Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA ELM GÜNÜ QEYD OLUNUB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İnstitutun baş direktoru akademik Akif Əlizadə çıxış edərək Elm Gününün təsis tarixi haqqında söz açıb, Elmlər Akademiyası tarixindən danışıb. Akademik bildirib: ”Mart ayının 27-si ölkəmizdə elmi ictimaiyyətin bayramı - Elm Günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilmiş bu əlamətdar gün ölkəmizdə artıq hər il bayram kimi qeyd edilir. 85 yaşlı hazırki Geologiya və Geofizika İnstitutu alimləri də ötən illər ərzində dövlətin və xalqın rifahı üçün çalışaraq dəyərli elmi nəticələrə nail olublar. Həmçinin onların ardıcılları – sonrakı nəsil alimlər də eyni məsləkə qulluq ediblər. İndi estafet gənclərə məxsusdur və çox təqdirə layiq haldır ki, onlar bu çətin , lakin şərəfli işi ləyaqətlə davam etdirir, geologiya və geofizika elminin sirlərinə əzmlə yiyələnir,yaşlı alim nəslinin elmi təcrübələrindən bəhrələnirlər. İnstitutumuzun kollektivi haqlı olaraq həmin gənclərə böyük ümid bəsləyir. İnstitut rəhbərliyi isə elmi inkişaf naminə gənclər üçün hər cür şərait yaratmağa hazır olduğunu nümayiş etdirməkdədir.”
Akademik Akif Əlizadə sonra il ərzində elmi işlərində yüksək nəticələr qazanmış akademik Əkpər Feyzullayevi, yer elmləri üzrə elmlər doktoru Qulam Babayevi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovu, geologiya-mineralogiya elmləri namizədi Yeganə Lətifovanı, coğrafiya elmləri doktoru Vaqif Məmmədovu, texnika elmləri doktoru Vaqif İbrahimovu, geologiya-mineralogiya elmləri namizədi Solmaz Vəlizadəni, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərovu və geologiya-mineralogiya elmləri namizədi Kamran Əliyevi “Təşəkkürnamə” ilə təltif edib.
Tədbirin sonunda İnstitutun I kurs doktorantı Əminə Şirinova pianoda Azərbaycan və dünya bəstəkarlarının müxtəlif janrlarda musiqisini səsləndirib.