Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA ELMİ ŞURALARIN BİRGƏ İCLASI KEÇİRİLİB
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu, Təbiət Tarixi Muzeyi və Yer Elmləri Bölməsi Elmi şuralarının birgə iclası keçirilib.
Tədbirdə Geologiya və Geofizika İnstitutunun 2022-ci ildə dünyasını dəyişmiş alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iclası idarə edən AMEA Yer Elmləri Bölməsi Elmi Şurası sədrinin müavini, Neft və Qaz İnstitutununn baş direktoru akademik Fəxrəddin Qədirov iştirakçıları gündəliklə tanış edib. Gündəliyin təsdiqindən sonra Geologiya və Geofizika İnstitutunun 2022-ci ildəki fəaliyyətinin nəticələri haqqında hesabat üçün söz İnstitutun icraçı direktoru AMEA-nın müxbir üzvü Dadaş Hüseynova verilib.
D.Hüseynov ətraflı hesabat təqdim edərək bildirib ki, Geologiya və Geofizika İnstitutunda 2022-ci ildə elmi-tematik plan üzrə tədqiqatlar 11 mövzunu və 16 elmi-tədqiqat işini əhatə etməklə 5 problem üzrə aparılıb. Belə ki, cari ildə 7 elmi-tədqiqat işi başa çatdırılıb. Fundamental elmi-tədqiqat işləri sırasında AMEA Rəyasət Heyətinin qərarları ilə keçirilərək müsabiqədə dəstək almış 2 elmi-tədqiqat proqramı üzrə aparılmış işlər də sona çatdırılıb. GGİ-nin təşəbbüsü ilə AMEA-nın bir sıra elmi müəssisələrinin – Geologiya və Geofizika, Coğrafiya, Botanika, Zoologiya, Torpaqşünaslıq və Aqrokimya, Tarix institutlarının və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universitetinin alim və mütəxəssislərinin cəlb olunduğu qrup tərəfindən Azərbaycan Respublikasının təbii sərvətlərlə zəngin regionlarından biri olan Qarabağın təbii müxtəlifliyinə həsr edilmiş “Qarabağın təbii ehtiyatları atlası” (miqyas 1:770 000) hazırlanaraq çap edilib. Həmçinin Müdafiə tematikası – “Qarabağ ərazisinin geologiyası və geofiziki sahələri (yeni məlumatlar əsasında)” mövzusu üzrə 3 proqram çərçivəsində aparılmış elmi tədqiqat işlərindən 2-si yerinə yetirilib. Eləcə də başa çatdırılmış “Azərbaycanın paleontoloji Atlası” (akademik Akif Əlizadə) İnstitutun “Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası” (y.e.f.d. Şəfəq Bayramova) şöbəsinin əməkdaşları və Təbiət Tarixi Muzeyinin (b.e.f.d. Tariel Eybatov) mütəxəssislər qrupu tərəfindən yerinə yetirilib.
Hesabat ilində mühüm elmi nəticədən danışan natiq vurğulayıb ki, elmi-tematik plan üzrə yerinə yetirilmiş işlərin əsasında 1 mühüm elmi nəticə alınıb: kompleks mineraloji-geokimyəvi və elektron-mikroskopik tədqiqatlar nəticəsində qara şistlərdə nadir, nadir torpaq və radioaktiv elementlərin rastgəlmə formaları, paylanma qanunauyğunluqları və mənbələrini araşdırmaqla onların axtarışı baxımından Böyük Qafqazın cənub yamacının yüksək perspektivliliyi müəyyən edilib.
AMEA-nın müxbir üzvü Dadaş Hüseynov sonra Beynəlxalq elmi əlaqələr, Beynəlxalq laboratoriyalar, Memorandum və müqavilələr, qrant layihələri çərçivəsində elmi tədqiqatlar, Yeni qrant layihələrinin hazırlanması, təsərrüfat müqaviləsi əsasında görülmüş və Çöl-tədqiqat işlərindən geniş məlumat təqdim edib.
Məruzəçi xəritəçəkmə işləri, Elm və təhsilin inteqrasiyası, kadr hazırlığı, Gənc alim və mütəxəssislər şurası,tədbirlərdə iştirak və elmi nailiyyətlərin təmsil olunması, Web of Science və Scopus beynəlxalq bazalara daxil olan dövri elmi nəşrlərdən, elektron elmin vəziyyətindən. nəşriyyat fəaliyyətindən, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə və geologiya elminin kütləvi təbliği və digər məsələlərin icrasında qazanılmış nailiyyətlərdən geniş məlumat təqdim edib.
Hesabat ətrafında çıxışlar dinlənilib və çoxsaylı suallar cavablandırılıb.
Elmi şuraların birgə iclasında sonra Təbiət Tarixi Muzeyinin 2022-ci ildəki fəaliyyətinin nəticələri haqqında biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Eybatovun hesabat məruzəsi dinlənilib.
T.Eybatov Təbiət Tarixi Muzeyinin əsas fəaliyyət istiqamətləri olan paleontologiya, arxegeologiya, arxezoologiya, ekologiya və morfologiya, paleogenetika, təhsil və maarifçilik və Muzey kolleksiyalarının zənginləşdirilməsi ilə bağlı görülmüş işlər barədə müfəssəl təqdimat nümayiş etdirib.
Məruzə ilə bağlı suallar cavablandırılıb və çıxışlarda hesabatlar yüksək qiymətlə qəbul edilib.
Tədbirin sonunda akademik Akif Əlizadə yekun sözü söyləyib və İnstitutda perspektiv işlər barədə məlumat verib. Baş direktor həmçinin kollektivi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edib, xoş arzularını bildirib.