Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA GEOKİMYANIN İNKİŞAFI TARİXİ
Azərbaycanda geokimya elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında akad. M.Ə.Qaşqayın əməyi danılmazdır. Onun H.X.Əfəndiyevlə birlikdə 1938-ci ildə dərc etdirdikləri “Mehmana qrupu polimetal yataqlarının geokimyası” məqaləsi respublikamızda geokimya sahəsində ilk iş sayılır.
Bundan sonra institutumuzda məqsədyönlü sistematik geokimyəvi tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılmışdır: nadir elementlərin maqmatik və çökmə süxurlarda paylanması, filiz yataqlarının geokimyası, mineral bulaqlar və neft yataqları lay sularının geokimyası, neft və qazların geokimyası.
Maqmatik süxurlarda kimyəvi elementlərin paylanma qanunauyğunluqlarının tədqiqi filizəmələgəlmə və petrogenez sahəsində bir sıra mühüm sualların aşkar edilməsində əvəzedilməz faydası vardır. Bu istiqamətdə M.Ə.Qaşqayın nadir elementlərin – qallünitin alunitdə, nikelin listvenitlərdə və ultrabazitdə paylanmasına həsr edilmiş işləri ilkin sayılır. Onun «Azərbaycanın əsas metallogenik və geokimyəvi cəhətləri» əsərində Respublikanın ərazisində adı çəkilən geoloji vahidlər ayrılmışdır ki, bunun da qiyməti əvəzedilməzdir.
Bununla yanaşı, H.X.Əfəndiyevin «Azərbaycanın ultraəsasi süxurlarının nikelliyi» əsərini də nəzərə almaq lazımdır. F.İ.Vəkilovanın «Kobaltın geokimyası» əsəri kobaltın əsas geokimyəvi xüsusiyyətləri: maqmatik və çökmə əmələgəlmələrdə paylanması və rastgəlmə formaların araşdırılmasına həsr edilmişdir.
Sonralar Z.B.Abdullayev zəngin kimyəvi-analitik material əldə edərək ultraəsasi süxurların dəqiq nomenklatura və təsnifatını vermişdir. Müəllifin təfərrüatına görə, tədqiq edilən süxurlar heterogen mənşəyə malikdirlər. Hazırlanmış geokimyəvi kriterilər imkan vermişdir ki, ultrabazitlərin xromitlilik məsələsinə yenidən baxılmalıdır. Uzun illər şliz tipli dunitlər deyil, piroksenli dunitlər bu elementlə zəngindirlər. Müəllif dəmir qrupu elementlərin paylanma qanunauyğunluğuna daha dərin fikir vermişdir. Onların paylanma balansının hesablanması sayəsində əldə edilmişdir ki, xrom istisna olmaq şərtilə, digərləri süxurəmələgətirən mineralların kristal qəfəsinə daxil olaraq, ya dəmiri (Sc, Ni, V), yaxud da maqneziumu Nl, Ca izomorf əvəz edirlər. Xrom isə peridotit maqmasının ilkin məhsulu kimi fərdi mineralı olan xromit formasında təmərküzləşmişlər.
Sonralar bu tədqiqat işləri genişlənərək, S.F.Hüseynova ilə birlikdə «Kiçik Qafqazın ultrabazitlərinin geokimyası» monoqrafiyası dərs edilmişdir.
Ultrabazitlərin tədqiqi zamanı qarşıya çıxan vacib məsələlərdən biri də uzun zaman mübahisə doğuran, serpontinləşmə zmanı həsmin dəyişib-dəyişməməsi və nadir elementlərin gətirilib yaxud çıxarılması məsələsidir. Eksperimental yolu ilə dəqiq müəyyən olunmuşdur ki, bu proses avtoserpentinləşməyə məruz qalaraq, izokimyəvi dəyişir. Son illərdə, müəllifin iştirakı ilə, serpentinit-perlit kompozisiyası əsasında, ilk dəfə olaraq maqnezium saxlayan seolitəbənzər adsorbent alınmışdır.
Qeyd etmək vacibdir ki, bütün bu tədqiqatların aparılmasında bilavasitə G.A.Muradxanova yaxından iştirak etmişdir.
Maraqlı işlərdən biri də Ə.S.Heydərov tərəfindən səpinti əmələgətirən molibdenin dəlidağ qranitoidlərində paylanma qanunauyğunluğu və rastgəlmə formasının öyrənilməsidir. Burada eyni zamanda səpinti uranın çıxarılması diqqəti çəkəndir. Uranın yüksək qiyməti müəllif tərəfindən hidrotermal-radium metasomatizmi və onun təsirindən elementin aksessor minerallarda peyda olması ilə edilir. Əldə edilən bütün bu nəticələr uranın fərdi geokimyəvi xəritəsinə köçürülmüşdür. Ötən əsrin sonlarında radioaktiv və nadirqələvi elementlərin Kəlbəcərin vulkanik süxurlarında geokimyəvi xüsusiyyətini araşdıran müəllif uranın aşağıdakı rastgəlmə formalarını müəyyən etmişdir: a) liparit və traxiliparitlərin süxurəmələgətirən fenokristallarında səpinti halında, b) obsidian və perlitlərdə dispers-səpinti halında, v) aksessor mineralların kristallik quruluşunda xüsusi mineralları şəklində. Tutxun intruziv kompleksində uran və toriumun əsas miqdarları süxurəmələgətirən minerallarda, cüzi bir hissəsi isə izomorf qatışıq şəklində aksessor minerallarda toplanmışlar.
Ə.S.Heydərov və A.C.İsmayılzadə tərəfindən radioaktiv və qələvi elementlərin Talışın qələvi-bazalt kompleksində paylanma xüsusiyyətlərinin tədqiqi əsasında müəyyən edilmişdir ki, vulkano-plutonik kompleksin formalaşmasında daha əlverişli şərait vulkanogen proses zamanı baş verir. A.C.İsmayılzadənin fikrincə, bu kompleksin müxtəlif differensiatların formalaşmasında dəmir qrupu elementləri indikator rolunu oynayırlar.
M.İ.Rüstəmov tərəfindən mükəmməl petrokimyəvi dəlillər əsasında müəyyən edilmişdir ki, Naxçıvanın araz zonası Luakatax qranitoid intruziv kompleksi süxurları vahid genetik seriyaya mənsub olub, əhəngli-qələvi maqmanın məhsuludur. Həmin süxurlarda zəngin analitik materiallar əsasında çoxsaylı qatışıq elementlərin geokimyəvi xüsusiyyətləri araşdırılmışdır. Müəllifin fikrincə, bununla istənilən maqmatik kompleksin mühüm geoloji xüsusiyyətlərini aydınlaşdırmaq, onların potensial filizlilik qabiliyyətini təyin etmək mümkündür.
Qızıl, mis, molibden və onları müşayət edən metallogen xalkofil radioaktiv və s. elementlər qrupunun Luakatax qrupu intruzivində paylanma qanunauyğunluğunu araşdırmaq imkan vermişdir ki, potensial filizliliyin mümkünlüyü aşkar edilsin. İntruziv süxurların faza sırasında elementlərin paylanması vahid maqmatik prosesdə baş verən əsaslı dəyişikliyi göstərir. Bu hal intruziv massivlərdə və dayka əmələgəlmələrdə elementlərin paylanmasının məkanca və süxurların differensasiyasında öz əksini tapır. Həmçinin müşahidə olunur ki, hər intruziv daxilində fazalarda onların toplanması baş verir. İntruziv fazaların süxurlarında molibdenin, dayka fazasında isə qızıl və misin toplanması baş verir. Beləliklə, qızıl və molibdenin öz aralarında həmçinin mantiya elementləri ilə korrelyasiya əlaqələri imkan verir ki, onlar iki müxtəlif dərinliyə malik olan mənbədən gətirilirlər: qabıq və qabıqaltı. Bütün geokimyəvi dəlilləri cəmləşdirərkən aydın olur ki: sənaye əhəmiyyətli minerallaşması mis yaxud mis-molibden, polimetallik və qızıl-filiz üçün ayırmaq olar.
Geokimyəvi-statistik analiz nəticəsində M.N.Məmmədov və G.C.Babayeva müəyyən etmişlər ki, subqələvi maqmatik ilkin differensiatlarının əmələ gəlməsində əsas faktor kimi kristallaşma differensiasiyanın rolu böyükdür. Müəyyən edilmişdir ki, sonuncu dəmir qrupu elementlərinin qələvi, qələvitorpaq və nadirtorpaq elementlərinin differensiatlarda və onların süxurəmələgətirən minerallarında paylanmasını tənzimləyən faktorlardan biridir. Kompleks petro-geokimyəvi və mineraloji tədqiqatlar əsasında müəyyən edilmişdir ki, metasomatik çevrilmiş şpinel-qranat peridolitləri iki dəfə əriyirlər: ərintinin 2,5-9% hissəsini təşkil edən ərinti sübqələvi olivin-bazalt maqmasına müvafiq gəlir, ikinci dəfə ərintinin 17%-i təşkil edən hissədən sübqələvi pikrit maddəsi əmələ gəlmişdir.
M.N.Məmmədov tərəfindən Kiçik Qafqaz və Talışın maqmatik formasiyasının geoloji-geodinamik və petroloji-geokimyəvi formalaşmasının müvafiq xüsusiyyətləri araşdırılmışdır. Müəllif tərəfindən mineral paragenezislərində və qalıq ərintidə qatışıq elementlərin davranışı təqdim edilmişdir. Filiz və süxurəmələgətirən komponentlərin paylanma əmsalı və varlıq forması hesablanmışdır. Xocavənd çökməsinin traxibazalt formasiyasının petrogeokimyəvi formalaşma xüsusiyyəti öyrənilmişdir. Müəyyən edilmişdir ki, dəmir qrupu elementlərindən nikel və kobalt əsasən olivində təmərküzləşir, xrom klinopiroksenə bağlıdır; titan və vanadium öz mineralları olan titanomaqnetit və kulsonit minerallarını əmələ gətirirlər.
N.Ə.Novruzov tərəfindən Şərqi Qafqazın kolçedan yataqlarının tekstur-mineraloji filiz tipləri, sulfid mineralları, oksidləşmə zonaları və filiz yerləşən qumlu-gilli çöküntülərində nadir elementlərin paylanma qanunauyğunluqları müəyyən edilmişdir. Filizlərdə komponentlər arasında qarşılıqlı əlaqələr və sulfid minerallarının nadir elementlərlə zənginləşmə dərəcəsi aşkar edilmişdir.
Qurğuşun və mis sulfoduzlarının yüksək rolu olduğu kolçedan-polimetal yataqlarında müşayətedici nadirmetal filizləşməsinin daha böyük inkişafa malik olması Filizçay yatağı timsalında göstərilmişdir.
Filizçay yatağı və fildizətrafı məkanda əsas və qatışıq elementlərin paylanmasının ümumi qanunauyğunluğu cinahlarda və dərin horizontlarda kolçedan filizləşməsinin proqnozu üçün istifadə edilmişdir.
Kolçedan filizlərində sulfid minerallarında element-qatışıqların paylanma parametrləri filizəmələgəlmə prosesinin fiziki-kimyəvi şəraitinin geokimyəvi kriteriləri qismində, həmçinin filiz maddəsinin mənbəyi məsələlərinin aydınlaşdırılmasında istifadə edilmişdir.
Filizçay, Katex və Kasdağ yataqlarının kolçedan polimetal filizlərində qızıl və gümüşün mütləq miqdarlarının müqayisəli təhlili minerallaşmanın assimilyasiya qabıq mənbəyi ilə əlaqəsini dolayısı ilə göstərir.
N.Ə.İmamverdiyev tərəfindən Kiçik Qafqazın gecyura vulkanik kompleksin ilkin maqması təyin edilmiş, mantiya mənbəyinin ərimə dərəcəsi qiymətləndirilmiş və bu maqmanın əmələ gəlməsində mantiya metasomatozunun rolu qiymətləndirilmişdir.
Kiçik Qafqazın geskaynazoy seriyasında nadirtorpaq elementlərin paylanma qanunauyğunluqlarına əsaslanaraq müəyyən edilmişdir ki, onların tədqiq olunan süxurlarda yüksək miqdarları dərinlikdə metasomatik dəyişilmiş mantiyanın zəif əriməsindən asılıdır. Vulkanitlərin ilkin substratı metasomatozlaşmış lersolitə müvafiq gəlir.
Yeni petrogeokimyəvi tədqiqatların köməyi ilə müəyyən edilmişdir ki, eosen-dördüncü dövr vulkanitlərdə müşahidə olunan subdiksion əksi, Türk-İran platosunun, həmçinin Kiçik Qafqazın altında mantiya litosferi yerləşir.
Kiçik Qafqazın skarn metasomatitlərinin geokimyəvi xüsusiyyətləri C.Ə.Azadəliyev tərəfindən öyrənilmişdir. Kompleks tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, andradit, epidot, hematit və xalkopirit bir sıra nadir elementlərin toplayıcılarıdır. Sürmənin cüzi miqdarı qranat və digər minerallarda, adətən mineralların dəmirliliyi ilə düz mütənasibdir. Bir qayda olaraq, filizətrafı dəyişiklik kimi özünü göstərən qranatların andraditləşməsi skarnların sürməlilik kriterisi kimi özünü göstəriri. Sn, V, MoCu, Ni, Co elementlərin metasomatitlərin şaquli kəsilişdə qanunauyğunluq əldə edilmişdir. Müəllifin fikrincə, qızılçınqıllı-kilid sahəsini sürmə üçün perspektiv saymaq olar. Böyük Qafqazın Duruca zonasının qara şistləri geokimyəvi kriterilərə əsasəlanaraq qızıllığa malik olmaları əsaslandırılmışdır.
Qaradağ və Göydağ mis-porfir yataqları timsalında həcmi-geokimyəvi modellər və irimiqyaslı horizontlar üzrə xəritələr tərtib edilmişdir ki, onlar mis və molibdenin üçistiqamətli həcmdə miqdarını göstərərək əsas metalların sənaye anomaliyalarını göstərir ki, bu da mineral-geokimyəvi kriteri və gizli filizləşmənin proqnozunu təyin edir.
Böyük Qafqazın Cənub yamacının qumdaşı-gilli süxurlarını tədqiq edən D.D.Mazanov misin müsbət klarkını aşkar etmişdir. Bu halı müəllif çöküntütoplanmanın tarixi, diogenez və dərinlik epigenezi ilə əlaqələndirir. Müəllif sonralar həmin süxurlarda qələvi elementlərin paylanmasını öyrənmişdir. O, həmkarları ilə birlikdə bütün iri çayların geoloji-geokimyəvi kəsilişlərində sink, qurğuşun və kobaltın paylanma qanunauyğunluğunu aşkar etmişdir. Həmin elementlər Filizçay və Kasdağ yataqlarının yerləşdikləri süxurlarda da tədqiq edilmişdir.
Z.A.Vəliyev Kiçik Qafqazın Göyçə-Həkəri qırışıqlıq zonasında karbonat süxurlarda əlvan metalların yayılması problemi ilə məşğul olmuşdur. Sonralar germanium və civə haqqında məlumatlar əldə edilmişdir. Əlavə olaraq, Neokom və Yuxarı Senon əhəng daşlarında Cr, No, Co, Mo, V və Cu elementlərinin paylanma qanunauyğunluqları araşdırılmışdır. İlk üç elementin yüksək miqdarları ofiolit kompleksinin yuyulması məhsulu olması güman edilir. Səksəninci illərdə ofiolit zonasının yeni baxışda metallogeniyasına müraciət edilmiş, filiz yataqlarının axtarış metodu kimi stratiqrafik-litoloji-geokimyəvi profilləmə üsulu təklif edilmişdir. Qaz-civə metodunun tətbiq perspektivləri və əhəmiyyəti öyrənilmiş və müəyyən edilmişdir ki, yüngül uçucu elementlərin (civə, flüor, brom, yod və fosfor) buxarlarının tədqiqi geologiyanın nəzəri və tətbiqi məsələlərinin həllində seysmoaktiv vilayətlərin rayonlaşdırılmasında, dərinlik qırılmaların xəritələnməsi və təsnifatında, perspektiv metallogenik zonaların ayrılmasında, ekoloji problemlərin həyata keçirilməsində istifadə edilə bilər.
N.A.Qurbanov tərəfindən Qafqazın yataqlarının dərin horizontlarında və cinahlarında gizli filiz gövdələrini aşkar etmək üçün geokimyəvi axtarış metodu hazırlanmışdır. Qızılçanlı filiz təzahürünün dərin horizntlarında və cinahlarında volfram, molibden və misin paylanma xüsusiyyətləri araşdırılmışdır. Qızılçaqılın filizləşməsinin skarnlarında Ti, V, Mn, Cr-un yayılması araşdırılmışdır.
Meqri-Ordubad plutonunun cənub-qərb yamacının skarn kompleksinin sürməlilik xüsusiyyəti də müəllifin tədqiqatlarına aiddir.
G.A.Balakişiyevanın Mehmana və Gümüşlü polimetal yataqlarının baş minerallarında kadmium, indium, qallium və gümüşün paylanma və korrelyativ qarşılıqlı münasibətlərinə həsr edilmiş məqalələri də diqqətəlayiqdir. Qeyd olunur ki, sfaleritin rənginin dəyişməsi ilə miqdarının heç bir əlaqəsi yoxdur.
İndiumun tünd sfaleritdə artması və dəmirlə düz mütənasiblik təşkil etməsi mineralın əmələgəlmə dərəcəsindən asılıdır. Gümüşlü yatağının sfaleritlərində indiumun miqdarının azalması filizəmələgətirən məhlulların bu elementlə kasıblığıdır.
A.A.Məqribi tərəfindən Kiçik Qafqazın şimal-şərq və mərkəzi hissəsinin sulfidlərində nadir elementlərin paylanma qanunu öyrənilmişdir. Selenin artıq miqdarı Qızılbulaq yatağının xalkopiritlərində aşkar edilmişdir. Polimetal filizlərində gümüşün yüksək miqdarı Başqışlaq barıt-polimetal yatağında özünün prustit və stromeyerit kimi sərbəst minerallarının olması ilə izah edilir. Eyni zamanda bu yataqlarda sulfid və sulfat filitzlərinin izotop-geokimyəvi xassələri araşdırılmışdır.
G.C.Babayeva Talış zonası subqələvi ultraəsasi formasiyasının petroloji-geokimyəvi xüsusiyyətləri mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Bu süxurlarda dəmir fəsiləsi, qələvi və nadirtorpaq elementlərin kristallaşma nəticəsində mineraldaşıyıcısı və torlayıcılarda paylanma mexanizmini araşdırmışdır.
Bununla yanaşı, qeyd olunan elementlərin əsas kütlə və möhtəvilər arasında paylanma əmsalları təyin edilmişdir.
Kiçik Qafqazın gec təbaşir yaşlı maqmatik komplekslərinin petroloji və geokimyəvi aspektlərinin təhlili əsasında formalaşmalarının fiziki-kimyəvi və geokimyəvi cəhətləri aydınlaşdırılmışdır. Süxurəmələgətirən və dəmir-titan oksidi minerallarının mineral tərkiblərinin təyini əsasında həmin maqmatik komplekslərin seriya müxtəlifliyinin ilkin bazalt maqmasının təkamülünün dəyişməsi ilə tənzimlənməsi müəyyən edilmişdir.
Müəllif mezotetisin inkişafının kolliziya mərhələsində dəmir-titan oksidləri minerallarının indikator rolu oynadığını aşkar etmişdir.
M.Y.Həsənquliyeva Kiçik Qafqazın mərkəzi hissəsinin neogen yaşlı vulkanizminin petrogeokimyəvi modelini hazırlamışdır. İlk dəfə olaraq nadir və nadirtorpaq elementlərinin geokimyəvi xüsusiyyətlərinin və nisbətlərinin dəyişməsi əsasında mantiya mənbəyinin xarakteri və fraksiyalaşma prosesinin tipi aydınlaşdırılmışdır. İsbat edilmişdir ki, andezit-dasit-riolit formasiyası süxurlarının kristallaşmasının erkən və orta mərhələlərində amfibolun kristallaşması, növbəti diferensatların əmələ gəlməsi üçün əhəmiyyətli olmuşdur. Modelləşmə əsasında ilkin andezit və Yer qabığı kontominantı kimi götürülmüş riolit maqmalarının qarışması nəticəsində dasit tərkibli süxur almaq mümkündür. Yüksək su təzyiqi şəraitində yuxarı maqneziumlu olivin-klinopiroksen fraksiyalaşması nəticəsində əmələ gəlmiş zəngin alüminiumlu bazaltların formasiya süxurları üçün ana maqma olması sübuta yetirilmişdir. Müəllifin «Kiçik Qafqazın gec kaynazoy kolliziya vulkanizminin petrologiya və geokimyası» monoqrafiyası diqqətçəkəndir.
K.F.Abbasov Gədəbəy intruzivinin süxurlarının petroqrafik təsvirini yerinə yetirmiş, onların kimyəvi tərkibləri əsasında müxtəlif təsnifat və genetik diaqramların qurulmasını yerinə yetirmişdir. O, həmçinin əldə edilmiş məlumatların petrogenetik təhlilini apararaq alınmiş nəticələri geoloji obyektlərin araşdırılmasında istifadə etmişdir. Süxur və mineralların ümumi kimyəvi və mikroelement tərkibinin nəticələrindən istifadə edərək əmələgəlmə şəraitlərini öyrənmişdir. Nadir torpaq elementlərinin normallaşdırılmış diaqramlarının köməyi ilə Gədəbəy intruzivi timsalında əsasi və turş tərkibli intruziv süxurların formalaşmasında üst mantiya mənşəyinin və yer qabığının iştirakını araşdırmışdır.
F.H.Sarıyev yeni petroloji, geokimyəvi məlumatlar əsasında müəyyən etmişdir ki, Kiçik Qafqazın Murovdağ antiklinorisinin pikritləri və pikrobazaltları yetkin adalar qövsü şəraitində üst mantiya bünövrəsinin 25-30% əriməsi nəticəsində diferensasiya olmuş adalar qövsü ilkin olivin-bazalt maqmasının akkumulyativ əmələgəlmələri hesab oluna bilər. Bu proses petroloji baxımından mafik və ultramafik mineralların akkumulyasiyası ilə təsdiqlənir. Kiçik Qafqazın Murovdağ antiklinorisinin pikritləri bazalt elementləri ilə kasıb olub zəif diferensasiyaya uğramış restit tərkiblidirlər. Metallogenik cəhətdən qeyd olunan ərinti mis, nikel, xrom və qızıl minerallaşmaları üzrə ixtisaslaşmış əsl platin mənbələri hesab oluna bilər.
Zakir Abdullayev,