Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclası keçirilib.
İclasda Elmi şura üzvləri və şöbə rəhbərlərilə yanaşı, AMEA-nın vitse-prezidenti akademuk İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzininn baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli iştirak edirdi.
Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrindən danışıb, zəlzələ ilə bağlı şayiə, şübhəli məlumatların yayılması, qorxu, həyəcan məzmunlu əhvalın yaranmaması üçün əhali arasında maarifləndirici söhbətlərin aparılmasının vacibliyini bildirib. Akademik xüsusilə vurğulayıb ki, “süni zəlzələ” məzmununda az da olsa dilə gətirilən mülahizələri heç bir elmi əsası olmadığı mediada danışılsa da, alimlərin bu fikirləri qətiyyətlə təkzib etmək borcu unudulmamalıdır.
Sonra Türkiyədə baş vermiş zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi şuranın gündəliyi səsə qoyulub təsdiq olunduqdan sonra AMEA müxbir üzvü Fərhad Əhmədbəylinin anadan olmasının 100 illiyi münasibətilə akademik Akif Əlizadə və AMEA-nın müxbir üzvü Tələt Kəngərli alimin həyat və elmi yaradıcılığı haqqında danışaraq xatirələrindən söhbət açıblar.
Geologiya və Geofizika İnstitutunun elmi katibi g.-m.e.n. Yeganə Lətifova iştirakçıları GGİ və Ümumrespublika elmi seminarlarının iş planı ilə tanış edib. Bildirilib ki, hazırlanmış iş planlarında İnstitutda aparılan elmi-tədqiqat işləri ilə yanaşı “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək tədbirlər, Respublika Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin qərar və sərəncamlarının icrası haqqında məsələlər də əsas fəaliyyət istiqamətini ehtiva edir.
İclasda həmçinin Geologiya və Geofizika İnstitutunda ştatda vakant olan vəzifələri tutmaq üçün elan olunmuş müsabiqənin yekunları haqqında Müsabiqə komissiyasının sədri akademik Ə.Ə.Feyzullayev çıxış edərək məlumat verib, Elmi şuranın tərkibində qismən dəyişikliklərin edilməsi və Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi haqqında məsələlər müzakirə olunaraq qərar qəbul edilib.
Gündəliyin növbəti məsələsi Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş geoloq və geofizik tələbələrin, gənc mütəxəssislərin “Geologiyada və geofizikada fənlərarası tədqiqatlar – elmin gələcəyidir” mövzusunda Ümumrespublika olimpiadasının keçirilməsi haqqında olub. Məsələ ilə bağlı Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev iştirakçıları məlumatlandırıb.
Sonda “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından g.-m.e.d., prof. Adil Əliyevin “Biblioqrafiya” kitabının nəşrə tövsiyə edilməsi haqqında məsələyə baxılıb.