Namizədlik


CİS texnologiyasından istifadə olunaraq Qobustanın palçıq vulkanlarının morfostruktur tədqiqi (neftqazlılıqla əlaqədar)

Rəşidov Tofiq Mirzağa oğlu

2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı


İşin əsas hissəsi məhsuldar strukturun elmi əsaslandırılmasına və onları  mürəkkənləşdirən palçıq vulkanlarının ölçüləri ilə əlaqəsinə həsr olunub.Təqdim olunmuş araşdırma zamanı Coğrafiya informasiya sistemləri (CİS), 3 ölçülü modelləşdirmə, məsafədən zondlama və kosmik şəkillərin analizləri kimi müasir texnologiyalardan istifadə olunmuşdur. Tədqiqatın məqsədi Qobustanın palçıq vulkanlarının morfostruktur xüsusiyyətlərinin qarşılıqlı əlaqəsinin və CİS texnologiyası vasitəsi ilə neft və qazlı strukturların məhsuldarlığının dərəcəsinin müəyyənləşdirilməsidir.

Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün Cənubi Qobustanda (Böyük Kənizədağ, Torağay, Daşgil, Ayrantökən, Bahar, Daşmərdan, Qoturdağ), həmçinin ona yaxın ərazilərdəki – Bakı arxipelağı (Zənbil, Xəzə-Zirə adaları), Abşeron yarımadasında (Lökbatan), və Aşağı Kür rayonunda (Qalmaz) yerləşən vulkanlarından istifadə olunmuşdur. CİS texnologiyasından (ArcMap proqramı) istifadə olunaraq seçilmiş vulkanların 3D modeli qurulmuşdur, həmçinin palçıq vulkanlarının həcmi hesablanmışdır. Bundan əlavə, qeyd olunmuş vulkanların geoloji profili, həmçinin palçıq vulkanları ilə mürəkkəbləşmiş yataqların struktur xəritələri verilmişdir. Həyata keçirilmiş hesablamaların nəticələrinə əsasən seçilmiş palçıq vulkanların həcmləri iki qrupa bölünür – kiçik və iri. Kiçik vulkanlar qrupuna Zənbil adası, Bahar, Lökbatan, Xərə-Zirə adası, Daşgil daxildir. İri vulkanlar qrupuna isə Qalmaz, Qoturdağ, Torağay, Böyük Kənizədağ, Daşmərdan və Ayrantökən.

Aparılmış analizlər göstərir ki, palçıq vulkanları ilə mürəkkəbləşmiş strukturlar vulkanların neft-qaz təzahürünə və morfostrukturuna görə iki qrupa ayrılır. Beləliklə, kiçik ölçülü palçıq vulkanlarının strukturu neft və qazlıdır. Onlar birinci qrupu təşkil edirlər. Bu sahədə karbohidrogen yataqları ya birbaşa palçıq vulkanları kanallarına bitişik və ya onlara yaxın yerləşirlər.

İkinci qrupu iri vulkanlarla mürəkkəbləşmiş strukturlar təşkil edir. Bu strukturların xüsusiyyəti onların palçıq vulkanları kanallarına yaxın yerləşməməsi və ya neft və qazlılıq konturunun əhəmiyyətli dərəcədə palçıq vulkanları kanallarından uzaqda yerləşməsi, həmçinin karbohidrogen yataqlarının faza tərkibinə görə əsasən qaz və nadir qaz kondensatlarından ibarət olmasıdır.

İri morfostrukturlu palçıq vulkanlarının formalaşması palçıq vulkan sisteminin böyük enerjisinin sərf olunması tələb edir, və bu səbəbdən püskürmə kanalı ətrafındakı dinamik təsir sahəsi kiçik palçıq vulkanlarının formalaşmasına nisbətən bir neçə dəfə yüksək olacaq. Bu o deməkdir ki, erkən formalaşmış yataqların məhvi ehtimalı kiçik formalı vulkanlardan daha çox iri vulkan strukturlarında böyükdür. Başqa sözlə, bu tip strukturlarda karbohidrogenlərin saxlanması son dərəcə əlverişsizdir. Biz besab edirik ki, Cənubi Xəzərdə kəşfiyyat işlərinin perspektiv qiymətləndirilməsi və planaalması zamanı bu morfostruktur meyarları nəzərə almaq lazımdır.