
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
26 Jan 2021
Diqər xəbərlər
GGİ ƏMƏKDAŞLARININ QUŞÇU PALÇIQ VULKANI HAQQINDA YENİ TƏFƏRRÜATLARI
26 yanvar 2021-ci il
AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Bakıdan 95 km qərbdə - Şamaxı rayonunda yerləşən Quşçu palçıq vulkanının son püskürməsilə bağlı hadisə yerinə ezam olunublar. İnstitut əməkdaşlarının topladıqları informasiyaya görə, sözügedən vulkanın püskürməsi güclü uğultu ilə başlamış, tullantı məhsulları 50-60 m yüksəkliyə qalxmışdır. Püskürmənin alovsuz müşahidə edildiyi də bildirilir.
GGİ mütəxəssiləri müəyyənləşdiriblər ki, sayca 16-cı dəfə paroksizmi qeydə alınan vulkanın son yüz il ərzində heç bir aktivliyi müşahidə olunmayan şimal eruptiv mərkəzində təzahür edib. Son dövrlər, o cümlədən 2018 və 2019 cu illərdə ardıcıl ənənəvi püskürməsi qeydə alınan cənub aktiv zona ilə 700 m məsafədə yerləşən yeni aktivləşən sahədə yer səthinə xaric edilən palçıq axınlarının əhatəsi 3 ha ərazini tutur. 0,9 m orta qalınlıqlı yeni brekçiyanın vulkan üzrə ümumi həcmi 27000 m3 hesablanıb. Şöbə əməkdaşlarının tədqiqat nəticələrinə görə, əmələ gəlmiş iki əsas axın dilləri təxminən 100 m-dən bir qədər az ərazini tutur ki, onların istiqamətləri cənub-qərbə və şimal-qərbə yönəlmişdir. Yer səthinə gətirilən brekçiyanın nisbətən qatı olması, palçıq kütləsinin daha böyük ərazilər boyu paylanmasını məhdudlaşdırmış, relyef üzrə mailliyi az olan sahələrdə, o cümlədən vulkanın şərq hissəsində daha böyük qalınlıqla (bəzən 1,5 m-ə çatan) müşahidə olunmasına şərait yaratmışdır. Bununla bağlı, qərb cinahlarda, axın dilləri ərazisində minimal qalınlıqlar (0,4-0,6 m) qeydə alınmışdır. Püskürmə nəticəsində aktivləşən eruptiv mərkəzdən cənuba doğru, daha aktiv hesab olunan, eləcə də son illər ərzində tez-tez püskürən və kəndə yaxın məsafədə yerləşən Quşçunun cənub eruptiv sahəsinə meyilli tektonik çatlar müşahidə olunmuşdur. Dərinliyi və eni çox da böyük olmayan belə çatların yüzlərlə metr davam etməsi izlənilmişdir. Vulkanın şərq hissəsini əhatə edən krater bəndi sahəsində gölməçə formalaşmış və həmin sulu sahədə intensiv qaz qabarcıqları müşahidə olunmuşdur. Ümumilikdə, şərq krater bəndi sahəsindən eruptiv mərkəzə doğru formalaşmış çatlı əmələgəlmələrdən qaz buxarlarının intensiv xaric olunması diqqəti cəlb etmişdir.
Şöbə əməkdaşlarının ilkin nəticələrinə əsasən Azərbaycanın aktiv vulkanlarından hesab edilən Quşçunun sözügedən püskürməsinin baş verməsi ətraf zonalarda artan seysmik aktivliyin rolu ilə bağlı ola bilər. Belə ki, dekabr ayının sonlarından başlayaraq Şamaxı-Qobustan rayonunda müxtəlif amplitudalı seysmik hadisələrin baş verməsi və belə tendensiyanın hələ də davam etməsi vulkanların fəaliyyətinə müsbət təsir göstərir.
Məlumat üçün qeyd edək ki, Quşçunun yeni püskürməsi baş verən eruptiv zonası rayonun bir neçə mülkiyyətçinin təsərrüfat sahəsini əhatə edir. Həmin zonada əkin işləri həyata keçirən mülkiyyətçilər burada aktiv vulkan ocağının yerləşməsi haqqında məlumatlı olmamışlar.
Hazırda şöbə əməkdaşları son ayda müşahidə olunan aktivləşmə ilə yanaşı, püskürmə sahəsindən gətirilən yanar şistli süxurlarının və neftli qumdaşlarının tədqiqini davam etdirirlər.
