Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA GƏNCLƏR VƏ GƏNC TƏDQİQATÇILAR ÜÇÜN DAVAMLI LEKTORİYALARA START VERİLİB
Elm və Təhsil Nairliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) gənclər və gənc tədqiqatçılar üçün bu aydan başlayaraq davamlı lektoriyalar keçiriləcək.
Mart ayı lektoriyası başlamazdan əvvəl Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə biliklərin inkişafında mühüm rol oynayan lektoriyaların əhəmiyyətindən həyati misallar əsasında danışıb, geniş maarifləndirmə təcrübələrindən söz açıb. Alim bildirib ki, İnstitutda hər ay təşkil olunacaq lektoriyalarda aparıcı alimlərin müxtəlif aktual problemlərə həsr olunmuş məruzələri planlaşdırılır. Bu tədbirlərdə həmçinin təcrübəli və geniş elmi bilikləri ilə tanınan mütəxəssilərlə gənclərimizin yaxından təmas qurmalarına şərait yaradılacaq.
Keçirilmiş ilk lektoriyada GGİ “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası” şöbəsinin rəhbəri akademik Əkpər Feyzullayev “Müasir dünyada karbohidrogen axtarışlarının əsas istiqamətləri və perspektivləri” mövzusunda təqdimat reallaşdırıb.
Məruzəçi icmal xarakterli məruzəsində karbohidrogen resurslarının təsnifatı (ənənəvi və qeyri-ənənəvi resurslar), neftin və qazın Yer təkində toplanması, müxtəlif növ KH ehtiyatları xassələrinin müqayisəsi, ənənəvi KH hasilatının artırılması yolları, antiklinal tələlərdə əsas axtarışlar və digər istiqamətlər haqqında diaqram və sxemlər əsasında müfəssəl məlumat verib.
Ə.Feyzullayev məruzəsində dünyanın qabaqcıl neft hasilatçılarının təcrübəsilə Azərbaycanda neft sənayesinin durumunu müqayisəli şəkildə təqdim edib. Xam neftin keyfiyyətindən misallar gətirən akademik Ə.Feyzullayev dünyada ağır neft və bitum ehtiyatı yataqları olan dövlətləri sadalayaraq diqqətə çatdırıb ki, Rusiya, ABŞ, Çin və Səudiyyə Ərəbistanı bu baxımdan “lider” sayılırlar. Bitumlu qumlar isə ən çox ABŞ ərazisinin payına düşür – 81, 6 faiz.
Məruzəçi təqdimatının nəticəsi olaraq diqqətə çatdırıb: “Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi dərc etdirdiyi hesabatında belə qənaətə gəlir ki, dünyanın neft və qaz ehtiyatları tükənmir. Sadəcə olaraq, onlar getdikcə daha əlçatan olur. Eyni zamanda, gələcək o qədər qeyri-müəyyəndir ki, onu planlaşdırmaq, demək olar ki, mümkün deyil”.
Məruzəçi təqdimatının sonunda gəlinən nəticəni açıqlayaraq bildirib ki, proqnoza görə, 2050-ci ildə neft, qaz və kömür dünyanın ən böyük enerji mənbələri olaraq qalacaq, bərpa olunan enerji mənbələri isə təxminən eyni səviyyəyə yüksələcək.
Sonda çoxsaylı suallar cavablandırılıb.
Çıxış edənlər – akademik Akif Əlizadə, akademik Vasif Babazadə (BDU), g.-m.e.n. Şahvələd Köçərli və başqaları akademik Əkpər Feyzullayevin Geologiya və Geofizika İnstitutunda fəaliyyətə başlamış lektoriyada “Müasir dünyada karbohidrogen axtarışlarının əsas istiqamətləri və perspektivləri” mövzusunda təqdimatını yüksək qiymətləndiriblər.