
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ ALİMİNİN MƏRUZƏLƏRİ BEYNƏLXALQ KONFRANSDA MARAQLA QARŞILANIB
Avstriyanın Vyana şəhərindəki Hofburg Sarayında dünya ölkələrinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Razılaşma (NSHQR, ingilis dilində CTBTO) çərçivəsində “Elm və Texnologiya 2025” adlı beynəlxalq konfrans keçirilib.
Beynəlxalq tədbirdən əsas məqsəd dünya ölkələrinin CTBTO ilə əməkdaşlığını davam etdirmək, Yer elmləri və əlaqəli sahələrdə çalışan alimlər, tədqiqatçılar, eləcə də dövlət və özəl sektor nümayəndələrini bir araya gətirmək, yeni və fərqli elmi araşdırmaların nəticə və fikirlərini müzakirə etmək, həmçinin müasir texnologiyaların Yer elmlərinə davamlı tətbiqini təşviq etmək olub. Tədbirdə 1000-dən çox alim, aparıcı mütəxəssis, tələbə və CTBTO-nun qərarverici orqanlarının nümayəndələri iştirak edib. Bundan əlavə, elmi diplomatiya, elmi məsləhət, media və vəkalət sahələrinin nümayəndələri də konfransa qatılıblar.
Tədbirdə seysmologiyaya, nüvə tədqiqatlarına, iqlim dəyişikliyinə və digər sahələrə aid çıxışlar dinlənilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun “Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev konfransda “The application of artificial intelligence in exploration seismology (Azerbaijan)” – “Kəşfiyyat seysmologiyasında süni intellektin tətbiqi (Azərbaycan)” və “Empirical relationship among seismic and fault parameters on the Talysh dynamic earthquake zone (southern Azerbaijan) - “Talış dinamik zəlzələ zonasında seysmik hadisələr və qırılma parametrləri arasında empirik asılılıqların analizi (Azərbaycanın cənub hissəsi)” adlı mühazirə və məruzələrlə çıxış edib. Aparılan tədqiqatların nəticələri Yaponiyanın, İsveçrənin, İtaliyanın, Afrika ölkələrinin tanınmış alimləri tərəfindən xüsusi maraqla qarşılanıb, mövzunun aktuallığı, elmi baxımdan əhəmiyyətli olduğu vurğulanıb.