Ana Səhifə / Xəbərlər

Xəbərlər

10 Mar 2026 Diqər xəbərlər Diqər xəbərlər

AR ELM VƏ TƏHSIL NAZİRLİYİ GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU BƏYANAT YAYIB

Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində Azərbaycanda 6 maqnitudalı "səssiz" zəlzələnin və 56 palçıq vulkanının kütləvi püskürməsinin baş verməsi barədə yayılmış iddiaların əsassızlığına dair Geologiya və Geofizika İnstitutu bəyanat yayıb.

 

Son günlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin gənc əməkdaşı Zaur Bayramovun "Science" jurnalında fransalı həmkarları ilə birgə dərc etdirdiyi məqaləsi ilə əlaqədar "Təhsil TV" kanalında səsləndirdiyi bəzi iddialar elmi ictimaiyyətdə, eləcə də mediada böyük sensasiya doğuraraq ciddi çaşqınlıq yaratmışdır. Müəllif 6 fevral 2023-cü il tarixində Türkiyədə qeydə alınmış dağıdıcı zəlzələnin qısa müddət ərzində (4-9 fevral tarixlərində) Azərbaycanda (Qərbi Xəzər regionunda)  6 maqnitudalı "səssiz" zəlzələyə və 56 palçıq vulkanının kütləvi püskürməsinə səbəb olması ilə bağlı “tədqiqat nəticəsi”ni cəmiyyətə böyük bir “elmi kəşf” kimi təqdim etmişdir.

Bununla bağlı Geologiya və Geofizika İnstitutunun mütəxəssis-alimlərinə ünvanlanan müraciətləri nəzərə alaraq, geoloji reallıqlarla və müvafiq elmi qanunauyğunluqlarla qətiyyən uzlaşmayan bu manipulyativ fikirlərin əsassızlığını ictimaiyyətə çatdırmaq məqsədilə İnstitutumuzun mütəxəssis-alimləri tərəfindən aşağıdakı faktlar diqqətə çatdırılır:

 

  1. Zəlzələ və vulkan əlaqəsi “yeni kəşf” deyil

Zəlzələsinin vulkanları tətikləməsi dünya elmi üçün "yeni kəşf” deyil, bu, tarixi və elmi həqiqətləri inkar etməkdir. Zəlzələ və palçıq vulkanları arasındakı əlaqə hələ 1863-cü ildə məşhur geoloq Herman Abix tərəfindən irəli sürülmüşdür. Bu əlaqənin dəqiq fiziki mexanizmi İnstitutumuzun alimləri tərəfindən hələ 2007-ci ildə ABŞ-ın "Journal of Geophysical Research", habelə 2014-cü ildə "Natural Hazards" jurnallarında (2000-ci il Xəzər dənizi zəlzələlərinin təhlili əsasında) dünya elminə təqdim edilmişdir.  Həmin fundamental tədqiqatlar sübut edir ki, seysmik tətiklənmə yalnız zəlzələ episentri ilə palçıq vulkanı arasındakı məsafənin maksimum 80-100 km radiusda olduğu hallarda baş verə bilər. Bu baxımdan, >1000 kilometr uzaqlıqda qeydə alınan zəlzələnin səth dalğalarının Azərbaycanda onlarla vulkanı eyni anda püskürtməsini iddia etməyin heç bir elmi əsası yoxdur və bu yanaşma geodinamika, eləcə də palçıq vulkanlarının fəaliyyəti ilə bağlı müəyyən edilmiş qanunauyğunluqlara tamamilə ziddir.

 

  1. Türkiyədə baş verən zəlzələnin Azərbaycan ərazisinə mümkün təsiri ilə bağlı ilk tədqiqatı kim aparıb?

Zaur Bayramovun bu mövzunu ictimaiyyətə “ilk kəşf” kimi təqdim etməsi fundamental tədqiqatçı etikasına tamamilə ziddir. Onun fransalı həmkarları ilə birgə hazırladığı məqalə 2025-ci ilin sentyabrında nəşr edildiyi halda, məhz eyni mövzu (Türkiyə zəlzələsinin InSAR peyk məlumatları vasitəsilə uzaqməsafəli seysmik təsirlərinin tədqiqi) İnstitutumuzun alimləri tərəfindən hələ 2024-cü ilin dekabrında beynəlxalq konfransda məruzə edilmiş və 2025-ci ilin aprel ayında “Remote Sensing” jurnalında dərc olunmuşdur.

 

  1. “6 gün ərzində 56 vulkan püskürməsi” iddiası və real monitorinq nəticələri

Türkiyədə qeydə alınan məlum zəlzələ ərəfəsində İnstitutumuzun “Palçıq vulkanizmi” şöbəsi tərəfindən regionda aparılan 2 aylıq intensiv çöl monitorinqləri zamanı ölkə ərazisində heç bir püskürmə faktı qeydə alınmamışdır. “56 palçıq vulkanının kütləvi püskürməsi” iddiasının manipulyativ xarakter daşıdığını ölkədə iki əsrə yaxın dövrü əhatə edən rəsmi statistika da təkzib edir. Belə ki, 1810-cu ildən bəri 120-yə yaxın vulkanın 460-a yaxın püskürməsi qeydə alınıb. Son illər bu dinamika nəzərəçarpacaq dərəcədə zəifləyib (ildə orta hesabla 2-3 püskürmə). Müəllifin qələmə verdiyinin tam əksinə olaraq, 2023-cü il Azərbaycanın palçıq vulkanizmi tarixində ən “sakit” illərdən biri kimi xarakterizə olunur.


Təkzibedilməz elmi faktdır ki, palçıq vulkanı püskürməsi gizli qala bilməz. Reallıqda “səssiz püskürmə” anlayışı yoxdur. Bu proses güclü partlayışlar, 1000 metrə qədər qalxan alov sütunu və milyonlarla kubmetr palçıq kütləsinin xaric olması ilə müşayiət edilən kataklizmdir. Hər bir real püskürmə dərhal İnstitutun “Palçıq vulkanizmi” şöbəsi tərəfindən çöl-ölçmə işləri əsasında qiymətləndirilir, əldə olunan nəticələr rəsmi kataloqa daxil edilir və ictimaiyyətə açıqlanır. Cihazların (Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalarının) və real yerüstü müşahidələrin təsbit etmədiyi xəyali prosesi “kütləvi püskürmə” kimi təqdim edib sensasiya yaratmaq cəhdi geoloji reallıqları kobud şəkildə təhrif etməkdir və fundamental tədqiqatçı etikası ilə qətiyyən bir araya sığmır.


Həmçinin, peyk (InSAR) görüntülərindəki adi səth nəmliyini və koherentlik itkisini manipulyativ şəkildə “püskürmə” adlandırmaq vulkanın təbiətinə nabələdlikdən irəli gəlir. Palçıq vulkanının gündəlik qrifon-salza fəaliyyəti nəticəsində yer səthinə xaric olunan su-palçıq qarışığının dinamikasında qeydə alınan lokal intensivlik heç də həmişə seysmik aktivliklə əlaqəli deyil. Bu proses əslində, yer təkində uzun müddət ərzində toplanan qazların (xüsusilə metanın) və ya meteorik suların infiltrasiyası nəticəsində formalaşan təbii flüid-dinamik təzyiqin impulsvarı boşalmasıdır. Əksinə, paroksizmal (həqiqi) püskürmə adətən gündəlik qrifon-salza aktivliyi müşahidə olunmayan, yəni uzun müddət daxili enerji (metan qazı) toplayan palçıq vulkanları üçün xarakterikdir. Əgər belə palçıq vulkanı püskürməyə hazır deyilsə, yaxınlıqda baş verən istənilən maqnitudalı zəlzələnin onu aktivləşdirməsi (tətikləməsi) qeyri-mümkündür və Azərbaycan ərazisində aparılan çoxillik geoloji monitorinqlər zamanı bunu sübut edən çoxsaylı faktlar qeydə alınmışdır.

 

  1. Zəngin elmi irs, fundamental reallıqlar və əsassız iddiaların ifşası

Təxminən 90 illik tarixə malik Geologiya və Geofizika İnstitutu Azərbaycan geologiya elminin flaqmanı olaraq, palçıq vulkanizmi üzrə qlobal tədqiqatların əsas strateji bazasıdır. İnstitutun tərkibindəki dünyada yeganə ixtisaslaşmış “Palçıq vulkanizmi” şöbəsinin xüsusən də vulkan-zəlzələ əlaqələrinə dair onilliklər boyu formalaşdırdığı zəngin irs beynəlxalq miqyasda ən mötəbər istinad mənbəyidir. Bu zəngin elmi bazaya baxmayaraq, əfsuslar olsun ki, gənc tədqiqatçının Azərbaycanın palçıq vulkanizmi ilə bağlı irəli sürdüyü səthi iddialar prosesin tektono-geodinamik və geokimyəvi mahiyyətindən tamamilə uzaqdır. Mövcud ədəbiyyatı belə mənimsəmədən səsləndirilən subyektiv və səriştəsiz mülahizələr heç bir elmi əsasa söykənmir.


Reallıqdan uzaq, yalnız sensasiya və populyarlığa hesablanmış bu qeyri-peşəkar fəaliyyətlər cəmiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, əsl mütəxəssisləri fundamental tədqiqatlarından ayıraraq ictimaiyyətə mütəmadi aydınlaşdırma vermək məcburiyyətində qoyur. Qətiyyətlə vurğulayırıq ki, elmi prinsiplərdən uzaq hər cür iddia fundamental və obyektiv elmi baza qarşısında daim ifşa olunacaqdır.