
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA LEKTORİYA KEÇİRİLİB
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda baş direktor akademik Akif Əlizadənin sədrliyi ilə “Keçmişin müasir zamanla inteqrasiyası və gələcəyə baxış: zəlzələlərin ssenar analiz metodları” mövzusunda lektoriya keçirilib. Tədbirdə İnstitut alimləri və gəncləri ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri də iştirak ediblər.
“Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi“ şöbəsinin rəhbəri y.e.e.d. professor Qulam Babayev reallaşdırdığı təqdimatda bildirib ki, keçmişdə ssenar zəlzələlərin modellərinin (xəritələrin, sxemlərin) qurulması anlayışı olmasa da, seysmik rayonlaşdırma üsulu mövcud idi. Müasir zamanda isə ssenar zəlzələlərin qrafiklənməsi və modelləşdirilməsi geniş vüsət alıb.
Q.Babayev bu istiqamətdə son illərdə görülmüş elmi tədqiqatlarla bağlı geniş məlumat verib. Məruzəçi 1902-ci ildə Şamaxı, 1981-ci ildə İsmayıllı, 2000-ci ildə Bakı-Xəzər dənizində və müasir dövrdə Azərbaycanda mövcud seysmik aktiv zonalarda baş vermiş zəlzələlərə istinadla nəzərə çatdırıb ki, seysmoaktiv ərazilərdə baş verə biləcək zəlzələlərin intensivliyi daha müasir üsullarla öyrənilməyə başlanması fərəhli haldır.
Alim bu istiqamətdə İnSAR texnologiyalardan, peyk məlumatlarının, seysmik parametrlərinin (maqnitudanın paylanması, maqnitudanın tezliyinin analizi) daha geniş təhlilindən, zəlzələ ssenarisinin qurulmasında deterministik və ehtimal üsullardan istifadənin də vacibliyini vuğulayıb. Bildirilib ki, bu zaman ərazinin geologiyası, topoqrafiyası, litologiyası, qruntun qiymətləndirilməsi və digər amillər nəzərə alınmalıdır.
Qulam Babayev gələcəkdə seysimk təhlükənin qiymətləndirilməsində qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün mövcud üsulların geniş şəkildə istifadəsini, onların vəhdətini, multi-dissiplinar yanaşmanı, beynəlxalq standartlara uyğunlaşdırılmasını, seysmik risk xəritələrin qurulmasını vacib amillər kimi önə çəkib.
Təqdimat zamanı mövzu ətrafında maraqlı diskussiya keçirilib, verilən suallar ətraflı cavablandırılıb.