Geologiya


Faydalı qazıntılar

 
 © H.V. Mustafayev


Azərbaycan ərazisinin cox hissəsi tektono-maqmatik inkişafın alp tsiklinin maqmatik kompleksləri və çökmə süxurları ilə təmsil olunmuşdur və alp qırışıqlıq sisteminin Aralıq dənizi vilayətinə daxildir.
 
 
Baykal tsiklinin kristallik şistlərdən, fillitlərdən, mərmərlərdən və digər metomorfik süxurlardan, həmçinin qranitoidlərdən ibarət olan, kristallik fundamenti təşkil edən ən qədim yaşlı süxurları Kiçik Qafqazın müxtəlif strukturlarında kiçik “pəncərələr” kimi təzahül edir. Çıxışlarının məhdudluğu onların metallogenik əhəmiyyətinin düzgün proqnozlaşdırılmasına imkan vermir.
 
 
Herstin tsikli üçün bütün struktur mərtəbələrdə və yaş intervallarında çökmə süxurların üstünlüyü səciyyəvidir. Maqmatik süxurlar qalınlığı 0,5-3,0 m olan layvarı diabaz intruziyaları ilə təmsil olunmuşlar. Bu çöküntülər içərisində stratiform tipli qurğuşun-sink yatağı yerləşir, lakin herstin tsikli çöküntülərinin məhdud miqyasda yayılması ilə əlaqədar olaraq onların endogen filiz yataqları üçün potensial ehtiyatları tam qiymətləndirilməmişdir.
 
 
Metal və qeyri-metal yataqlarının genetik tiplərinin ən çox təzahür edən müxtəlifliyi tektono-maqmatik inkişafın alp tsikli üçün səciyyəvidir.
 
 
Azərbaycanın ərazisi Böyük və Kiçik Qafqaz regionlarına və onları bir-birindən ayıran dağarası Kür çökəkliyinə, Talış qırışıqlıq strukturuna, Naxçıvan zonasına və Qusar-Dəvəçi kənar çökəyinə bölünür. Böyük Qafqaz Azərbaycan ərazisində şimal sərhədi Baş Qafqaz dağ silsiləsi üzrə keçən cənub yamacı ilə təmsil olunur. Böyük Qafqazın cənub yamacında ümumi qalınlığı müxtəlif müəlliflərə görə 6-10 km olan çökmə süxurlar üstünlük təşkil edir. Maqmatik süxurlar Böyük Qafqazın dayka qurşağını əmələ gətirən qabbro-diabazların, qabbro-dioritlərin, dioritlərin layvarı intruziyalarından, daykalarından, kiçik ştoklarından və əsasi, orta və az miqdarda turş tərkibli vulkanitlərdən ibarətdir. Metallogenik baxımdan bu region mis-pirrotin və kolçedan-polimetal yataqlarının geniş yayılması ilə xarakterizə olunur. Filizçay, Katsdağ, Katex, Cicix-Saqator və b. yataqlar kompleks tərkibli filiz cisimləri ilə təmsil olunaraq, filizlərin texnoloji emalı prosesində əsas filiz əmələ gətirən elementlərlə birlikdə çıxarılmasının mümkünlüyü baxımından diqqəti cəlb edən miqdarda qarışıq komponentlər (Ag, Au, Co, Bi, Cd, İn, Se, Te və b.) saxlayırlar.
 
 
Yataqların zəngin ehtiyatları bu regionu müstəqil metallogenik əyalətə və gələcək metallurgiya sənayesinin etibarlı mineral-xammal bazasına çevirmişdir.
 
 
Kiçik Qafqaz geodinamik şəraitlərin müxtəlifliyi ilə səciyyələnir. Onun şimal-şərqm hissəsi mezozoyda təməli Zaqafqaziya aralıq massivinin Baykal bünövrəsi üzərinə qoyulmuş adalar qövsünün inkişaf rejimi ilə səciyyələnir. Burada, Böyük Qafqazdan fərqli olaraq, maqmatik süxurlar üstünlük təşkil edir. İntensiv maqmatizm Kiçik Qafqazın  hüdudları daxilində dördüncü düvrədək təzahür etmişdir. Maqmatik süxurlar müxtəlif petrokimyəvi və petroqrafik tiplərə bölünür. Buna uyğun olaraq maqmatizmlə əlaqədar formalaşan yataqların genetik tipləri də daha çox müxtəlifdir. Belə ki, Böyük Qafqazın cənub yamacında kolçedan formasiyasının qurğuşun, sink və mis yataqları əmələ gəlmiş, Kiçik Qafqazda isə bunlardan əlavə həm də başqa kolçedan, skarn, hidrotermal, vulkanogen-çökmə və digər genetik tipli dəmir, qızıl, molibden, kobalt, alunit yataqları, həmçinin seolit, bentonit və b. qeyri-filiz faydalı qazıntıların yataqları da formalaşmışdır.
 
 
Böyük və Kişik Qafqazı bir-birindən ayıran dağarası Kür çökəkliyinin əsasən şərq hissəsi Xəzərin şelf zonasının lap içərilərinə qədər izlənilən iri neft və qaz yataqlarının olması ilə xarakterizə edilir. Lakin çökəkliyin qalın çökmə çexolu metal yataqlarının axtarışı baxımından hələ ki tədqiq olunmamışdır. Kiçik Qafqaz adalar qövsündən cənub-qərbdə ofiolit zonası uzanır. Metallogenik baxımdan bu zona dunitlərlə əlaqədar olan çoxsaylı xromit filizi təzahürlərinin, həmçinin civə və qızıl yataqlarının olması ilə səciyyələnir. Tədqiqatçıların, xüsusilə qızıl filizi yataqlarıda, metalların mənbəyi haqqındakı fikirləri bir-birindən kəskin sürətdə fərqlənir. Kiçik Qafqazın ofiolit kompleksinin inkişaf tapdığı riftogen zonası cənub-qərbdə Önqafqaz aralıq massivi ilə cənubdan onun üzərinə sürüşərək gələn İran plitəsinin kolliziya zonası ilə əvəz olunur. Paleozoy fundamenti üzərində paleogen-neogen çöküntülərindən təşkil olunmuş, ehtiyatlı milyard tonlarla olan nəhəng daş duz yataqlarının mövcudluğu ilə seçilən Naxçıvan çökəkliyi yatır.
 
 
Təbaşir-paleogen yaşlı çökmə, vulkanogen-çökmə süxurların və nadir hallarda rast gələn maqmatitlərin yayıldığı Talış strukturunda yataqlar aşkar olunmamışdır. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə alunit yatağı – Zəylik Daşkəsən rayonunda yerləşir. Alunitdən alüminium oksidi almaq üçün Leninqradın (hazırkı Sankt-Peterburqun) keçmiş Ümumittifaq alüminium-maqnezium institutunda alunit filizlərin kompleks emalı üçün texnoloji sxem işlənib-hazırlanmış, Kirovabad (hazırkı Gəncə) Sumqayıt alüminium zavodları tikilmişdir.
 
 
Daşkəsən yatağının dəmir filizi cisimləri 50 ilə yaxındır ki, istismar olunur və qalıq ehtiyatlar təxminən 90 ilə çatar (Zamanov, 1998). Böyük Qafqazın Balakən-Zaqatala rayonlarıdakı əlvan metalların (qurğuşun, sink, mis) mövcud xammal bazası əsasında respublikada daha bir metallurgiya mərkəzinin təşkil olunması barədə dəfələrlə məsələ qaldırılmışdır. Azərbaycanın bir sıra qızıl filizi yataqlarının istismarı üçün xarici firma ilə uzunmüddətli kontrakt bağlanmışdır. Sodanın və s. istehsalı üçün demək olar ki, bütün Avropanın tələbatını ödəyə biləcək, milyard tonlarla ehtiyata malik olan daş duz və yüksək keyfiyyətli əhəngdaşları haqqında məlumatlar mətbuata və yarımrəsmi dairələrdə dəfələrlə qeyd olunmuşdur. Respublikada dünya bazarına çıxarıla bilən yüksək keyfiyyətli seolit və bentonit yataqları vardır. 
 
 
Azərbaycan ərazisinin geologiyasının yüksək dərəcədə öyrənilməsi nəinki region üçün ənənəvi olan məlum metal yataqlarının ehtiyatlarının genişləndirilməsinə, həm də yeni genetik tipli filiz obyektlərinin və yeni metal yataqlarının perspektivliyi araşdırmaga imkan verir. Bu sıraya gümüş və stronsium obyektləri ilə yanaşı açılma perspektivliyi yüksək olan yeni genetik tipli volfram filizləşməsi də aiddir ki, onların da tapılması Azərbaycanın mineral-xammal bazasını mühüm dərəcədə genişləndirəcək.