Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də CƏNUBİ XƏZƏR VƏ KÜR ÇÖKƏKLİKLƏRİNİN DƏRİNLİK QURULUŞU HAQQINDA ELMİ MƏRUZƏ DİNLƏNİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclasında “Cənubi Xəzər və Kür çökəkliklərinin dərinlik quruluşu” mövzusunda elmi məruzə dinlənilib.
Elmi şura iclasını giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə iclasın əvvəlində iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Gündəlik təsdiqləndikdən sonra g.-m.e.d. Namaz Yusubov deyilən mövzuda məruzə edib.
Məruzəçi bildirib ki, Böyük Qafqazın akkresiya prizması Abşeron yarımadası və Xəzər hövzəsində öz təbii davamını tapır, Abşeron astanasının strukturunda gömülmüş vəziyyətdə iştirak edir. Bunu Xəzərin Azərbaycan sektorunda aparılmış son seysmik tədqiqatların nəticələri də sübut edir.
Alim sonra Cənubi Xəzər və Kür çökəkliklərinin dərinlik quruluşu haqqında tədqiqatlarını çoxsaylı misallarla təqdim edib, elmi mülahizələrini şəkil və diaqramlarla təqdim edib.
İclasın gündəliyinə daxil olan ETİ-lərin yerinə yetirilməsinin gedişatı ilə bağlı Geologiya və Geofizika İnstitutu ilə Radiasiya Problemləri İnstitutu arasında imzalanmış “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” (2023–2025) müqaviləsi çərçivəsində AMEA-nın müxbir üzvü Çingiz Əliyevin və AMEA-nın müxbir üzvü İslam Mustafayevin, həmçinin “Alp-Himalay qırışıqlıq zonasının Qara dəniz-Xəzər seqmentinin müasir flüid aktivliyinin geodinamiki aspektləri” mövzusunda AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun məruzəsi dinlənilib, çoxsaylı suallara aydınlıq gətirilib.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna, RF) səfəri haqqında hesabat təqdim edib. Bildirilib ki, bu İnstitutda 20-dən çox azərbaycanlı alim çalışır və elmi dərəcələrini artırır . Onların nüvə sahəsində Azərbaycan üçün çox önəmli alim-mütəxəssis kimi yetişmələri üçün hər cür şərait yaradılıb. GGİ-nin silsilə nəşri olan “Elmin cazibəsi” kitabının növbəti - beşinci sayı bu səfərin nəticələrinə həsr olunacaq.
Y.e.f.d. Səadət Ələkbərova GGİ-də kadr hazırlığı haqqında çıxış etdikdən sonra iclasda daha bir sıra məsələlərə baxılıb və qərar çıxarılıb.