Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Apr 2011 Diqər xəbərlər Diqər xəbərlər

Muzeyin yaranma tarixi


1920-ci ildə gimnaziya müəllimi E.L.Staneviçin təşəbbüsü ilə bir qrup Bakı müəllimi gələcəkdə muzey, laboratoriya, ekskursiya və s. təşkil etmək məqsədilə diyarşünaslıq-pedaqoji dərnək yaratmaq təşəbbüsündə olur. Həmin ildə yeni yaranan dərnək «Muzey-ekskursiya şö’bəsi» adı altında H.Z.Tağıyevin yaşadığı binaya köçürülür. Burada geoloji, tarixi-arxeoloji və pedaqoji xarakter daşıyan qruplar yaranır. Az sonra 1921-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən tarixi arxeoloji komissiya «Muzey-ekskursiya» şö’bəsi ilə birləşib «Muzey-arxiv» şö’bəsi adlanır və Maarif Nazirliyinin sərəncamına verilir. 1922-ci ildə Dövlət arxivi muzeyin tərkibindən ayrılaraq sərbəst fəaliyyət göstərmək hüququ qazanır. Yeni tə’sis olunan muzeydə üç: bioloji, tarix-etnoqrafiya və numizmatika şö’bələri fəaliyyət göstərir.


1930-cu ildən daha da genişlənərək, Azərbaycan Dövlət Muzeyi 3 sərbəst muzeyə çevrilir. Tarixi-etnoqrafiya şö’bəsi bazasında Azərbaycan SSR Xalqları tarixi, biologiya şöbəsi əsasında Təbiət-tarixi və rəsm qalereyası əsasında isə İncəsənət muzeyləri yarandı.


30-cu illərin sonundan sərbəst fəaliyyətdə olan «Təbiət tarixi muzeyi» Bakı ş., dənizkənarı yaxınlığında, Azərbaycan prospektində indiki Ş.Qurbanov adına Musiqili Komediya teatrı ilə üzbəüz binada məskən salmışdı. Eksponatlar az idi. Əsas e’tibarilə Bakı ziyalılarının, müəllimlərinin və təbiəti sevənlərin hədiyyələrindən ibarət idi.


1937-ci ildə Təbiət tarixi muzeyi SSRİ EA Azərbaycan filialı və 1945-ci ilin martından Azərbaycan EA Geologiya İnstitutunun tərkibinə daxil oldu. 1967-ci ildən Lermontov küç., 3 saylı binanın 1-ci mərtəbəsində yerləşir.


Rəhimbəy Cəfərov 1930-cu ildən Təbiət-Tarixi Muzeyinin müdiri olmuşdur. Bu şərəfli işi Rəhimbəy ömrünün sonuna kimi ləyaqətlə apar mışdır. O, özünün şəxsi vəsaiti hesabına vitrinlər, şkaflar sifariş edir, ingilis, alman və fransız dillərində nəşr olunan xarici kitablar alır, muzeyi yeni eksponatlarla zənginləşdirir.


Rəhimbəy istedadlı gənc kadrlara böyük qayğı ilə yanaşırdı. Onun fəaliyyəti dövründə bir çox gənclər elmi-tədqiqat işlərinə cəlb olunur, dissertasiyalar müdafiə ediblər (D.V.Hacıyev, F.M.Axundov, S.M.Aslanova və b.).


R.C.Cəfərovun rəhbərliyilə Təbiət tarixi muzeyinin elmi əməkdaşları Böyük Vətən müharibəsi illərində respublikada aparılan istehsalat əhəmiyyətli tədqiqatlarda iştirak etmişlər. 1941-ci ildə Geologiya İnstitutunun alimlərilə (V.A.Qorin və b.) birgə Abşeron yarımadasında, İsmayıllı rayonunda yanar şist yataqlarının axtarış və kəşfində fəal iştirak etmişlər.


Bir qrup muzey əməkdaşı 1941-1942-ci illərdə Azərbaycan geoloji idarəsinin geoloqları ilə Dağıstanda xalq təsərrüfatı əhəmiyyətli Qasımkənd fosforit yataqlarını öyrənmişlər.


Təbiət-Tarixi Muzeyinin çoxsahəli fəaliyyətindəki dönüş 50-ci illərin başlanğıcından, yə’ni Azərbaycan EA Geologiya İnstitutunun strukturuna keçməsi ilə əlaqədardır. Paleontoloji tədqiqatlar Binəqədi Qır gölü ilə yanaşı, Eldar düzənliyində, Mingəçevir rayonunda (Bozdağ, Duzdağ), Qarabağda Azıx və Tağlar mağaralarında, Abşeronda, Pirəküşkül kəndi, Xırdalan qəsəbəsi ətrafında geoloji axtarış, elmi-tədqiqat işləri genişlənir.


H.Zərdabi adına Təbiət tarixi muzeyinin qarşısında duran əsas məsələlərdən biri məktəblilərə, tələbələrə, ziyalılara respublikamızın təbii sərvətləri, fauna və florası barədə mə’lumat verməklə yanaşı, onların qorunmasını təşkil etmək və ümumiyyətlə, ekologiya məsələlərinə aid tövsiyyələr verməkdən ibarətdir.