Ana Səhifə / Fəaliyyət / Misirin cənub-şərq səhrasının Haymur Vadisi çöküntülərində qızıl və müşayiətedici elementlərin yayılma xüsusiyyətləri

Avtoreferatlar

Misirin cənub-şərq səhrasının Haymur Vadisi çöküntülərində qızıl və müşayiətedici elementlərin yayılma xüsusiyyətləri

Mohamed Ali Mohamed Hassan

2503.01 – Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış metodları
(2013)

Dib çöküntülərinin geokimyəvi tədqiqatlarında əsas məqsəd gələcək tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsi və növbəti mərhələdə geokimyəvi axtarış işlərinin aparılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün ilk növbədə geokimyəvi sınaqlaşdırma yolu ilə hər bir elementin yerli geokimyəvi fon və anomal miqdarları müəyyən edilmişdir.

Tədqiqatın bu mərhələsində məlumatların emalının birölçülü, Ikiölçülü və çoxölçülü statistik üsullarından, məsafədən zondlama və GİSdən geniş istifadə etməklə Asuan şəhərindən 220 km cənub-şərqdə yerləşmiş Haymur vadisinin dib çöküntülərinin geokimyəvi anomal sahələrinin modeli baxılmışdır. Haymur vadisi rayonunda qızılın çökdürülməsində geoloji-litoloji faktorların rolu aşkarlanıb. Müəyyən edilmişdir ki, qızılın köklü mənbələri yaşı 600 milyondan artıq olan süxurlarla əlaqədardır. Gızıldaşıyıcı geoloji-litoloji vahidlərin sərhədlərini, dəyişilmə zonalarını və strukturları müəyyən etmək məqsədi ilə Landsat şəkillərindən geniş istifadə edilmişdir.

Etalon sıxlığı hər 4 kv.m-ə 1 nümunə olan Haymur vadisindən və onun qollarından 65 nümunə toplanmışdır. Hər bir nümunə üçün qranulometrik tərkibin beş fraksiyası (balka, 2-0,5 mm, 0,-0,25 mm,0,25-0,063 mm və 0,063 mm-dən kiçik) ayrılmışdır. Bu fraksiyalar daha sonra 19 elementə – Ag, As, Au, Ba, Bi, Cx, Cu, Fe, Mn, Mo, Ni, Pb, Rb, Sb, Sn, Sr, Ti, W və Zn analiz edilmişdir. Hər bir fraksiyanın hər bir elementi üçün onun məkanca yayılması xəritəsi tərtib edilmişdir. Statistik analiz üsulları ilə elementlərin tədqiqat sahəsində paylanmasının geoloji interpretasiyası verilmişdir. Cöküntülərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi nəticəsində burada iki əsas elementlər qrupu müəyyənləşdirilmişdir. Birinci qrupa əsasi və ultraəsasi süxur mineralları və gilli minerallar üçün səciyyəvi olan elementlər daxildir (litoloji faktor). İkinci assosiasiyaya potensial qızıl minerallaşması ilə bağlı xalkofil elementlər aiddir. Axınların dib çöküntülərindən götürülmüş sınaqların analizi və emalı göstərir ki, burada yeni tipli epitermal və vulkanitlərlə əlqəli massiv sulfid və listvenit tipli minerallaşma mövcuddur. Bu tədqiqat həm də onu göstərir ki, çöküntülərdə dənələrin ölçülərindən asılı olaraq elementin konsentrasiya səviyyəsi xeyli dəyişkəndir. Çoxluq reqresiya analizi əsasında müəyyən edilib ki, çöküntülərdə qızılın miqdarı fraksiyaların ölçüsündən xeyli asılıdır, nəinki Mn-Fe oksidlərinin / hidroksidlərinin çöküntülərdəki miqdarından.

Müəyyən edilmişdir ki, ölçüsü 500-250 mkm olan fraksiya qızıl üçün ən münasibdir. Bu tədqiqatın nəticələri göstərir ki, Misirin cənub-şərq səhrasında və həmçinin regionun digər quraq ərazilərində dəyişilmə zonalarının və onlarla əlaqəli filiz yataqlarının aşkarlanmasında məsafədən zondlama üsulu mühüm əhəmiyət kəsb edir.