Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AZƏRBAYCAN VƏ TÜRKİYƏLİ TƏDQİQATÇILARIN MƏQALƏSİ NÜFUZLU BEYNƏLXALQ JURNALDA DƏRC EDİLİB
Azərbaycan və Türkiyəli tədqiqatçıların Cənubi Xəzər hövzəsinin yer qabığı quruluşuna dair məqaləsi nüfuzlu beynəlxalq jurnalda çap olunub.
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika və Neft və Qaz İnstitutları əməkdaşlarının Türkiyəli alimlə birlikdə apardıqları "Crustal structure and major tectonic features of the South Caspian Basin: Insight from Bouguer gravity data" adlı elmi məqaləsi “Elsevier” nəşriyyatına daxil olan “Applied Geophysics” jurnalında dərc edilib. (https://www.sciencedirect.com/science/article/abs/pii/S0926985126000674).
Məqalənin müəllifləri Fəxrəddin Qədirov, Nafiz Mədən, Rafiq Səfərov və Murad Qəhrəmanovdur. Bu tədqiqat işi yüksək tektonik aktivliklə xarakterizə olunan və zəngin karbohidrogen ehtiyatlarına malik Cənubi Xəzər hövzəsinin yer qabığı quruluşunun dərindən öyrənilməsinə həsr edilib.
Aparılan mürəkkəb elmi analizlərin nəticəsində bölgənin geoloji quruluşu ilə bağlı mühüm yeniliklər əldə edilib. Tədqiqatlara əsasən, Abşeron-Pribalxan zonasında Moxo sərhədinin (yer qabığı ilə mantiya arasındakı sərhəd) dərinliyi təqribən 42 km olaraq qiymətləndirilib. Şərqə doğru bu dərinliyin azalaraq Pribalxan yaxınlığında 36 km-ə, bilavasitə Pribalxan zonasında isə 39 km-ə çatdığı aşkarlanıb. Ümumilikdə isə Cənubi Xəzər hövzəsində Moxo sərhədinin 29-40 km arasında dəyişdiyi və mərkəzi hissədə təqribən 34 km olduğu müəyyənləşdirilib.
Eyni zamanda qravitasiya məlumatlarına Ümumi Üfüqi Qradiyent (THG), Şaquli Birinci tərtib Törəmə (VFD) və Təkmilləşdirilmiş Logistik (IL) metodları tətbiq edilərək hövzədəki qırılmalar, geoloji sərhədlər və struktur lineamentlər dəqiqliklə müəyyən edilib. Bu araşdırmalar nəticəsində Türkmənbaşı-Mahaçqala və Səngəçal-Oqurçi regional qırılmalarının yerləşməsi və tektonik təsirləri barədə yeni məlumatlar təqdim olunub.
Bu kompleks elmi yanaşma Cənubi Xəzər hövzəsinin geoloji quruluşu və regionda tektonik proseslər haqqında əhəmiyyətli məlumatlar təqdim edir. Əldə edilən nəticələr həm Yer qabığının mürəkkəb quruluşunun və geodinamik mexanizmlərinin anlaşılmasında, həm də neft-qazlı bölgələrin və palçıq vulkanlarının dəqiq yerlərinin proqnozlaşdırılmasında mühüm elmi baza rolunu oynayacaq.