Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də AKADEMİK ƏKPƏR FEYZULLAYEVİN 80 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ ŞURANIN TƏNTƏNƏLİ İCLASI KEÇİRİLİB
ETN Geologiya və Geofizika İnstitutunda akademik Əkpər Feyzullayevin 80 illik yubileyi münasibətilə Elmi Şuranın təntənəli iclası keçirilib. Giriş sözü söyləyən GGİ-nin baş direktoru akademik Akif Əlizadə tədbirə təşrif buyurmuş qonaqları salamlayaraq yubilyarın elmi və ictimai fəaliyyəti haqqında danışıb. Bildirib ki, indiki Azəbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmiş akademik Əkpər Feyzullayev heç də asan olmayan tələbəlik, alimlik, geoloq həyatı yaşayıb. Səmərəli fəaliyyətinin nəticəsi olaraq təkcə çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 345-dən çoxdur, 10 fəlsəfə doktoru yetişdirib. Onun 40-dan çox elmi əsəri xarici dillərə tərcümə edilib.
GGİ-nin baş direktoru əlavə edib ki, neft geologiyası istiqamətində elmi kadrların hazırlanmasında Ə.Feyzullayevin fəaliyyəti böyükdür. Həmkarları ilə, ümumiyyətlə, insanlarla xoş rəftarına görə sevilir, hörmətlə qarşılanır. Gənclərə elmi işlərində kömək etməyi, yol göstərməyi özünə borc bilir. İnstitutun Dissertasiya şurasının sədri kimi çox tələbkar olduğu da məlumdur. Fərəhli haldır ki, ömrünün ahıl çağında da elmə, biliyə, dərin təcrübə qazanmağa gedən yolda “yoruldum” demir.
Akif Əlizadə sonra cari Elmi Şurann “Neft-qaz axtarışlarının nəzəri əsasları və texnologiyası: inkişaf tarixi, müasir vəziyyət, problemlər və perspektivlər (Cənubi Xəzər hövzəsinin timsalinda)”mövzusunda çıxış üçün sözü akademik Əkpər Feyzullayevə verib.
Məruzəçi Azərbaycanda neft-qaz axtarışlarının inkişaf tarixi, müasir vəziyyət, problemlər və perspektivlər haqqında müfəssəl danışaraq müasir mərhələdə subyektiv düşüncələrə əsaslanan neft-qaz axtarış-kəşfiyyat işlərini real təhlilini verib. Bildirib ki, Böyük Qafqazın cənub-şərq qurtaracağında üstəgəlmənin altında yatan Miosen çöküntülərində neftin kəşfi üçün nəzəri əsasların nəzərdən keçirilməsi məqsədəuyğundur.
Alim həmçinin neft və qazın axtarışlarının və ehtiyatlarının artırılması üçün əsas hədəfləri, uzun müddət işlənmədə olan yataqlarda layların neftvermə əmsalının (NVƏ) artırılması yollarını göstərib. Həmçinin Azərbaycanda birbaşa qaz-geokimyəvi axtarışlarının səmərəliliyinin kifayət qədər yüksək olduğunu diqqətə çatdırıb. Bu barədə tövsiyə xarakterlli qeydlərini də səsləndirən Ə.Feyzulayev vurğulayıb ki, müsbət proqnoz təxminən 70%, mənfi proqnoz isə təxminən 90%-dir. Müasir mərhələdə KH təzahürlərini (xüsusilə də dənizdə) müəyyən etmək üçün peyk təsvirlərinin səmərəli istifadəsi məqsədəuyğundur.
Ə.Feyzullayevin dərin təhlillərə və dünya alimlərinin elmi nəticələrinə söykənən təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonra alimin yubileyi münasibətilə çıxışlar, təbriklər səslənib. AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Azəbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Tofiq Əhmədov yubilyarla onilliklər əvvəl birgə çalışdıqları dövrdən, yubilyarın insani məziyyətlərindən söz açıblar.
Tədbirdə qonaq qismində iştirak edən alim həmkarları - Arzu Cavadova (SOCAR-ın vitse-prezidenti), Elçin Bağırov (vitse-prezidentin müşaviri), Şahbəddin Musayev (“AzerGold” QSC, müşavir), Qurban Yetirmişli (RSXM-nin baş direktoru), Əhməd Salmanov (SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktor müavini), Fərid Nağıyev (BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin direktoru), Zaur İmrani (Coğrafiya İnstitutunun baş direktoru v.i.e.), Aqil Əhmədov (“Azərkosmos” ASC-nin qrup rəhbəri), Araz Qocayev (yubilyarın tələbəsi, yetirməsi) və başqaları çıxış edərək yubilyar haqqında ürəkaçan faktlar gətiriblər, səmimi təbriklərini səsləndiriblər, xatirə hədiyyələrini təqdim ediblər.
Akademik Akif Əlizadə yerli təşkilatlardan və xarici ölkələrdən yubilyarın ünvanına göndərilmiş təbrik teleqramları ilə iştirakçıları tanış edib.
Sonda yubilyar təntənəli mərasimin təşkili və təbriklər üçün GGİ rəhbərliyinə və həmkarlarına minnətdarlıq edib.