Ana Səhifə / Xəbərlər

Xəbərlər

31 Oct 2017 Diqər xəbərlər Diqər xəbərlər

Mikropaleontologiya şöbəsi


Şöbə rəhbəri geologiya-mineralogiya elmləri namizədi Babazadə Aliyə Dadaş qızı

Azərbaycanda paleontoloji-stratiqrafik tədqiqatların əsası keçən əsrin 20-ci illərində - neftli-qazlı pliosen çöküntülərinin stratiqrafiyasının ətraflı işlənilməsi məqsədilə ilk dəfə mikropaleontoloji tədqiqatların aparıldığı dövrdə qoyulmuşdur.

Bu istiqamətin intensiv inkişafı XX əsrin 50-ci illərinə, Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda akademiklər M.M. Əliyevin və Q.Ə. Əlizadənin rəhbərliyi altında paleontologiya və stratiqrafiya şöbəsinin yaradıldığı dövrə təsadüf edir.

Şöbənin tədqiqatlarının əsas elmi istiqamətləri:
 
  • irimiqyaslı geoloji xəritəyəalma üçün stratiqrafik əsasın hazırlanması, Azərbaycanın fanerozoyunun geoxronoloji və geoxronometrik cədvəllərinin detallaşdırılması;
  • stratiqrafiyanın yeni metodlarının: seysmostratiqrafiya, dəniz səviyyəsinin tərəddüdü (enib-qalxması) nəticəsində əmələ gəlmiş laylanmanın stratiqrafiyası (sekvens-stratiqrafiya), hövzə stratiqrafiyası, maqnitostratiqrafiya geokimyəvi stratiqrafiya və iqlim stratiqrafiyasının inkişafı, nadir paleontoloji və stra-tiqrafik obyektlərin aşkar edilməsi və qorunması;
  • paleocoğrafi, paleoiqlim və paleotektonik rekonstruksiyalarda çöküntü hövzələrinin öyrənilməsi və faydalı qazıntıların proqnozlaşdırılmasında yeni prinsiplərin işlənilməsi;
  • üzvi aləmin təkamülünün öyrənilməsi;
  • paleoekologiya və paleozoocoğrafiya;
  • müasir konsepsiyaları nəzərə almaqla Azərbaycanın iri struktur vahidlərinin geodinamik modellərinin yaradılması üçün paleontoloji-stratiqrafik tədqiqatların nəticələrindən istifadə;
  • kəsilişlərin bölgüsü və korrelyasiyası, taksonomiya məsələlərinin həlli üçün riyazi metodların tətbiqi.

Şöbənin mövcud olduğu yarım əsr müddətində onun əməkdaşları tərəfindən Azərbaycanın struktur-fasial zonaları üzrə fanerozoyun regional stratiqrafiki sxemləri hazırlanmış,Azərbaycanın paleofaunasının arxistratiqrafik qrupları (ammonitlər, belemnitlər, foraminiferlər və b.) mərcanlar, dəniz kirpiləri, qarınayaq-lılar və ikitayqabıqlı molyusklar, braxiopodlar, kaynozoyun florası və s. öyrənilmişdir. Respublikanın təbaşir çöküntülərini öyrənən Azərbaycan paleontoloqlarının çoxillik tədqiqatlarının yekunu olan “Azərbaycanın təbaşir faunası” adlı unikal monoqrafik əsər yaradılmışdır. Respublika ərazisinin stratiqrafik öyrənilməsi üzrə böyük faktiki material toplanmış və ikihissəli “Azərbaycanın stratiqrafiyası” (“Azərbaycanın geolo-giyası” çoxcildliliyinin I cildi) çap olunmuşdur.

Azərbaycanın fanerozoyunun paleocoğrafi xəritələri (44 xəritə) atlası tərtib olunmuşdur. Azərbaycanın geoxronoloji sxemi işlənib çap olunmuşdur. Azərbaycanın neft-qazlı komplekslərinin stratiqrafik atlası tərtib olunmuş və nəşr edilmişdir

Paleontoloji tədqiqatlarda nummulit qabıqlarının politomik cədvəli ilə növlər üzrə diaqnostikası və təsnifatının riyazi modelləri geniş tətbiqini tapmışdır.

Mikroelementlər və oksigen izotoplarının faunanın müxtəlif qruplarında paylanması qanuna-uyğunluqları və mühitin bionomik şəraitinin dəqiqləşdirilməsində onların rolu, Azərbaycanın təbaşir və kaynozoy hövzələrinin paleotemperaturları müəyyən edilmişdir.

Şöbənin alimləri aparıcı xarici universitetlər, elmi mərkəzlər və şirkətlərlə müştərək layihələr həyata keçirərək Azərbaycanın neftli-qazlı bölgələrinin və ayrı-ayrı regionlarının stratiqrafiyası və faunasının tədqiqi üzrə beynəlxalq əməkdaşlığı inkişaf etdirirlər.