Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
QAZAXISTANIN SATBAYEV UNİVERSITETİNİN TƏLƏBƏLƏRİ GEOLOGİYA İNSTİTUTUNDA
Qazaxıstanın Satbayev adına Milli Tədqiqat Texniki Universitetinin Geofizika fakültəsinin tələbələri Geologiya İnstitutunda (Gİ) elmi-tanışlıq səfərində olublar.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədrliyi və təşkilatçılığı ilə baş tutan görüş çərçivəsində qonaqlar müəssisənin elmi-tədqiqat potensialı, müasir infrastruktur bazası və tarixi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Səfər proqramına əsasən, qazaxıstanlı tələbələr əvvəlcə İnstitutun geoloji-mineraloji muzeyini ziyarət edərək burada nümayiş etdirilən unikal geoloji tapıntılar, zəngin süxur və mineral nümunələri barədə məlumatlandırılıblar.
Daha sonra tələbələr Gİ-nin laboratoriyalarında aparılan tədqiqat proseslərini izləyiblər. “Neftin geokimyası” laboratoriyasında gənc mütəxəssislərə karbohidrogen sistemlərinin öyrənilməsi istiqamətində görülən elmi işlər və tətbiq edilən geokimyəvi tədqiqat metodları əyani şəkildə nümayiş etdirilib. Qonaqlar həmçinin “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi”ndə elmi tədqiqatlarda istifadə olunan ən müasir analitik cihazların iş prinsipi, onların dəqiqliyi və təhlil imkanları ilə yerindəcə tanış olublar.
Görüş zamanı tələbələri maraqlandıran suallar gənc alimlər tərəfindən ətraflı şəkildə cavablandırılıb. Sonda bu cür tanışlıq səfərlərinin gənc tədqiqatçılar arasında təcrübə mübadiləsinin aparılmasına, eləcə də ölkələr arasında gələcək birgə elmi əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi xüsusi olaraq vurğulanıb.