Ana Səhifə / Fəaliyyət / Abşeron yarımadasının pliosen kompleksinin geotermal enerji potensialı

Avtoreferatlar

Abşeron yarımadasının pliosen kompleksinin geotermal enerji potensialı

Məmmədova Aygün Vahid qızı

2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları

Son dövrlərdə qlobal istiləşmə probleminin kəskinləşməsi ilə əlaqədar yanacaq tipli enerji mənbələrindən istifadənin azaldılması və alternativ enerji mənbələrindən yararlanma məsələləri ön plana çəkilir. Birləşmiş Millətlər Təşkilatının “İnkişaf etməkdə olan ölkələr üçün geotermal enerjidən kənd təsərrüfatında və qida istehsalında istifadə imkanları (2015)” adlı hesabatında hal-hazırda dünyada inkişaf etməkdə olan ölkələrdə geotermal enerjidən istifadə imkanları göstərilmişdir. Azərbaycanda geotermal enerjidən istifadə olunması Respublika Prezidentinin 21 oktyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”-nın 2.5-ci maddəsində öz əksini tapmışdır. Bununla bərabər, Respublika Prezidenti öz çıxışlarında alternativ enerji növlərindən Azərbaycanda istifadə olunmasının vacibliyini dəfələrlə qeyd etmişdir.

Əvvəllər əsasən termal suların və yeraltı qızmar su-buxar komplekslərinin enerjisi istifadə oluna bilən geotermal enerji hesab edilirdi. Geotermal enerjidən istifadə texnologiyalarının inkişafı bu baxışları dəyişdi və artıq geotermal enerji potensialı dedikdə geoloji süxur komplekslərinin (məsamələri dolduran flüidlər də daxil olmaqla) malik olduğu tam istilik enerjisi resursları nəzərdə tutulur.

Təbii enerji resurslarının qorunması, neft və karbohidratlar kimi yanacaq tipli enerji mənbələrinin günəş, külək, geotermal və digər bərpa olunan qeyriyanacaq tipli enerji növləri ilə əvəz edilməsi Yer elmlərinin qarşısında duran ən vacib problemlərdən biridir. Təəssüf ki, bu sahədə tədqiqatlar günün tələblərindən çox geri qalır. Bu nöqteyi-nəzərdən, Abşeronda alternativ enerji növlərindən biri olan geotermal enerji potensialının qiymətləndirilməsi və ondan istifadə perspektivlərinin öyrənilməsi dövrün aktual problemlərindən biridir.