakıda anadan olmuşdur. 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra 1954-cü ildə Azərbaycan Dövlət Universitetini (hazırda BDU) fərqlənmə diplomu ilə bitirərək neftçi-geoloq ixtisasına yiyələnmişdir. Elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) başlamışdır.

A.Əliyev 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspiranturaya qəbul olunmuş, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə etməklə geologiya-mineralogiya elmləri namizədi dərəcəsini almışdır. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksəlmiş, sonrakı illərdə “Bituminologiya və süxurların üzvi maddələri” (1969-1970) və “Palçıq vulkanlarının geokimyası” (1972-1986) laboratoriyalarına rəhbərlik etmişdir. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləmişdir. 1992-ci ildə “Palçıq vulkanizminin geokimyası və böyük dərinliklərin neft-qzlılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1997-ci ildən başlayaraq Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.

İstedadlı alim 90-cı illərdən Bakıda fəaliyyət göstərən nüfüzulu neft şirkətləri (BP, Statoil, Amoko, Ekson və s.), Avropa və Qərb Universitetləri (İtaliya, Almaniya) ilə Azərbaycanın geologiyasını, o cümlədən palçıq vulkanlarını tədqiq edir. Elmi fəaliyyəti dövründə bir sıra beynəlxalq elmi layihələrə, ekspedisiyalara və s. rəhbərlik etmişdir. Onun rəhbərliyi altında MDB, Almaniya, İtaliya və digər ölkələrin nüfuzlu alimlərilə birgə Qafqazın, Azov, Qara dənizlərin geologiyası, palçıq vulkanizmi geokimyasına dair fundamental və tətbiqi əhəmiyyətli elmi araşdırmalar aparılmışdır.

Palçıq vulkanlarının genezisi, təsnifatı, neft-qazlılıqla əlaqəsi, eləcə də vulkan məhsulunun əlverişli geokimyəvi xüsusiyyətləri nəzərə alınmaqla dərində yatan çöküntülərin neft-qaz əmələgəlmədə rolu, palçıq vulkanizmi və seysmik atktivlik arasında mümkün əlaqələrin araşdırılması və s. məsələlərin öyrənilməsində Adil müəllimin əldə etdiyi elmi nəticələrin yeniliyini xüsusilə qeyd etmək lazımdır.

Tarixdə ilk dəfə Azərbaycan palçıq vulkanlarının “Təbiətin yeddi möcüzəsi” Beynəlxalq İnternet Müsabiqəsində iştirakı və finalda 28 elit qrupu sırasına düşməsi (2009-cu il), müəllifi olduğu elmi-publisistik nəşrlər Azərbaycan elmində yenilikdir.

Dünyanın geologiya elmində misilsiz töhfə kimi dəyərləndirilən və ilk dəfə olaraq Azərbaycan alimlərinin təşəbbüsü ilə ərsəyə gətirilən “Dünya palçıq vulkanları” atlası professor Adil Əliyevin rəhbərliyi altında hazırlanmış, üç dildə İtaliyanın nüfüzlu nəşr evində çap etdirilmişdir. Akademiyanın 70 illiyinə həsr olunan bu nadir elmi əsər özündə dünyanın 42 ölkəsinin 2 500 palçıq vulkanına dair bütün məlumatları əks etdirir. Zəngin məlumatların, faktiki materialların yerli və xarici mənbələrin əsasında sistemləşdirildiyi bu əsərdə indiyədək palçıq vulkanizmi sahəsində mübahisə doğuran bir sıra məsələlərə aydınlıq gətirilib, yeni elmi nəticələr ortaya qoyulub.

Azərbaycandakı palçıq vulkanlarının mühafizə olunması və bu geoloji irsin gələcək nəsillərə təbiətin əmanəti kimi çatdırılmasında professor Adil Əliyevin əməyi və qətiyyəti diqqətəlayiqdir. Alimin ETSN-nin nəzdində “Bakı və Abşeron Yarımadası Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun yaradılmasında səyləri, palçıq vulkanlarının təbii landşaftını və görünüşünü pozanlara qarşı, eyni zamanda vulkan ətrafında həyata keçirilən tikinti layihələrinin risk faktoruna dair onlarca rəsmi və publistik müracitləri layiqincə dəyərləndirilmişdir.

Professor Adil Əliyev elmi yaradıcılığının son 10 ilinin uğurları ilə haqlı olaraq fəxr edir. Belə ki, onun rəhbərliyi altında Rusiya, Ukrayna, Almaniya, Fransa və s. ölkələrin elmi mərkəzləri ilə Azərbaycanın Palçıq vulkanlarının öyrənilməsilə əlaqədar müqavilə əsaslı işlər görülüb.Yeni istiqamət – palçıq vulkanlarında aksessor minerallaşma yaradılıb, qızıl,mis və digər yeni mineral və əmələgəlmələr aşkar edilib.

Azərbaycanda yanar şistlərin və təbii bitumların öyrənilməsinin bərpası (müstəqillikdən sonra), elm aləmi üçün olduqca əhəmiyyətli hesab edilən “Dünya palçıq vulkanları atlası”nın üç dildə İtaliyada nəşr edilməsi də onun adı ilə bağlıdır. Atlasadn sonra dünyada palçıq vulkanları inkişaf edən ölkələrin coğrafiyasına və ümumi vulkanların sayında kəskin dəyişikliklər aşkarlanıb.

2011-ci ilin aprel ayında “Britiş Petroleum” neft şirkəti ilə “Şərqi Azərbaycanın palçıq vulkanlarının püskürmə materialları əsasında dərində yerləşən Paleogen-Miosen çöküntülərinin terrigen-karbonat süxurlarının tədqiqi” mövzuda müqavilə işi tamamlanmış və elmi hesabat hazırlanmışdır.

AR Prezidenti yanında elmin inkişafı fondu xətti üzrə 1 mln manat məbləgində “Azərbaycan nefti” 2 illik pilot qrantı alınmışdır (rəhbər Adil Əliyev). Turizm ili ilə əlaqədar Dövlət proqramına əsasən “Palçıq vulkanizmi” şöbəsi (A.Əliyev) tərəfindən “Azərbaycanın palçıq vulkanları” adlı bələdçi kitabçası, buklet və 3 turist marşrutu üçün palçıq vulkanlarının pasportları hazırlanmışdır.

Təcrübəli, yüksək ixtisaslı neftçi geoloq, geokimyaçı və vulkanoloq mütəxəssis kimi Adil Əliyev 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunmuş, xaricdə və ölkəmizdə keçirilən Beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapmışdır. Son illər ərzində 10-a yaxın elmlər və fəlsəfə doktoru hazırlamışdır.

Adil Əliyev GGİ-də “Neft və qaz geologiyası və geokimyası” seksiyasının rəhbəri, İnstitut Elmi Şurasının, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Ekspert Komissiyasının üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi 55 ildən çoxdur ki, geologiya elminin təbliğində fəallıq göstərir. Təbiidir ki, görkəmli alimin elmi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, 2005-ci ildə AR Əməkdar elm xadimi fəxri adına, 2008-ci ildə AR Prezidentinin fərdi təqaüdünə, 2010-cu ildə AR Dövlət mükafatına (N001), 2018-ci ildə “Şöhrət” ordeninə layiq görülmüş və bir çox medal, diplom, fəxri fərmanlarla təltif edilmişdir.

Adil müəllimin səmimiliyi, dürüstlüyü, xüsusən də Vətənə sevgisi onun məhsuldar elmi fəaliyyətində, yetişdirdiyi kadrların sonrakı inkişafında və ictimai fəallığında özünü təsdiq edir. Həmkarlarına xoş münasibəti, təvazökarlığı, gənc alimlərə qayğısı, eyni zamanda fəaliyyətində ciddi və məsuliyyətli olması onu AMEA sistemində nümunəvi azərbaycanlı elm adamı kimi tanıtdırmışdır.

Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və kollektivi Azərbaycan elminə və ziyalı nəslinə daim başucalığı gətirən hörmətli yubilyar Adil Əliyevi təbrik edir, ona bundan sonrakı çoxsahəli fəaliyyətində daha böyük uğurlar və möhkəm cansağlığı arzulayır.

 





07.09.2020     Çap et  Çap et