Geologiya


Seysmiklik


© Qədirov F.Ə., Ağayeva S.

 
Azərbaycanın seysmikliyi

Azərbaycan ərazisi Aralıq dənizi hərəkətli qurşağının mərkəzi hissəsi hüdudlarında yerləşir və Ərəbistan və Avrasiya litosfer plitələrinin dinamikası ilə əlaqədar olan yüksək geoloji aktivliklə səciyyələnir. Qurşaq əhatə etdiyi bütün sahə üzrə yüksək seysmikliklə, müasir maqmatik və palçıq vulkanizmi ilə, sürüşmə proseslərinin geniş inkişaf etməsi ilə,  müasir vertikal və horizontal hərəkətlərin təzadlı xüsusiyyəti ilə səciyyələnir. Adı çəkilən proseslərin əksəriyyəti öz əksini Azərbaycan ərazisində tapmışdır, başqa sözlə, həm kiçik sürətli, həm də yüksək sürətli müasir geodinamik proseslər Azərbaycanın ayrı-ayrı geostruktur zonalarının ərazisində geniş yayılmışdır: Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsi, Kür depressiyası, Cənubi-Xəzər çökəkliyi, Talış qırışıqlıq zonası. 
 
 
Azərbaycan ərazisi tarixi dövr ərzində maqnitudası M≥6 olan güclü və fəlakətli zəlzələlər baş vermiş ərazi kimi yüksək seysmik aktivliklə fərqlənir: 1139-cu il Göy-göl, 1668-ci il Şərqi –Qafqaz, 1842-ci il Maştağa, çoxsaylı Şamaxı zəlzələləri (1192,1667, 1669, 1828, 1859, 1868,  1872,1902-ci illər), Xəzər dənizi zəlzələləri (957, 1812, 1842,1852, 1911,1935 , 1961, 1963, 1986, 1989 , 2000-ci illər) və başqaları.
 
 
Azərbaycan ərazisində seysmikliyin öyrənilməsi tarixində iki əsas dövrü ayırmaq olar:
 
 
Birinci tədqiqat dövrü – instrumental tədqiqatlara qədərki dövr, tarixi, qədim ərəb xronikalarında, əlyazmalarında, manuskriptlərdə, salnamələrində, səyyahların yol qeydlərində əks olunan tarixin dərinliklərindəki bütün məlumatları özündə cəmləşdirən tədqiqatlar dövrüdür. 
 
 
İkinci tədqiqat dövrü – instrumental tədqiqatlar dövrü, müasir dövr, 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Azərbaycanda ilk “Şamaxı” seysmik stansiyasının əsasının qoyulması ilə XX əsrin başlanğıcından müasir dövrə qədər baş vermiş zəlzələlər haqqında bütün məlumatı özündə cəmləşdirən tədqiqatlar dövrüdür. 
 
 
Birinci tədqiqat dövrü – instrumental tədqiqatlara qədərki dövr. İnstrumental tədqiqatlara qədərki dövr haqqında geniş məlumat müxtəlif atlas və kataloqlara daxil edilmişdir ki, bunlardan da nisbətən əhəmiyyət daşıyan İ.V.Muşketov və A.P.Orlovun 1893-cü ildə dərc olunan “Rus imperiyası zəlzələlərinin kataloqu”-dur. Qeyd etmək lazımdır ki, Azərbaycanın seysmikliyi barədə XIX əsrin ikinci yarısında işıq üzü görən ilk nəşrlər də hamıya məlum olan 1859, 1861, 1872-ci illərdə Şamaxı şəhərində baş vermiş dağıdıcı zəlzələlərə həsr edilmişdir (Abix, 1862; Çulukidze, 1872). Zəlzələlərin tektonik pozulmalarla əlaqəsi barədə ilk dəfə söylənilən ideyalar bu nəşrlərin aşkar məziyyətləridir. 
 
 
Ayrı-ayrı rayonların seysmikliyini qısa şəkildə səciyyələndirən Azərbaycanın daha əhəmiyyətli zəlzələləri barədə məlumatlar E.İ.Byus tərəfindən onun nəşr olunmuş “Oçerk seysmiçnosti ZSFSR” (Byus, 1930) işində xəritədə əks etdirilmişdir.  
 
 
Azərbaycanın ayrı-ayrı rayonlarının seysmikliyinin tədqiqi üzrə bir sıra orijinal işlər N.V.Malinovskiyə (1935, 1939, 1940) məxsusdur ki, bu işdə Qafqazda bütün hiss olunan zəlzələlər xronoloji ardıcıllıqla təsvir olunmuşdur; əldə olan bütün məlumatların əsasında son yüzillikdə öz aktivliyini göstərən seysmik ocaqlar ayrılmışdır.
1139-1950-ci illər ərzində Azərbaycan ərazisində baş vermiş zəlzələlər E.İ.Byusun “Seysmiçeskie usloviya Zakavkazya” işində öz əksini tapmışdır. Elə burada da 1951-ci ilə qədər olan müşahidələr əsasında Cənubi Qafqazın güclü zəlzələlər baş vermiş sahələri təsvir edilmişdir. Azərbaycan hüdudlarında səkkiz ballıq zonalar kimi – Şamaxı, Gəncə, Abşeron, cənub sərhəd (Ərdəbil), həmçinin, yeddi ballıq zonalar kimi – Zaqatala, Şəki, Şuşa, Saylan, Lənkəran ayrılmışdır. 
 
 
İkinci tədqiqat dövrü – instrumental tədqiqatlar. 1) Azərbaycanın seysmik stansiyaları və istifadə olunan cihazlar. Azrərbaycanda seysmikliyin instrumental tədqiqi keçən yüzilliyin 50-ci illərindən aparılır. İlk zamanlar bu tədqiqatlar fotosistemlərdən istifadə edilməklə analoq cihazlar vasitəsilə aparılırdı. 70-ci illərdə onları Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun Xüsusi konstruktor bürosunda işlənib hazırlanmış Mobil ACC maqnitqeydediciləri əvəz etdi. 
 
 
1996-cı ildən tədqiqatlar Cənubi Afrika istehsalı olan İSS rəqəmli telemetrik sistemləri vasitəsilə aparılırdı. Aktiv tektonik proseslərin öyrənilməsi məqsədi ilə 2003-cü ildə AMEA Geologiya İnstitutunda İnkişaf və Vətəndaş tədqiqatları fondunun köməyi ilə seysmik monitorinq və geodinamik tədqiqatlar mərkəzi yaradılmışdır. Mərkəz özündə 8 rəqəmli mobil stansiyanı cəmləşdirən İSS sisteminin yeni modifikasiyası ilə təchiz edilmişdir. 
 
 
Hal-hazırda Azərbaycan ərazisində baş verən zəlzələlər 14 analoq seysmik stansiya ilə qeyd edilir. 2003-cü ildən ümummilli lider Heydər Əliyevin göstərişinə əsasən seysmikliyin monitorinqi Respublika Seysmoloji Xidmət Mərkəzində RSXM 14 stansiyadan ibarət olan Kinemetriks rəqəmli sistemi vasitəsi ilə aparılır. Məlumatın ötürülməsi real zaman rejimində kosmik əlaqə vasitələrindən istifadə edilməklə həyata keçirilir. 
 
 
1903-cü ildə Nobel qardaşları 1902-ci ildə Şamaxı zəlzələsi ilə bağlı mümkün ola biləcək dağıdıcı zəlzələnin nəticələrinin qarşısını almaq məqsədi ilə “Bakı” stansiyasının əsasını qoydular. Elə həmin ildə də “Balaxanı” stansiyası yaradıldı. Hər iki stansiya Çelner-Repsold horizontal rəqqasları ilə təchiz olundu. 1908-ci ildə Boş rəqqası ilə təchiz olunan yeni “Zurnabad” stansiyasının əsası qoyulur. Ümumiyyətlə, 1902-ci il Şamaxı fəlakətindən sonra Qafqazda 10 seysmik stansiya açıldı ki, bunlardan yeddisi birinci dünya müharibəsinin başlanması ilə öz fəaliyyətlərini dayandırdılar. Azərbaycanda seysmikliyin instrumental tədqiqi dövrünə başlanğıc verən və Boş rəqqasları ilə komplektləşdirilmiş qocaman “Şamaxı” seysmik stansiyası öz fəaliyyətini bircə ikinci dünya müharibəsi zamanı dayandırmışdı. 
 
1948-ci ildə fəlakətli Aşğabad zəlzələsindən sonra hökumətin “SSRİ ərazisində seysmoloji tədqiqatların və zəlzələlərin proqnozunun gücləndirilməsi” qərarı ilə 1949-1951-ci illər ərzində Azərbaycanda Kirnos sisteminin ümumi tipli seysmometrləri ilə təchiz edilmiş “Kirovabad”, “Naxçıvan” və “Lənkəran” seysmik stansiyaları yaradıldı.     
 
 
“Jiloy”, “Mingəçevir”, “Pirqulu” seysmik stansiyaları 1966-1968-ci illərdə, “Şəki” stansiyası isə 1973-cü ildə yaradılmışdı. “Zaqatala” və “Quba” 1979-cu ildə. 80-ci ildə Azərbaycan ərazisində yüksək həssaslıqlı seysmometrlərlə təchiz olunmuş “Lökbatan”, “Sumqayıt”, “İmişli”, “Cəbrayıl”, “Kəlbəcər”, “Cəlilabad” və “Nərdaran” seysmik  stansiyaları yaradılır.  
 
 
Stasionar seysmik stansiyalardan başqa Azərbaycanda müxtəlif dövrlərdə Abşeron və Şəki-Şamaxı proqnostik poliqonlarının ocaq zonalarında güclü və hissolunan təkanlar zamanı yerli seysmikliyin öyrənilməsi və qruntun rəqslərinin qeydiyyatı məqsədi ilə “Dəmirçi” (1982), “Lahıc” (1982), “Şüvəlan” (1983), “Basqal” (1984), “Qalacıq” (1985), “Biləsuvar” (1987) və “Sumqayıt” (1988) müvəqqəti seysmik stansiyaları fəaliyyət göstərirdi.
 
 
Böyük Qafqazın, Abşeron yarımadasının ayrı-ayrı rayonlarında seysmikliyin detal şəkildə tədqiqi məqsədi ilə Jiloy Adasında, Nardaranda, Coratda, Qaraçuxurda, Korgözdə və Bakıda ekspedisiya seysmik stansiyaları yerləşdirilirdi (Koridalin və b., 1953; Kuzneçov, 1956; Kuzneçov və b., 1961; İslamov, 1963). 
 
 
1979-cu ildə Azərbaycan SSR EA Geologiya İnstitutunda təcrübi-metodik geofizika ekspedisiyası TMGE yaradıldıqdan sonra  (1999-cu ildən Respublika Seysmoloji Xidmət Mərkəzi, rəhbər – A.H.Həsənov, 2009-cu ildən – Q.D.Yetirmişli) Azərbaycanın seysmik stansiyalar şəbəkəsi genişləndi və 20-yə çatdı. 
 
 
Stansiyaların sinfindən asılı olaraq bir, iki və ya üç SK, SKM-3, SX, VGQİK, SKD və güclü hərəkətlər üçün - SMTR tipli cihaz komplekti ilə təchiz olunmuşdular. Bu energetik sinifi K9 olan zəlzələləri kəsilmədən qeyd etməyə imkan verir. 
 
 
1978-ci ildən SDKÜ, DDÜ, ZDDÜ, “Çerepaxa” üsulları ilə seysmoaktiv zonaların sistematik tədqiqinə başlanıldı (Şəkinski, İsayev, Kəngərli və b., 1979-1982; Axundov, İsmayıl-zadə, Rəcəbov, Ağamirzəyev və b., 1985).  Zəlzələ ocaqlarının formalaşma şəraitinin aydınlaşdırılması məqsədi ilə seysmoloji tədqiqatların yerinə-yetirilməsi zamanı “Çerepaxa” tipli stansiyaların fəaliyyəti və həmçinin, müxtəlif dövrlərdə Azərbaycan ərazisində müvəqqəti seysmik stansiyaların təşkili məşhur zəlzələlərin minimal energetik sinfinin azalmasına və zəlzələ ocağının parametrlərinin, o cümlədən, mexanizminin təyini dəqiqliyinin artmasına səbəb olmuşdur. 
 
 
Yerin zəif yüksəktezlikli küylərinin öyrənilməsi (Kərimov, 1984) onların zəlzələ öncəsi dəyişmə qanunauyğunluqlarının və həmçinin, zəlzələnin hazırlanması dövründə fasiləsiz olaraq ocağın energetik səviyyəsini artıran avtorəqs sisteminin “Yerin zəif seysmik rəqslərinin ocaq-sahəsi” meydana gəlməsinin təyin edilməsinə imkan verdi. Onların mühitdə paylanması və qarşılıqlı əlaqəsinin qeyri-xətti nəzəriyyəsinin işlənib hazırlanmasında müəyyən addımlar atılmışdır. 
 
 
Həm real, həm də interaktiv rejimdə geniş zolaqlı seysmik yazıların detal və operativ emalı məqsədilə İBM-uyğun kompyuterlər bazasında proqram sistemi işlənib hazırlanmışdır (Həsənov, 1992). İlk dəfə olaraq geniş tezlik zolağında mikroseysmlərin strukturu tədqiq edilmiş və təyin edilmişdir ki, mikroseysm sahəsinin strukturunun formalaşmasında geoloji mühitin rolu ilə müqayisədə mənbəyin rolu üstünlük təşkil edir.  
 
 
Güclü zəlzələlərin makroseysmik tədqiqatları. 50-ci illərdən başlayaraq praktiki olaraq müntəzəm şəkildə Azərbaycan ərazisində hissolunan və güclü zəlzələlərin nəticələrinin makroseysmik yoxlanması həyata keçirilir (Ş.S.Rəhimov, R.A.Ağamirzəyev, A.H.Həsənov, E.K.Gül, R.D.Cəfərov, K.İslamov, V.P.Kuzneçov, S.M.Əliyeva, E.M.Quliyeva, F.T.Quliyev, A.A.Nikonov, V.A.Rastvorova, A.A.Sorskiy). Azərbaycanın makroseysmik sahələrinin səciyyəvi xüsusiyyəti onların qeyri-bərabər paylanması və izoseystlərin oval formalı olmasıdır. Makroseysmik sahələr seysmogen strukturlar boyu dartılmış və əsasən ellips formasına malikdirlər. Ocaqların dərinliyi 5-35 km qiymətləndirmişdir.
 
 
Böyük Qafqazın Azərbaycan hissəsi hüdudlarında yaxşı tədqiq olunmuş zəlzələlərin mühəndisi-geoloji şərtlərin seysmik effektə göstərdiyi təsirlə əlaqədar olaraq, makroseysmik sahələrin izoseystlərinin elliptik formasının pozulması halları da məlumdur (Ağamirzəyev və b., 1983). Böyük Qafqazın Azərbaycan hissəsində bəzi zəlzələlərin makroseysmik sahə anomaliyalarının fəza paylanması müsbət və mənfi anomal zonaları ayırmağa imkan verir. Seçilmiş anomaliyaların Böyük Qafqazın Azərbaycan hissəsinin strukturası ilə müqayisəsi göstərir ki, onların hamısı pozulma dislokasiyaları ilə bağlıdır. Seysmik effektin intensivliyinin kəskin azalması ilə müşayiət olunan makroseysmik sahə anomaliyalarının geoloji təbiətinin öyrənilməsi onların seysmik dalğaların udulması baş verən tektonik qırılma zonaları ilə əlaqəsini təxmin etməyə imkan verdi. Bu hadisənin fiziki mahiyyəti Ş.S.Rəhimov (1966) tərəfindən işlənib hazırlanmış və inandırıcı şəkildə İmişli və Sabirabad zəlzələləri (Quliyev və b., 1969) nümunəsində göstərilmişdir. 
 
 
Zəlzələ kataloqları, bülletenləri. Azərbaycanda seysmikliyin instrumental müşahidələri müxtəlif xüsusi nəşrlərdə öz əksini tapmışdır. Bu nəşrlərdə Qafqazın daha güclü zəlzələləri, o cümlədən, 1902-ci il Şamaxı zəlzələsi haqqında məlumatlar yer tapmışdır.  
 
 
Bu nəşrlərin adları tez-tez dəyişirdi, buna görə də bu nəşrlərin tarixini izləmək kifayət qədər çətindir. Lakin, onlardan bir neçə əhəmiyyət daşıyanlarını qeyd etmək olar: Nobel qardaşları cəmiyyətinin I dərəcəli Seysmik Stansiyasının Həftəlik Bülleteni (1902-ci ildən); Daimi Mərkəzi Seysmik Komissiyanın “Bülletenləri” və “Xəbərləri” (1902-1924-illər, DMSK); Azərbaycanda Hava Bülleteni (1925-ci ildən); Qafqazın Regional Seysmik Stansiyalarının Bülleteni (1933-cü ildən); Azərbaycan SSR-ı ərazisinin geofiziki və geokimyəvi sahələrinin rejimlərinə görə bülliten; Azərbaycan zəlzələlərinin kataloqu, Azərbaycan SSR-ı ərazisinin seysmik proqnozla əlaqəli olan geofiziki və geokimyəvi sahələrinin rejimlərinə görə bülliten, Azərbaycan SSR-ı ərazisində seysmoproqnoztik müşahidələrin kataloqu və başqaları.
Respublika ərazisində əslində ilk müstəqil zəlzələ kataloqu “Azərbaycan SSR-ı zəlzələlərinin kataloqu” N.V.Malinovski tərəfindən hazırlanmışdır (1935). 
 
 
1962-ci ildə “SSRİ zəlzələlərinin atlası” dərc olunmuşdur ki, burada cənubi SSRİ üzrə 911-ci ildən 1957-ci ilə qədər bütün seysmostatistik material və o cümlədən, 1910-1957-ci illər üzrə Azərbaycan ərazisində zəlzələlər barədə instrumental məlumatlar ümumiləşdirilmişdir (Sultanova, Kuzneçov, İslamov, 1962).
 
 
İlkin məlumatların zəruri təkrar baxılması, dəqiqləşdirilməsi və unifikasiyasından sonra (Quliyev, Sultanova, 1977) Azərbaycan zəlzələlərinin yeganə tutuşdurulub yoxlanılması “Ən qədim dövrlərdən 1975-ci ilədək SSRİ ərazisinin güclü zəlzələlərinin yeni kataloqu”-nda öz əksini tapmışdır. Lakin, bu kataloqda da ilkin seysmoloji informasiyaya qarşı daha diqqətlə yanaşma tələb edən ciddi qeyri-dəqiqliklər mövcuddur.  
 
 
İnstrumental məlumatların emal üsulları üzrə məqalələr, o cümlədən, mahiyyətcə zəlzələlərin siyahısından ibarət olan, Azərbaycan zəlzələləri barədə iki kiçik kitab (Sultanova, 1969; 1986) dərc olunmuşdur. Birinci kitab 1139-1965-ci illərdə baş verən hadisələrin təsvirini əhatə edir. İkinci kitaba isə 1966-1982-ci illər ərzində seysmikliyin təzahürləri barədə informasiya daxil edilmişdir. 
 
 
1911-1963-cü illəri əhatə edən dövr ərzində Azərbaycanın seysmikliyinin instrumental məlumatlar əsasında analizi (Rəhimov və b., 1966) göstərdi ki, zəlzələlərin episentrləri təkcə bütün respublika ərazisi üzrə deyil, həmdə, seysmoaktiv zonaların öz hüdudlarında belə qeyri-bərabər paylanmışdır. Böyük Qafqazın cənub-şərq kənarında zəlzələ episentrlərinin böyük sıxlığı ilə Şamaxı, Şəki-Zaqatala, Quba-Xaçmaz episentral zonaları qeyd olunur. 
 
 
Ş.S.Rəhimovun (1966) tədqiqatları içərisində ilk növbədə səthi dalğaların hodoqraflarının kəsilməsi xarakterinin tədqiqi, faza sürətlərinin, yer qabığı qalınlığının təyini, episentrə doğru istiqamətin təyini, həmçinin, yer qabığının makroseysmik məlumatlar əsasında öyrənilməsi, uzaq zəlzələlər haqda olan məlumatlar əsasında mikrorayonlaşdırma üsulunun inkişafı və Azərbaycanın seysmik rayonlaşdırılmasını qeyd etmək lazımdır. 
 
 
Zəlzələ kataloqlarının hazırlanması zamanı zəlzələ ocaqlarının dərinlyi həm makroseysmik məlumatlar, həm də, stansiyalar şəbəkəsinin instrumental məlumatları əsasında təyin olunmuşdur. Məlum regional (Leviçkaya, Lebedeva, 1963), eksperimental (Kuzneçov, 1961; Babazadə, 1984) hodoqraflardan istifadə olunmuş, həmçinin, zaman sahəsi üsulu (Sultanova, 1958) tətbiq edilmişdir. 
 
 
Azərbaycanın seysmikliyinin öyrənilməsində vacib mərhələlərdən biri Y.V.Rizniçenkonun (1973) rəhbərliyi ilə Azərbaycan EA Geologiya İnstitutunun və Az Geofizika ETİ-nun əməkdaşları tərəfindən yerinə-yetirilmiş seysmiklik məsələlərinə toxunan geofiziki materialların ümumiləşdirilməsi olmuşdur. Onlar tərəfindən Şərqi Qafqazda geofiziki sahələr, geoloji məlumatlar və seysmiklik arasında korrelyasiya asılılığı müəyyən edilmişdir (Rizniçenko, 1973). Qafqazın güclü zəlzələləri əsasında makroseysmik sahələrin parametrləri və ocaq dərinliklərinin təyini ilə instrumental və makroseysmik məlumatların tam ümumiləşdirilməsi SSRİ ərazisinin güclü zəlzələlərinin yeni kataloqunda (1977) verilmişdir. 
 
 
SSRİ EA Yer Fizikası İnstitutu tərəfindən dərc olunan SSRİ həmçinin, Qafqaz zəlzələlərinin illik məcmuələri fundamental əhəmiyyət kəsb edirdi.
 
 
İlk dövrdə, Qafqaz zəlzələləri üzrə instrumental və makroseysmik məlumatlar əks etdirilən 1955-1961-ci illərdə SSRİ EA-nın Xəbərlərində dərc olunan məqalələr, 1964-cü ildən 1989-cu ilə qədər “SSRİ-də zəlzələlər” (1992-ci ildən indiyədək Şimali Avrasiya Zəlzələləri) və “Qafqazın seysmik Bülleteni” kimi illik məcmuələr olmuşdur. Azərbaycan ərazisi üzrə materialların hazırlanmasında A.H.Həsənov, E.B.Ağalarova, R.R. Abdullayeva və başqaları iştirak edirdilər. 
 
 
Seysmikliyin kəmiyyət qiymətləndirilməsi. Azərbaycan ərazisi üçün seysmik aktivlik xəritələri Böyük Qafqazın (Ağamirzəyev, 1987), Xəzər dənizi regionunun (Pənahi, 1998), Xəzəryanı-Quba sahəsinin (İsayeva, 1974),  müxtəlif müşahidə intervalları üçün və həmçinin, müxtəlif geofiziki parametrlərin çoxölçülü korrelyasiyası məqsədi ilə (Rizniçenko və b., 1973) qurulurdu. Seysmik aktivliyin ikinci törəməsinin öyrənilməsi əsasında uzunmüddətli proqnozun qiymətləndirilməsi üçün illik seysmik aktivlik xəritələrinin müqayisəsi və analizi OMQG-də (Həsənov və b.) həyata keçirilirdi. Bu xəritələrin analizi həmçinin göstərdi ki, onlar üzərində aşkar edilən seysmoaktiv sahələr nisbətən uzunperiodlu yüksək orta uzunmüddətli aktivliyə malik olan müşahidələr üçün qurulmuş xəritələr üzərində aşkar edilən seysmoaktiv sahələrlə əlaqədardır. 
 
 
Kmax xəritələri müxtəlif zaman intervalları üçün maksimal mümkün ola bilən zəlzələlərin kəmiyyət baxımından ifadə edilməsi üçün qurulurdu. Onların qurulması zamanı Kmax və episentri əhatə edən sahənin ona uyğun olan seysmik aktivliyinin A orta qiyməti arasındakı asılılıqdan istifadə edirdilər. Azərbaycan ərazisi və Xəzər dənizinin ona bitişik hissəsi üçün bu asılılıq aşağıdakı şəkildədir: A=2.74+0.22(Kmax-15).
 
 
Kmax xəritəsi Geologiya İnstitutunda (Quliyev və b., 1974) A, g, R barədə olan məlumatların və müşahidə periodlarının (1951-1970, 1931-1970-ci illər) nəzərə alınması ilə tərtib olunmuşdur. 
 
 
Zəlzələlərin təkrarlanma qrafikləri və onların meyilliyi əsasən, Azərbaycanın böyük geostruktur elementləri üçün qurulur və hesablanırdı (Əhmədbəyli Quliyev, 1980, Ağamirzəyev, Pənahi, Ağayeva, 1985, 2000).  Zəlzələlərin təkrarlanma qrafiklərinin meyl bucaqlarını g: Böyük Qafqaz üçün -0.48, Kiçik Qafqaz – 0.43, Kür dağarası çökəkliyi, Böyük Qafqazın cənub-şərqi gömülmə hissəsi (Qobustan, Abşeron sahəsi), Talış və dağönü çökəkliyi – 0.38. Aşağı dərəcəli geostrukturlar – Azərbaycanın palçıq vulkanlarının inkişaf sahələri üçün müəyyən edilmişdir ki, (Pənahi, 1998),  zəlzələlərin təkrarlanma qrafiklərinin meyl bucaqları bu sahələr üzrə  - (0.47-0.69) hüdudunda dəyişir, a və b əmsalları isə uyğun olaraq (0.025-0.9) və -(0.84-1.24) hüdudunda dəyişir.
 
 
Şamaxı və Abşeron ocaqlarından yaxın zəlzələlər zamanı qruntun rəqslərinin dinamik və spektral xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş iş Azərbaycanın müxtəlif obyektlərinin mikroseysmik rayonlaşdırılması məqsədləri üçün mühüm əhəmiyyət kəsb edirdi (E.M.Quliyev, 1970).
 
 
Yer qabığının gərginlik vəziyyəti. Zəlzələlərin mexanizminin hesablanması və analizi əsasında yerinə-yetirilmiş Azərbaycanın böyük geostrukturlarının gərginlik vəziyyətinin detal tədqiqinin (E.B.Ağalarova, 1975) nəticələri əsas geostrukturların uzanma istiqamətinə perpendikulyar olaraq horizontal müstəvi üzrə gərginlik oxları ilə fəaliyyətdə olan sıxılma sahələrini (Böyük və Kiçik Qafqaz) və biroxlu nisbi dartılma (gərilmə) sahələrini (Qafqazönü ön çökəklik, Aşağı-Kür çökəkliyi) ayırmağa imkan verdi. Həmçinin, dərinlik qırılmaları olan ocaqlarda yaxın pozulma müstəvilərindən birinin uzanma istiqamətinin uyğunluğu müəyyən edilmişdir.
 
 
Sonrakı illərdə, Azərbaycanın güclü və zəif zəlzələlərinin ocaq mexanizmlərinin tədqiqi əsasında Cənub-Şərqi Qafqazın cənub yamacının elastik gərginlik sahələri öyrənilirdi (S.T.Ağayeva, 1999). Güclü zəlzələlər barədə olan məlumatlar əsasında ocaq sahəsində fəaliyyət göstərən və zəlzələ zamanı özünü biruzə verən əsas gərginliklərin istiqaməti müəyyən olunmuşdur. Azərbaycanın regionları üçün – Böyük Qafqaz, Kiçik Qafqaz, Talış üçün müəyyən olunmuşdur ki, regional gərginlik sahəsi zaman üzrə dayanıqlıdır və ümumqafqaz istiqamətində əsas geoloji strukturların uzanmasına perpendikulyar olaraq submeridional istiqamətə malik olan horizontala yaxın sıxılma sahəsidir. Pozulma üzrə hərəkət ən çox özünü üstəgəlmə-əks fay şəklində biruzə verir. 
 
 
Xəzər dənizi və Kür depressiyası əraziləri üçün regional gərginlik sahəsi submeridional istiqamətə malik horizontala yaxın sıxılma sahəsidir. Pozulma üzrə hərəkət ən çox özünü fay və horizontal yerdəyişmə şəklində biruzə verir (Ağayeva, 2010). 
 
 
Azərbaycanın seysmik rayonlaşdırılması. XX əsrin 70-ci illəri təkcə seysmikliyin tədqiqinin genişləndirilməsi ilə deyil, həm də öyrənilən məsələlər dairəsinin müxtəlifliliyi ilə səciyyələnirdi. 
 
 
Səthi dalğaların təbiəti və xarakteri öyrənilir, seysmik proseslər modelləşdirilir, detal seysmik rayonlaşdırma və mikrorayonlaşdırma üzrə tədqiqatlar aparılırdı (Rəhimov, 1966; Cəfərov, 1969, 1970; Quliyev, 1968, Kuzneçov, 1964, 1970 və b.).  
 
 
Azərbaycanın seysmik rayonlaşdırılması SSRİ-nın seysmik rayonlaşdırma xəritələrinin tərtib olunması zamanı dəfələrlə aparılmışdır və hal-hazırki dövrə qədər Azərbaycan ərazisinin seysmik rayonlaşdırılmasının müxtəlif variantları dərc olunmuşdur. İlk xəritə 1926-cı ildə tərtib olunmuşdur ki, bu xəritə sxematik xarakter daşıyır və çox az informasiya əsasında qurulmuşdu. 
 
 
1947-ci ildə Q.P.Qorşkov tərəfindən seysmik rayonlaşdırma xəritəsi qurulmuşdu ki, bu xəritədə Azərbaycan hüdudlarında Şamaxı sahəsi IX bal titrəyiş intensivliyi ilə seçilirdi, Böyük Qafqazın ox zonası Mərəzədən qərbə doğru Qəbələyədək zəlzələlərin mümkün ola biləcək intensivliyinin VIII ballıq zonası kimi ayrılmışdı. 
 
 
Cənub və şimal yamaclar, həmçinin, Kiçik Qafqazın Azərbaycan hissəsi hüdudlarında intensivlik VII balla, Talış və Naxçıvan MR-da VII-VIII balla qiymətləndirilmiş, Kür çökəkliyinin uzunsürən əyilmə sahələri isə zəif seysmiklikli sahəyə (VI bal) aid edilmişdir. 
 
 
Azərbaycan ərazisi üçün Azərbaycanın seysmoloqları və geoloq-tektonistləri tərəfindən – F.T.Quliyev, Ş.S.Rəhimov, F.S.Əhmədbəyli, Z.Z.Sultanova, E.Ş.Şıxəlibəyli və b.  seysmik rayonlaşdırma xəritələri tərtib olunmuşdur (1957, 1963, 1965, 1968, 1980, 1989-cu illər).
 
 
Azərbaycanın son seysmik rayonlaşdırılma xəritəsi 1989-cu ildə tərtib olunmuşdur. Azərbaycan ərazisinin seysmik rayonlaşdırılma xəritəsinin əsasına SRƏ-89 miqyas 1:2500000 (Əhmədbəyli, Həsənov, Pənahi və b., 1989) genetik iki mərhələli prinsip daxil edilmişdirki, buna uyğun olaraq real və potensial ocaq zonaları ayrılmış, sonra isə gözlənilən seysmik effekt hesablanmışdır. Xəritə baş vermə ehtimalı müxtəlif olan, iki dərəcəli VIII və IX bal intensivliklə səciyyələnir. Respublika ərazisi üçün seysmikliyin fon qiyməti VIII bal qəbul edilmişdir. Bununla da, ilk dəfə Azərbaycanın seysmik rayonlaşdırılma xəritəsində gözlənilən intensivliyi IX bal olan zonalar ayrılmışdır. Böyük Qafqaz və Kiçik Qafqazın əhəmiyyətli hissəsi, Naxçıvan və Qusar-Dəvəçi kənar çökəkliyinin dar sahilboyu zolağı 9 ballıq, bütün qalan ərazi isə (Kür depressiyası, Talış, Abşeron) 8 ballıq zona kimi qiymətləndirildi.
 
 
SR-89 xəritəsi və keçmiş SSRİ-nın bütün seysmoaktiv sahələri üçün qurulmuş analoji xəritələr 1988-ci ildə Spitak zəlzələsindən sonra tezləşdirilmiş şəkildə tərtib olunmuşduki, buda tez bir şəkildə aparılan ümumiləşdirmənin keyfiyyətində təsir qoymaya bilməzdi. Müəlliflər özləri tərtib olunmuş SR-89 xəritəsinin çatışmazlıqlarını qeyd edirlər. “Xəritə demək olarki, seysmik məlumatların tektonik strukturların xüsusiyyətləri ilə korrelyasiyası aparılmadan tərtib olunmuşdur; Azərbaycan ərazisində yalnız 8 və 9 ballıq zonaların ayrılması zəlzələlər və çoxsaylı tədqiqatların nəticələri barədə olan statistik məlumatlar ilə açıq-aydın uzlaşmır. Daha əvvəllər tərtib olunmuş xəritələrdə (1968 və 1980-cı illər) 7, 8, 9 ballıq sahələr ayrılmışdı (onlardan ən çox 7 ballıq sahələr idi)”.
 
 
Seysmik mikrorayonlaşdırma. Azərbaycanın bəzi şəhərləri üçün hesablamalar aparılmış və seysmik mikrorayonlaşdırma xəritələri tərtib olunmuşdur: Bakı, Sumqayıt, Əli-Bayramlı, Şamaxı, Sabirabad, Salyan və b. (V.P.Kuzneçov, F.T.Quliyev, S.M.Əliyeva, E.M.Quliyeva və b.)
 
 
Seysmik mikrorayonlaşdırma respublikanın daha məsul tikililəri üçün də həyata keçirilirdi: SSRİ-nın Müdafiyə Nazirliyi, ümumittifaq əhəmiyyətli kurort zonaları əraziləri, televiziya qüllələri, AES-nın tikilişi üçün perspektivli olan sahələr, Kür çayında suqovşağlarının kaskadları (Yenikənd, Şamxor), Tovuzçay, Şamxorçay, Alcıqançay, Qudyalçay, Bazarçay, Yeni Bakı İEM, Azərbaycan DRES, Bakının ayrı-ayrı rayonları və b. obyektlər. 
 
 
Bu işlərdə R.A.Ağamirzəyev, B.M.Pənahi, S.T.Ağayeva, R. İmanova və b. iştirak etmişlər. 
 
 
İlk dəfə Xəzər dənizi ərazisi və onun platforma seqmentidə daxil olmaqla, dəniz dərinsu qurğularının tikilişində akvatoriya dibinin ayrı-ayrı sahələrinin qrunt seysmorayonlaşdırılması üçün ilkin balı təyin etməyə imkan verən seysmotektonik rayonlaşdırmasının proqnoz xəritəsi 1:1000000 miqyasında olmaqla Geologiya İnstitutunda (B.M.Pənahi, 1988) tərtib olunmuşdur. 
 
 
A.T.İsmayıl-Zadənin (1996) zəlzələlərin miqrasiyasının tədqiqinə həsr olunmuş tədqiqatları regional geodinamika və kəmiyyət modelləşdirilməsi probleminə yeni yanaşmalar əsasında çöküntü hövzələrinin formalaşması və təkamülünə aparan fiziki və geoloji proseslərin şərhində öz əksini tapmışdır.
 
 
Zəlzələ proqnozunun seysmogeofiziki və geofiziki kriteriyalarının aşkar edilməsi məqsədi ilə seysmikliyin geofiziki və geokimyəvi sahələrdə özünü biruzə verməsi xarakterinin detal tədqiqi (Hacıyev, Həsənov, Cəfərov, Qədirov, Nəbiyev, Rzayev, Tağıyev, Kərəmov və b.).
 
 
Zəlzələ proqnozunun əsas aspektlərindən biri olan sosial-psixoloji aspektin tədqiqinə digərləri ilə müqayisədə bu yaxınlarda başlanılmışdır. 80-ci illərin başlanğıcına qədər bu istiqamətdə praktiki olaraq nəşrlər olmamışdır. İlk dəfə Rusiyada və SSRİ-da gözlənilən zəlzələ barədə əhalinin xəbərdar edilməsi məqsədi ilə bu aspekt (Daşkənd, Qazlı, Alma-Ata şəhər sakinlərinin sosioloji sorğusu) 1981-ci ildə tədqiq olunmuşdur (Axundova, 1985). Ümumilikdə, müəllif tərəfindən zəlzələ proqnozu probleminin inkişaf tarixinin ümumi təsviri yaradılmış, proqnoz üzrə tədqiqat proqramlarının təşkili tarixi işıqlandırılmış, zəlzələlərin əsas xəbərvericilərinin tarixi-elmi analizi aparılmışdır. 
 
 
Seysmik təhlükənin qiymətləndirilməsi. 1999-cu ildə dünya seysmoloji cəmiyyəti tərəfindən qlobal seysmik təhlükə xəritəsinin (Global Seismic Hazard Assessment Program - GSHAP) yaradılması anından başlayaraq, Azərbaycanda geodinamika və seysmik şəbəkənin genişləndirilməsi sahəsində tədqiqatlar aparılmışdır. Bu işlər 25 noyabr 2000-ci ildə M=6.4 maqnituda ilə Bakıdan 60 km cənub-şərqdə - Xəzər dənizində baş vermiş zəlzələdən sonra daha intensiv şəkildə genişləndirilmişdir. 
 
 
1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu ABŞ Massaçusets Texnologiyalar İnstitutu ilə birgə Azərbaycanın GPS şəbəkəsi yaradıldı və horizontal hərəkət sürətlərinin paylanması haqqında məlumatlar əldə olundu ki, bu məlumatlar da seysmik təhlükənin proqnozunun yaradılması üçün vacib baza təşkil edən fiziki informasiyanı daşıyırlar. 
 
 
Azərbaycanın Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən 2001-ci ildə 14 rəqəmli “Kinemetrics” seysmik stansiyalardan ibarət yeni seysmik şəbəkə yaradılmışdır.
 
 
Azərbaycan ərazisi üçün aktiv qırılmaların və seysmik təhlükənin öyrənilmə vəziyyətinin analizi göstərdi ki, aktiv qırılmaların və seysmik təhlükənin elektron geoinformasiya xəritələri bugünə kimi tərtib edilməmişdir və həmçinin, seysmiklik və geodinamiki rejim barədə yeni informasiyadan istifadə edilməmişdir.