Namizədlik


Flüidlərin qeyri-bircins laylarda çoxfazalı süzülməsi şəraitində hidrotermodinamiki proseslərin modelləşdirilməsi

Feyzullayev Babək Xasay oğlu

2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı


Neft və qaz yataqlarının layihələndirilməsi və səmərəli işlənilməsi əsasən obyektin, lay və quyuların hidroqaztermodinamik xüsusiyyətləri və süzülmə-tutum parametrləri haqqında dürüst məlumatların mövcudluğundan asılıdır. Məlumdur ki, neft-mədən təcrübəsində layların süzülmə-tutum və digər xüsusiyyətlərinin qiymətləndirilməsində hidroqaztermodinamiki tədqiqat üsullarından istifadə edilir. Bu üsullar geoloji-geofiziki üsullarla birlikdə tətbiq edildikdə daha etibarlı olur və tam informasiyanın alınmasına imkan verir. Bu zaman məhsuldar layın istismarının işlənilmə xüsusiyyətlərinin təyini, quyuların texniki vəziyyətinə nəzarət və s. kimi məsələlərin həllinə imkan yaranır. Bu məsələlərdən ən aktualı - layın istismarının işlənilmə xüsusiyyətlərinin təyinidir. Belə olduqda geofiziki üsullar kompleksində əsas yeri quyu lüləsində təzyiqin, sərfin və temperaturun ölçülməsinə əsaslanan termohidrodinamik tədqiqatlar tutur.

Faza keçidlərini və termodinamik effektləri nəzərə almaqla flüidlərin məsaməli mühitdə hərəkətində istilikkütləötürmə hadisələrinin tədqiqi yalnız termometriya məlumatlarının interpretasiya üsullarının axtarışı mövqeyindən deyil, neft və kondensatla doymuş məsaməlimühitlərdə qeyri-stasionar istilik və kütləötürmə nəzəriyyəsinin inkişafında da elmi və praktiki maraq doğurur.

İşdə neft və qazkondensat yataqlarının işlənilməsi zamanı yaranan temperatur sahəsinin texnoloji göstəricilərə təsirinin qiymətləndirilməsini düzgün əks etdirən bir sıra nəzəri məsələlərin həll alqoritmlərinin yaradılması və müasir kompüter proqramlar paketlərinin hazırlanması yerinə yetirilmişdir.