Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN MİLLİ STRATEGİYA ÇƏRÇİVƏSİNDƏ YERALTI SULARIN İSTİSMAR EHTİYATLARININ ARTIRILMASI İSTİQAMƏTİNDƏ TƏDQİQATI
“2024-2027-ci illərdə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı çərçivəsində yeraltı suların istismar ehtiyatlarının artırılması istiqamətində elmi-tədqiqat işi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əsas icraçı olmaqla, Agentliyin Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu ilə AR ETN Geologiya İnstitutunun “Hidrogeologiya” laboratoriyasının əməkdaşlarının birgə iştirakı ilə yerinə yetirilir. Elmi-tədqiqat işinin əsas məqsədi Ağsu və İsmayıllı rayonları arasında yerləşən Külüllü kəndi yaxınlığında, Girdimançay sahilinə yaxın ərazinin fiziki-coğrafi, hidroloji, geoloji-hidrogeoloji, mühəndisi-geoloji və ekoloji şəraitlərini müəyyənləşdirərək yerüstü suları yeraltı hövzələrə yığmaq (köçürmək), bununla da yeraltı su ehtiyatlarını süni yolla artırmaq və bu sulardan səmərəli istifadə etməkdir. Tədqiqat işində Geologiya İnstitutunun əməkdaşları tərəfindən su mənbələrinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi həyata keçirilir.
İlkin mərhələlərdə əraziyə ümumi baxış keçirilmiş, su obyektlərinin müasir ekoloji vəziyyəti ilə tanış olub mənbələrin koordinatları təyin edilmiş və yeraltı suların istismar ehtiyatlarının potensial olaraq artırıla biləcəyi ərazi ilkin variantda müəyyənləşdirilmişdir. Sonrakı mərhələlərdə sözügedən ərazilərdə yeraltı suların ehtiyatının hidrotexniki üsullarla artırılması məqsədilə hidrogeoloji, hidrogeokimyəvi və hidroloji yönümlü işlər aparılmış, götürülmüş su nümunələrinin kimyəvi tərkibləri təhlil olunmuşdur.
Çoxsaylı hidrokimyəvi məlumatların araşdırılması göstərir ki, yeraltı suları qidalandıracaq səth su mənbələrinin minerallaşma dərəcəsi 0.6-1.0 qram/litr arasında olub, tərkibcə ümumən sulfatlı-hidrokarbonatlı sular sinfinə aiddir. Bu sulardan təsərrüfatlarda istifadə etmək mümkündür. Laborator məlumatlarının təhlilinə əsasən minerallaşma dərəcəsinə görə suyun kimyəvi tərkibi müəyyən dərəcədə qənaətbəxş olsa da, yüksək bulanıqlıq göstəricisi onun istifadəsini qismən məhdudlaşdırır və əlavə təmizləmə (lilin miqdarının azaldılması üzrə) tədbirlərinin görülməsini zəruri edir.