Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU MAGİSTRLARININ ATTESTASİYASI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) 2022/2023 tədris ilinin qış imtahan sessiyası sona çatıb.
Sessiyanı müvəffəqiyyətlə başa vurmuş I və II kurs magistrantları fevralın 9-da attestasiyadan keçiblər. Tədbir İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun sədrliyi ilə reallaşıb. Attestasiyada “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təhsil alan magistrantların fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqatların yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələr, elmi konfranslarda iştirak və həmçinin dissertasiya işlərinin icrasına aid digər məsələlər müzakirə edilib.
Komissiya II kurs magistrantlarının dissertasiya işlərinin gedişatı ilə tanış olub, növbəti semestrdə aparılacaq nəzəri və çöl işləri haqqında müzakirələr aparıb. Elmi rəhbərlər, attestasiya olunan magistrantların elmi tədqiqatlarda iştirakı və dissertasiya mövzuları üzərində işləmələri haqqında müfəssəl məlumat veriblər.
Geologiya və Geofizika İnstitutunun qarşısında mühüm vəzifə kimi duran tədqiqat işlərində aktiv və məhsuldar fəaliyyət üçün geniş imkanların olması xüsusi olaraq gənc alimlərin nəzərinə çatdırılıb.
Magistrantlar dissetasiya işlərinin icrasında yaradılmış şəraitə görə elmi müəssisənin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Beləliklə, Attestasiya Komissiyasının qərarı ilə magistrantlar növbəti semestrə keçiriliblər.