Geologiya


Hidrogeologiya

 
© İsrafilov Y.H.
 
Azərbaycanın yeraltı suları

 
Azərbaycan Respublikasının ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz dağlıq qırışıq zonaları və Kür-Araz ovalığı hüdudlarında hidrogeoloji rayonlaşmaya görə məsaməli-çatlı, məsamə-laylı və çat sulardan ibarət 18 hidrogeoloji hövzəyə ayrılır.
 
 
Dağlıq zonaların yeraltı suları daşkömür dövründən dördüncü dövr yaşlı çöküntülərə aid edilir. Onlar əsasən aşınma və tektonik pozulma zonaları ilə əlaqədardırlar.


Pazlaşma nəticəsində az dərinlikli sirkulyasiyalı sulu təbəqədən səthə çıxan bulaqlar adətən enən olub, dərə və yarğanların yamaclarında onların sərfi 5-10 l/s-yə qədərdir. Böyük sərfə malik (60-100 l/s qədər) olan bulaqlar isə karstlaşmış əhəng daşı sahələri ilə əlaqədardır. Dağlıq zonada daha çox təsərrüfat əhəmiyyətinə malik olan yeraltı sular, çay yatağı və məcranı təşkil edən allüvial çöküntülərdə təmərküzləşib. Məcraaltı suların ən çox sərfi 40-60 min m3/sutkadır.
 
 
Şirin su yataqlarının əksəri respublika çaylarının gətirmə konusları sayəsində formalaşan dağətəyi düzənliklərdə yerləşir. Dağlıq vilayətdən böyük həcmdə çıxarılam kontinental mənşəli kütlə müəyyən qanunauyğunluqla dağətəyi ərazidə toplanır. Gətirmə konuslarının başlanğıc hissəsinin şaquli kəsilişində gillicəli-gilli çöküntülər praktiki olaraq müşahidə olunmasa da, konusun orta hissəsində onlar artıq müşahidə olunur və axın istiqamətində artaraq konusun periferiyasında və kənarlara doğru kəsilişin təxminən 70-90%-ni təşkil edirlər. Gətirmə konuslarının yeraltı axın istiqamətində olan kəsilişlərinin quruluşu “daraqvari” adlanır. Bele quruluş qrunt və təzyiqli su horizontlarının formalaşmasında əhəmiyyətli rol oynayır. Gətirmə konusunun orta hissəsində yerləşən gillicəli-gilli laylar vahid (bütöv olan) yeraltı axını qrunt və adətən 3-4 təzyiqli sulu horizontlara ayırır. Kontinental mənşəli materialların yeraltı axının eninə kəsilişində xaotik paylanması sulu horizontların və onları ayıran zəif su keçirən layların bütövlüyünü pozur və horizontlar arasında çoxsaylı “litoloji pəncərələr” əmələ gətirir. Bele halda bütün su horizontları arasında sıx hidravlik əlaqələr əmələ gəlir.
 
 
Dağətəyi düzənliklərin şirin və az şorluqlu (3,0 q/l) yeraltı su yataqlarının istismar ehtiyatları A1, B1, C1 və C2 kateqoriyaları üzrə təsdiq edilmişdir. Respublikamızda şirin və az şorluqlu yeraltı su yataqlarının bütün kateqoriyalar üzrə istismar ehtiyatları 14068,44 min m3/sutkadır.
 
 
Azərbaycan ərazisi yeraltı mineral sularla zəngindir. Təxminən 1000-dən artıq mineral su çıxışları qeydə alınıb. Bunların böyük əksəriyyətini təbii bulaqlar təşkil edir. Müxtəlif dərinliklərdə yerləşən mineral sular həm də qazma quyuları ilə səthə çıxarılır.
 
 
Çoxsaylı bulaq və qazma quyuları ilə səthə çıxan termal sular əsasən mezo-kaynozoy çöküntülərinin sulu komplekslərinə aid edilir. Dağlıq zona sahəsindəki mineral və termal sular isə tektonik yarıqlar üzrə təzahür edir. Onlar dağlıq rayonların çatlı sistemlərində, dərin tektonik yarıqlarda və qırışıq dağ sistemlərində formalaşaraq müxtəlif yaşlı çatlı və çatlı-damarlı süxurlara aid edilir.
 
 
Bu suların fiziki parametləri və qaz tərkibi onların müalicəvi xüsusiyyətlərini, müalicə-içməli su və istilik enerji mənbəyi kimi sənaye və sanitar-kurort sahəsində imkanlarını müəyyənləşdirir. Respublikada karbonqazlı, yodlu-bromlu, hidrogensulu, radonlu, dəmirli, arsenli, silisiumlu müalicə və süfrə mineral suları mövcuddur.


Azərbaycanda sənaye sularına tərkibindəki yod, bor və bromun miqdarı sənayeyə lazımı qatılıqda olan yeraltı sular aid edilir. Bele sular əsasən Abşeronda Muğan-Salyan düzənliyində, Neftçala və Salyan rayonları ərazisində yayılmışlar. Qazma quyuları ilə 2500-3000 m dərinliklərdə minerallaşma dərəcəsi 10-203 q/l olan yeraltı sular aşkarlanmışdır. Onlardakı yodun miqdarı 30-46 mq/l, brom isə 225-345 mq/l-dir.