
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
BİR SUAL
“İşğaldan azad edilmiş Azərbaycan torpaqlarının geoloji quruluşu və mineral resursları ilə bağlı tədqiqatlarınız haqqında nə deyə bilərsiniz?”
Sualı Geologiya və Geofizika İnstitutu Dinamiki geologiya şöbəsinin rəhbəri AMEA-nın müxbir üzvü Tələt Kəngərli cavablandırır.
- Ermənistanın 30 illik işğalından azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma işləri və “Böyük qayıdış” Dövlət Proqramının reallaşması hazırda sürətlə davam edir. Mineral resurslarla zəngin sahələrdə geoloji axtarış-kəşfiyyat işlərinin yeni mərhələsinə başlanıb. Bu işlərə dəstək olaraq bölgənin geoloji quruluşu və mineral resursları ilə əlaqədar şöbəmizdə intensiv işlər gedir. Əvvəl onu deyim ki, Qarabağ-Şərqi Zəngəsur bölgəsinin geologiyası, ümumiyyətlə, təbiəti və təbii sərvətləri ilə bağlı araşdırmalar şöbəmizdə 2013-cü ildən davam edir. Məqsədimiz də odur ki, işğal altındakı ərazilərin və oradakı mineral resursların mənimsənməsini beynəlxalq səviyyədə əsaslandırmaq üçün erməni cəhdlərinin qarşısını alaq. Çünki Qarabağ erməniləri tərəfindən “Атлас Нагорно-Карабахской Республики (Арцаха)” adlı atlas 2009-cu ildə, həmçinin «Геология и минеральные ресурсы Нагорно-Карабахской Республики» adlı monoqrafiya 2011-ci ildə erməni, rus və ingilis dillərində nəşr edilmişdi və geniş ictimaiyyət arasında yayılmışdı.
Nankorların bu sayaq bəd əməllərinin qarşısını almaq istiqamətində ilk addım Prezident yanında Elmin İnkişafı Fondu vә YUNESKO üzrә Azәrbaycan Respublikasının Milli Komissiyasının beynәlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgә müsabiqәsinin maliyyələşdirdiyi “Qarabağın geoloji atlası” layihəsi çərçivəsində atılıb. Lakin maliyyə çətinlikləri ilə bağlı layihə sona çatdırılmadı və atlasın müəllif maketi çapa təqdim olunmadı.
Problemin mühüm əhəmiyyətini nəzərə alaraq o vaxtlar AMEA-ya rəhbərlik edən akademik Akif Əlizadə Azərbaycan Respublikasının Baş Nazirinə məktubla müraciət etmiş və onun müvafiq sərəncamı ilə bölgə üzrə təbii ehtiyatlar atlasın tərtibi istiqamətində işlər həyata keçirilmişdi. Atlasın tərtibində əsas icraçı təşkilat Geologiya və Geofizika İnstitutu (işin elmi rəhbəri – T. Kəngərli) olmaqla digər müvafiq təşkilatlar və aparıcı mütəxəssislər iştirak ediblər. Nəticə olaraq “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar Atlası” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində 2024-cü ilin sonunda nəşr edildi. Bu qiymətli iş geniş ictimaiyyət və elmi cameələr arasında rəğbətlə qarşılanır.
Növbəti addım Akif Əlizadə, Tələt Kəngərli və Dadaş Hüseynovun müəllifi olduqları “Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar” adlı ikicildlik monoqrafiyanın cari ilin aprel ayında nəşri ilə atıldı. Bu monumental əsər məhz elmdə və istehsalatda çalışan yeni nəsl geoloqların, eləcə də yerlı idarəetmə orqanları və geniş oxucu auditoriyasının bölgənin geoloji mühiti haqqında məlumatlandırılması məqsədini güdür.
Birinci cilddə ərazinin geodinamiki mövqeyi, tektonikası, stratiqrafiyası, maqmatizmi, seysmikliyi, eləcə də süxurların təbii radioaktivliyinə aid mövcud məlumatlar ümumiləşdirilərək sistemləşdirilmiş və yığcam, lakin dolğun şəkildə təqdim edilib.
Monoqrafiyanın ikinci cildində bölgənin yeraltı suları, geniş yayılmış metal və qeyri-metal faydalı qazıntı yataq və təzahürləri, bunlarda və hidrotermal dəyişilmiş zonalarda müşahidə edilən minerallar, nəhayət, ilk dəfə olaraq nadir geoloji-geomorfoloji və hidroloji obyektlər (geosaytlar), onların geo və ekoturizm potensialı haqqında məlumat verilir.
Bu elmi əsərdə yerləşdirilmiş məlumatların geniş ictimaiyyətə və maraq göstərən qurumlara çatdırmaq məqsədilə monoqrafiyanın ingilis və rus dillərinə tərcüməsi və 2026-cı ilin sonunadək nəşri nəzərdə tutulub.
Bizim şöbəmiz daha bir təşəbbüs Azərbaycan Respublikası iqtisdadi rayonlarının geoloji təyinatlı xəritələrinin 1:200000 miqyasda tərtibi və nəşri ilə bağlı- dır.bMövcud orta və iri miqyaslı geoloji təyinatlı materialların kompleksli məkan-zaman təhlili aparılmaqla 2022-2024-cü illər ərzində ölkənin hər iqtisadi rayonu üçün topoqrafik bağlantılı geodinamik əsaslı xəritələr komplekti (geoloji, hidrogeoloji, mühəndisi geoloji, faydalı qazıntılar) tərtib edilib və nəşr üçün ETSN Geodeziya və Kartoqrafiya Agentliyinə təqdim edilib. Bu xəritələrin əsas hissəsi çap edilib, Qarabağ və Şərqi Zəngəsur iqtisadi rayonlarının xəritələri isə cari ilin sonunadək nəşr edilməlidir. Bu xəritələr komplekti ölkənin iqtisadi inkişafı və gələcək geoloji tədqiqatların aparılmasında böyük əhəmiyyət kəsb edir, xüsusən işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri və “Böyük Qayıdış” Dövlət Proqramının reallaşması istiqamətində mühüm məlumat bazası kimi istifadə edilə bilər.
Bu yerdə şöbə əməkdaşlarının digər elmi tədqiqatları haqqında məlumatı təqdim etməyi də lazım bilirəm. Hazırda şöbədə “Şimali Qafqaz və Mərkəzi İran mikroplitələrinin kolliziya bağlanma vilayətində Fanerozoy təkamül proseslərinin geodinamik modelləri (palinspastik yenidənqurmalar)” adlı mövzu üzrə elmi-tədqiqat proqramı çərçivəsində işlər aparılır. 2029-cu ilin sonunadək realaşması nəzərdə tutulan işdən məqsəd mövcud geoloji-geofiziki və paleotektonik materialların kompleksli məkan-zaman təhlili və paleomaqnit məlumatların emalı əsasında bölgədə Yer qabığı bloklarının ayrılması, baş vermiş geodinamik təkamül proseslərində onların üfüqi yerdəyişmə dinamikasının geosistem əsaslı modelləşdirilməsindən (palinspastik yenidənqurmalar aparmaqla paleotektonik model-xəritələrin tərtibi) ibarətdir. Regional və qlobal geotektonikanın nəzəri və tətbiqi problemlərinin həlli, ətraf mühitin idarə olunması və tədris sektorlarının öz vəzifə və məqsədlərinin yerinə yetirilməsi üçün işlənilib hazılrlanması nəzərdə tutulan geosistem əsaslı geodinamik (paleotektonik) modellərə ehtiyacın mövcudluğu işin praktiki əhəmiyyətini müəyyən edir.
Daha bir tədqiqat işi AR ərazisinin geodinamiki əsasda geoloji təyinatlı xəritələr komplektinin (miqyas 1:250000 - 1:500000) işlənib hazırlanması ilə bağlı həyata keçirilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ərazisinin təbii-geoloji mühitinə aid mövcud xəritə və modellər Yer qabığının xüsusiyyətlərini hazırda tam şəkildə əks etdirmir. Onların əksəriyyəti kiçik miqyasda və sxematik fıziki-coğrafı əsasda qurulub, çoxsaylı faktoloji və texniki qüsurlar daşıyır. Biz isə nəzərdə tutduğumuz xəritələrin geodinamiki təhlil əsasında tərtibini planlaşdırırıq.
Deyilənlərlə yanaşı “Naxçıvan diyarının geoloji irsi”monoqrafiyasının çapı və 2016-cı ildə Azərbaycan dilində işıq üzü görmüş “Naxçıvan Muxtar Respublikasının stratiqrafiyası” adlı monoqrafiyanın (müəlliflər – Ş.Ə.Babayev, T.N.Kəngərli, A.B.Məmmədov) rus və ingilis dillərinə tərcümə edib nəşrini cari ilin sonunadək reallaşdırmaq da hədəfimizdədir.