
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də “27 SENTYABR – ANIM GÜNÜ” QEYD EDİLİB
Geologiya və Geofizika İnstitutunda keçirilmiş 27 sentyabr – “Anım Günü”ndə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir GGİ rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutub. “Anım Günü” tədbiri çərçivəsində GGİ əməkdaşları şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edərək, onların torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıq və şücaətə dərin ehtiramlarını bildiriblər.
Həmkarlar İttifaqı Komitəsinin sədri geologiya-mineralogiya elmləri namizədi Kamran Əliyev giriş sözü ilə çıxış edərək Vətən müharibəsinin tarixindən, Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbədən və bu zəfərin əldə olunmasında şəhidlərimizin qəhrəmanlığı barədə düşüncələrini bölüşüb. Bildirilib ki, 2020-ci ilin bu günü Azərbaycan Ordusu Ermənistanın növbəti təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən Vətən müharibəsində tarixi zəfər qazanıb. Prezident İlham Əliyevin 2 dekabr 2020 - ci il tarixli Sərəncamına əsasən, 27 Sentyabr hər il “Anım Günü” kimi qeyd olunur. Bu il ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin beşinci ildönümü kimi xüsusi qeyd edilir.
Daha sonra I Qarabağ müharibəsinin şəhidi Yavər Ələkbərovun övladı, GGİ əməkdaşı Ruhiyyə Hacıyeva çıxışında atasının həyat yolundan danışıb, şəhid ailələrinin qürur hissini bölüşüb. Qonaq qismində dəvət olunmuş Vətən müharibəsi qazisi Kənan Qasımov çıxışında döyüş yolunu, həmçinin gənclərə ünvanladığı vətənpərvərlik mesajlarını diqqətə çatdırıb. Tədbirdə İnstitutun II Qarabağ müharibəsinin veteran əməkdaşları – Şuşa uğrunda döyüşlərdə xüsusi qəhrəmanlıq göstərmiş Turan Mehdi oğlu İmaməlili və Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak etmiş Cəlal Mayıl oğlu Əsgərov söz alaraq keçdikləri çətin döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər.
Tədbirin sonunda 44 günlük müharibə və şəhidlərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.